Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-853/2022 14.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 383,52 (üç yüz səksən üç manat əlli iki qəpik) manat ziyanın və ödənilmiş 30,00 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 12.10.2020-ci il tarixində idarə etdiyi “Mersedez Bens 1846” yük markalı, 49 BG124 dövlət qeydiyyat nişanlı avtomaşınla Zərdab rayonunun Gəlmə kəndi ərazisində hərəkətdə olarkən manevretmə qaydasını pozaraq yolun sağ kənarı ilə hava xətti ilə gedən TPP 30x2 markalı kabeli qırmış, nəticədə rabitənin boşdayanmasından və rabitə kabelinin bərpası üçün istifadə edilmiş mal-material sərfiyyatından “Aztelekom'’ MMC-yə (bundan sonra Cəmiyyət) 733,52 manat məbləğində maddi ziyan vurmuşdur. Rabitə kabelinin 12.10.2020-ci il tarixində qırılması ilə əlaqədar Zərdab TKQ-nin işçiləri tərəfindən akt tərtib olunmuşdur. Faktla bağlı Zərdab Rayon Polis şöbəsi tərəfindən araşdırma aparılaraq Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən TP3991006 nömrəli Protokol tərtib edilmiş və o, inzibati məsuliyyətə cəlb edilərək 40 manat cərimə edilmişdir. Cavabdeh X1 idarə etdiyi avtomobil “Xalq Sığorta" ASC-də icbari sığorta növü üzrə sığortalanmışdır. Baş vermiş hadisə nəticəsində Cəmiyyətə vurulmuş ziyandan sığorta şirkəti tərəfindən 02.06.2021-ci il tarixində 350 manat Cəmiyyətin hesabına ödənilmiş, 383,52 manat ödənilməmiş qalmışdır. Cavabdeh ziyanın qalan hissəsinin ödənilməsi xahiş edilmiş, 26.07.2021-ci il tarixində onun ünvanına zərərin könüllü ödənilməsi barədə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən bu günə kimi ziyanın qalan hissəsi ödənilməmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini, üzərinə düşəni etdiyini, polisə izahat verdiyini, sığortanı çağırdığını, sığortanın ödənişi etdiyini bildirdi. O, əlavə olaraq qeyd etdi ki, komunukasiya xətləri düzgün çəkilməmiş, çox aşağıdan çəkilmişdir. Komunukasiya xətlərinin müəyyən normativi var, orada xətlər normaya uyğun çəkilməmişdir. O, orada sadəcə xəttlərə zərər vermiş, başqa bir yerə zərər verməmişdir. Həmin yerdə guya dirək olmuş və zərər görmüşdür, amma orada heç bir dirək olmamışdır. Onun heç bir günahı yoxdur, orada xətlər aşağıdan çəkilmişdir və maşın da hündür olduğu üçün belə bir vəziyyət yaranmışdır. Xətlərin aşağılıq olmasına dair heç bir işarə yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, Cavabdeh “Mersedez Bens 1846” yük markalı, 49 BG124 dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək səahiyyəti həvalə edilmiş, etibarnamə 8 il 9 ay 8 gün müddətinə verilmişdir və 31.10.2028-ci il tarixədək qüvvədədir. - Rabitə xətt və avadanlıqlarına zərər vurulması barədə 12.10.2020-ci il tarixli Aktdan görünür ki, 12.10.2020-ci il tarixində Zərdab rayonunun Gəlmə kəndi ərazisində Cavabdeh “Mersedez Bens 1846” yük markalı, 49 BG124 dövlət qeydiyyat nişanlı avtomaşın vasitəsilə TPP 30*2 kabelini ehtiyatsızlıq nəticəsində qırmışdır. - 23.10.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda hər hansı cinayət hadisəsi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh idarə etdiyi avtomobillə hərəkətdə olarkən manevretmə qaydalarını pozduğundan barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə TP ******* nömrəli prortokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edildiyindən onun barəsində tərtib olunmuş həmin protokol nəzərə alınmaqla inzibati xəta haqqında işlər üzrə icraatın açılmamsı nəzərə alınması, Cavabdeh tərəfindən İddiaçı MMC-nin Zərdab TKQ-nin rəhbərliyinə mülki qaydada rayon məhəkməsinə müraciət etmək hüququnun olması qərara alınmışdır. 05.11.2020-ci il tarixli Zərdab rayonunun Gəlmə kəndi istiqamətində olan TPP 30x2x0,4 haya rabitə kabelinin bərpası üçün Lokal smetadan görünür ki, rabitə kabelinin bərpası üçün istifadə edilmiş mal-material sərfiyyatından “Aztelekom'’ MMC tərəfindən 733,52 manat məbləğində xərc çəkilmişdir. - 02.06.2021-ci il tarixli Azərpoçt MMC 1 saylı filialının kredit bildirişindən görünür ki, PXA87389 saylı Sığorta aktına əsasən "xxxx" ASC tərəfindən 350 manat ödənilmişdir. - 06.07.2021-ci il tarixli pretenziyadan görünür ki, 383,52 manat məbləğində dəymiş zərərin qalığının 7 iş günü ərzində İddiaçı MMC-yə ödəməkləri tələb olunmuş, əks təqdirdə borcun məcburi qaydada ödənilməsi üçün məhkəmədə iddia qaldırılacağı bildirilmişdir. - TP ******* nömrəli prortokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutmuş inzibati xətanı törətdiyindən barəsində 40 manat cərimə olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 12.10.2020-ci il tarixində idarə etdiyi “Mersedez Bens 1846” yük markalı, 49 BG124 dövlət qeydiyyat nişanlı avtomaşınla Zərdab rayonunu, Gəlmə kəndi ərazisində hərəkətdə olarkən manevretmə qaydasını pozaraq yolun sağ kənarı ilə hava xətti ilə gedən TPP 30x2 markalı kabeli qırmış, nəticədə rabitənin boşdayanmasından və rabitə kabelinin bərpası üçün istifadə edilmiş mal-material sərfiyyatından “Aztelekom'’ MMC-yə 733,52 manat məbləğində maddi ziyan vurmuşdur. Rabitə kabelinin 12.10.2020-ci il tarixində qırılması ilə əlaqədar Zərdab TKQ-nin işçiləri tərəfindən akt tərtib olunmuşdur. Faktla bağlı Zərdab Rayon Polis şöbəsi tərəfindən araşdırma aparılaraq Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən TP3991006 nömrəli Protokol tərtib edilmiş və o, inzibati məsuliyyətə cəlb edilərək 40 manat cərimə edilmişdir. Cavabdeh idarə etdiyi avtomobil “Xalq Sığorta" ASC-də icbari sığorta növü üzrə sığortalanmışdır. Baş vermiş hadisə nəticəsində İddiaçı MMC-yə vurulmuş ziyandan sığorta şirkəti tərəfindən 02.06.2021-ci il tarixində 350 manat İddiaçı MMC hesabına ödənilmiş, 383,52 manat ödənilməmiş qalmışdır. 26.07.2021-ci il tarixində Cavabdeh ünvanına zərərin könüllü ödənilməsi barədə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən bu günə kimi ziyanın qalan hissəsi ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun: 35.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında telekommunikasiya şəbəkələri, vasitələri və qurğularının mühafizəsinə dövlət tərəfindən hüquqi təminat verilir. 35.3-cü maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyana görə 383,52 manat və ödənilmiş 30.00 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 383,52 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-853/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-853/2022
14.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver