Məhkəmə qərarları › İş №2(007)-824/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-824/2023

06.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-824/2023 06.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi , Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılıması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılıması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaç tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 17 dekabr 2009-cu il tarixində nikaha daxil olmuş, birgə nikahdan 05 mart 2010-cu təvəllüdlü X2 doğulmuşdur. Nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1488/2013 saylı, 19 dekabr 2013-cü il tarixli qətnaməsi ilə pozulmuş və X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmuşdur.Nizami Rayon Məhkəməsinin 2(007)-2555/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulacaq alimentin məbləği artırılaraq hər ay 160 (yüz altmış) manat, və müalicəsi ilə bağlı əlavə xərclərə görə hər ay 50 (əlli) manat sabit pul məbləği müəyyən edilmişdir.Buna baxmayaraq cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti tam olaraq ödəməmiş və bu səbəbdən borcları yığılmişdır.Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün maddi və mənəvi ehtiyaclarını iddiaçı özü ödəyir.Böyüdükcə uşağın ehtiyacı və tələbatı artsa da cavabdeh heç bir diqqət və qayğı göstərməmişdir. "Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında"Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.Hal-hazırda işsizliyi və uşağın tələbatlarına ödəmək üçün ən azı aylıq 500 manat tələb olunduğundan o, aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinin tələblərini rəhbər tutaraq iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddianı qismən qəbul etdi və izahat verərək göstərdi ki, o yenidən ailə qurub, hazırki nikahdan üç uşağı var və eyni zamanda özü də 3-cü qrup əlilliyi olduğundan hər ay 150 manat məbləğində pensiya alır. İşə qəbul olunmaq üçün sağlamlıq haqqında arayış tələb olunduğundan və hal-hazırda həmin arayışı təqdim edə bilmədiyindən işsizdir.Bunlara baxmayaraq pensiya kartını iddiaçıya təqdim etməyə razı olduğunu bildirdi. Ona görə də, xahiş etdi ki, iddia qismən təmin olunsun. Məhkəmə cavabdehin izahatını dinləyib iddia tələbini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia alimentin artırılması hissəsində qismən təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2555/2013 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019 cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılmasına dair iddiası qismən təmin olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmış,birgə nikadan doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. "Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan doğulmuş və İddiaçı himayəsində qalmış uşağın mənafeyini, eləcə də Cavabdeh əvvəlki qətnamə ilə müəyyən olunmuş borcunu ödəyə bilməməsini,3-cü qrup əlil olmasını, hazırki nikahda üç uşağının olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon məhkəməsinin 2(007)-2555/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilməli, 05 mart 2010-cu təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (007)-2555/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği dəyişdirilsin. 05 mart 2010-cu təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 200 manat aliment tutulsun. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar