Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-89/2025 10.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Kiçik Müəssisəsinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı1, onun vəkili və nümayəndəsi Vəkil1, İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Kiçik Müəssisəsinə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı “pul” tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 118000 manat məbləğində vəsait İddiaçı1 və X1 118000 manat məbləğində vəsait İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehin əsl cavabdehlə əvəz olunması barədə ərizə verərək cavabdeh X2 "xxxx" Kiçik Müəssisəsi ilə əvəz edilməsini xahiş etmişlər.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 və İddiaçı2 ilə birlikdə, 2001-ci ildə "xxxx" KM-nin direktoru X2 təklifi və razılığı ilə həmin müəssisəyə Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli, 209 saylı sərəncamı ilə Babək prospekti 2210-cu məhəllə ünvanında akkumulyator zavodu inşa etmək məqsədi ilə ayrılmış 4,2 hektar torpaq sahəsinin bir hissəsində, yəni 30 sot ərazidə daş sexinin tikilməsi barədə razılığa gəlmişlər və bu məqsədlə aralarında xx.xx.2001-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, yuxarıda qeyd olunan ərazidə iddiaçılar tərəfindən daş emalı istehsalat sahəsi tikilməli, həmin tikilinin kommunikasiya işləri aparılmalı və lazımi avadanlıqlarla təmin edilməli idi. Daş emalı istehsalat sahəsinin fəaliyyəti nəticəsində gəlir hər üç tərəf arasında bölünməli və inşa edilən bina və qurğular gələcəkdə özəlləşmə zamanı hər üç şəxsin ümumi mülkiyyətinə çevrilməli idi. Qeyd olunan müqavilədən sonra iddiaçılar tərəfindən həmin daş sexi tikilmiş və uzun müddət ərzində fəaliyyətdə olmuşdur. Həmin müddət ərzində müvafiq olaraq "xxxx" KM-nin direktoru Müzəffər Fərzəliyev müvafiq gəlir əldə etmişdir. Daha sonra fəaliyyət göstərdikləri ərazi 2017-ci ildə “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində Xətai Rayon İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 209 saylı, xx.xx.1995-ci il tarixli sərəncamı əsasında "xxxx" KM-nə ayrılmış torpaq sahəsinin bir hissəsində inşa edilmiş ümumi sahəsi 710 kv.m olan qeyri-yaşayış sahəsinin söküntüsünə görə Müzəffər Fərzəliyevə Bakı Şəhər Xətai Rayon İcra Hakimiyyəti tərəfindən 355000 manat məbləğində kompensasiya ödənilmişdir. Hesab edir ki, verilmiş kompensasiya hər üç tərəf arasında bölünməlidir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 209 saylı, xx.xx.1995-ci il tarixli sərəncamı əsasında "xxxx" KM-nə ayrılmış torpaq sahəsinin bir hissəsində inşa edilmiş ümumi sahəsi 710 kv.m olan qeyri-yaşayış sahəsini daş sexi kimi fəaliyyət göstərməsi üçün İddiaçı1 və İddiaçı2 hesabına inşa edilmiş və 20 il müddətində bütün xərclər iddiaçılar tərəfindən ödənilmişdir. Qeyd olunan fakt onunla təsdiq olunur ki, xx.xx.2000-ci il tarixdə "xxxx" KM-nin direktoru tərəfindən müraciət məktubu göndərilmiş və həmin müraciətdə "xxxx" KM-nin hər hansı tikinti aparılmasına vəsaiti olmamağı əks edilmişdir. Bundan başqa, tərəflər arasında xx.xx.2001-ci il tarixdə bağlanmış müqavilədə tikinti kimin tərəfindən aparıldığı və vəsaiti kimlər tərəfindən qoyulduğu aydın görünür. Vəsaitin alınması barədə tərəflərindən cavabdehə pretenziya məktubu göndərilmiş, lakin hər hansı cavab alınmamışdır.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddia tələbinin təmin olunmasını xahiş etdilər.
5. Məhkəmə iclasında iştirak edən İddiaçı1 vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi.
6. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh X5 bildirmişdir ki, iddianı qəbul etmir. İmzalar onun deyil, ona görə iddianın rədd olunmasını xahiş etmişdir.
7. Cavabdeh "xxxx" Kiçik Müəssisəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
9. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
10. 23.02.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, məhkəməyə müraicət etmək üçün İddiaçı2 408 manat dövlət rüsumu ödəmişdir.
11. AA seriyalı 225395 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 Qubadlı rayon köçkünüdür.
12. İddiaçı1, İddiaçı2 və "xxxx" Kiçik Müəssisəsi arasında bağlanmış 10 sentyabr 2001-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" Kiçik Müəssisəsi ona məxsus Babək prospekti 2210 məhəllədə yerləşən torpaq sahəsinin 30 sotluq hissəsində daş emalı istehsalat sahəsi tikilməsini fiziki şəxslərlə birlikdə aparır. "xxxx" Kiçik Müəssisəsi tikintini və kommunikasiya işlərini fiziki şəxslərin vəsaiti hesabına aparır. "xxxx" Kiçik Müəssisəsinin istehsalat avadanlıqlarını fiziki şəxslər təmin edir. "xxxx" Kiçik Müəssisəsinin müqavilədə göstərilən torpaq sahəsi hissəsində qurulan istehsalatdan gələn gəlir "xxxx" Kiçik Müəssisəsi və fiziki şəxslər arasında bərabər bölünür. (33.3% hər biri üçün). Müqavilədə göstərilən hissədə qurulan bina və qurğular gələcəkdə özəlləşmə zamanı hər üç şəxsin ümumi mülkiyyəti olur. Gələcəkdə hər üç şəxsdən hər hansı biri müəyyən səbəblər üzündən öz fəaliyyətini dayandırdıqda ümumi razılıq və qiymətləndirmə əsasında ona düşən 33.3% payın haqqı ödənilir. Müqavilədə göstərilən istehsalatda işlərin təşkili və aparılmasını fiziki şəxslər öz öhdəsinə götürür.
13. "xxxx" Kiçik Müəssisəsinin direktoru X2 İddiaçı1 ünvanladığı müraciətə cavabdan görünür ki, "xxxx" Kiçik Müəssisəsinə ayrılmış torpaq sahəsində tikinti aparmağa vəsaiti çatmadığından sizin cizgidə göstərdiyi hissəsində tikinti aparmağa və ya həmin əraziyə yeni sərəncam almağına etiraz etmir və gələcəkdə həmin 0.378 ha əraziyə heç bir iddia qaldırmayacaqdır.
14. Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının Aparatının İddiaçı1 ünvanladığı 17 aprel 2023-cü il tarixli məktubun surətindən görünür ki, Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinə daxil olmuş ərizəsinə baxılmışdır. Müraciətində qaldırdığı məsələ ilə əlaqədar bildirirlər ki, "Bakı Ağ Şəhər" layihəsi çərçivəsində qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 209 saylı, xx.xx.1995-ci il tarixli sərəncamı əsasında "xxxx" KM-nə ayrılmış torpaq sahəsinin bir hissəsində inşa edilmiş ümumi sahəsi 710 kv.m olan qeyri-yaşayış sahəsi 213000 manat dəyərində hesablanaraq, həmin müəssisənin direktoru X4 ilə razılaşma aktı imzalanmış və hesablanmış kompensasiya məbləği vəsait açılacağı təqdirdə şirkət rəhbərliyinin hesabına köçürüləcəyi bildirilmişdir. Lakin sonradan vətəndaş M.M.Fərzəliyev ödəniləcək vəsaitlə razılaşmayaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və uzun məhkəmə çəkişməsindən sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli, 2-1(102)-1536/2020 saylı qərarına əsasən Babək prospekti, 2210 ünvanında yerləşən “Qartal" KM-nin direktoru vətəndaş Müzəffər Fərzəliyevə 355000 (üç yüz əlli beş min) manat kompensasiyanın ödənilməsi öhdəliyi Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Məlumat üçün bildirirlər ki, yuxarıda qeyd edilən məhkəmə qərarında nəzərdə tutulmuş məqsəd üçün ayrılacaq vəsait Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən “Qartal" KM-nin direktoru Müzəffər Fərzəliyevin hesabına köçürülmüşdür.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli, 2-1(102)-1536/2020 saylı qərarının surətindən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1652/19 saylı, 05 avqust 2019-cu il tarixli qərarı ilə (hakim-R.Kərimli) iddia qismən təmin edilmiş, iddiaçı "xxxx" KM-nə məxsus olmuş Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2210-cu məhəllədə yerləşən 710 kv.m ölçüdə qeyriyaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 852000 manat məbləğində kompensasiyanın cavabdeh Bakı Şəhəri Xətai RİH-dən iddiaçı "xxxx" KM-in xeyrinə tutulması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-89/2020 saylı, 25 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər K.N.Abiyeva (sədrlik edən və məruzəçi), M.N.Tağızadə və Ü.A.Mayılov) cavabdeh Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 avqust 2019-cu il tarixli qərarı yoxlanılan hissədə qismən-cavabdeh Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətindən iddiaçı "xxxx" Kiçik Müəssisəsinin xeyrinə 497.000 (dörd yüz doxsan yeddi min) manatın tutulması hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməməmiş, qərar yoxlanılan, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-89/2020 saylı 25 fevral 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli, 2-1(102)-1536/2020 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-89/2020 saylı 25 fevral 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1652/19 saylı, 17 may 2023-cü il tarixli qərardadı ilə İddiaçı1 və İddiaçı2 3-cü şəxs qismində cəlb edilməsi barədə ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2734/2023 saylı 20 sentyabr 2023-cü il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1652/19 saylı, 17 may 2023-cü il tarixli qərardadı qüvvədə saxlanılmışdır.
18. İddiaçı1 tərəfindən X3 ünvanladığı 16 mart 2023-cü il və 22 may 2023-cü il tarixli pretenziyalardan görünür ki, dövlət tərəfindən ödənilmiş 355000 manat kompensasiyanın onlara qaytarılması tələb edilmişdir.
19. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, xx.xx.2001-ci il tarixli müqavilədə olan möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. xx.xx.2000-ci il tarixli “müraciətə cavab” adlı sənəddə olan möhür əksinin təsviri şırnaklı çap qurğusunda çap edilmişdir. xx.xx.2001-ci il tarixli müqavilədə olan möhür əksi və xx.xx.2000-ci il tarixli “müraciətə cavab” adlı sənəddə olan möhür əksinin təsviri öz aralarında eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş mülki işin 38-ci vərəqəsində olan “müqavilə”dəki möhürün və 39-cu vərəqəsində “müraciətə cavab” adlı sənəddə olan möhürün rəngləyiciləri kimyəvi tərkibinə görə fərqlənirlər.
20. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, təqdim edilmiş mülki işin 39-cu vərəqəsində olan “müraciətə cavab” adlı sənəddə “imza” qrafasında əks olunmuş imza və “tarix”: qrafasında əks olunmuş “xx.xx.2000” rəqəmləri X5 tərəfindən icra olunmuş imzanın və rəqəmlərin əksidir. Mülki işin 66-cı vərəqində xx.xx.2000-ci il tarixli “müraciətə cavab” adlı sənəddə “"xxxx" Kiçik Müəssisəsinin direktoru Fərzəliyev M.M” qrafası qarşısındakı imza X5 tərəfindən icra olunmuşdur. Təqdim edilmiş xx.xx.2000-ci il tarixli “müraciətə cavab” adlı sənədin üzərində olan imza və “xx.xx.2000” rəqəmlər şırnaqlı printerdə çap edilmişdir.
İşin faktiki halları:
21. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı1, İddiaçı2 və "xxxx" Kiçik Müəssisəsi arasında bağlanmış 10 sentyabr 2001-ci il tarixli müqaviləyə əsasən "xxxx" Kiçik Müəssisəsi ona məxsus Babək prospekti 2210 məhəllədə yerləşən torpaq sahəsinin 30 sotluq hissəsində daş emalı istehsalat sahəsi tikilməsini fiziki şəxslər İddiaçı1 və İddiaçı2 ilə birlikdə aparmışdır. "xxxx" Kiçik Müəssisəsi tikintini və kommunikasiya işlərini fiziki şəxslərin vəsaiti hesabına aparmışdır. "xxxx" Kiçik Müəssisəsinin istehsalat avadanlıqlarını fiziki şəxslər İddiaçı1 və İddiaçı2 təmin etmişlər. "xxxx" Kiçik Müəssisəsinin müqavilədə göstərilən torpaq sahəsi hissəsində qurulan istehsalatdan gələn gəlir "xxxx" Kiçik Müəssisəsi ilə İddiaçı1 və İddiaçı2 arasında bərabər (33.3% hər biri üçün) bölünməli idi. "Bakı Ağ Şəhər" layihəsi çərçivəsində qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 209 saylı, xx.xx.1995-ci il tarixli sərəncamı əsasında "xxxx" KM-nə ayrılmış torpaq sahəsinin bir hissəsində inşa edilmiş ümumi sahəsi 710 kv.m olan qeyri-yaşayış sahəsinə 355000 manat pul Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən “Qartal" KMnin direktoru Müzəffər Fərzəliyevin hesabına köçürülmüşdür. Hazırda iddiaçılar cavabdeh "xxxx" Kiçik Müəssisəsindən 118000 manat məbləğində vəsait İddiaçı1, 118000 manat məbləğində vəsait İddiaçı2 ödənilməsini xahiş edirlər.
Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
23. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərar:
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı:
Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
Məhkəmənin mövqeyi:
25. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir.
26. Belə ki, İddiaçı1, İddiaçı2 və "xxxx" Kiçik Müəssisəsi arasında 10 sentyabr 2001ci il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" Kiçik Müəssisəsi ona məxsus Babək prospekti 2210 məhəllədə yerləşən torpaq sahəsinin 30 sotluq hissəsində daş emalı istehsalat sahəsi tikilməsini fiziki şəxslər İddiaçı1 və İddiaçı2 ilə birlikdə aparılması, "xxxx" Kiçik Müəssisəsi tikintini və kommunikasiya işlərini fiziki şəxslərin vəsaiti hesabına aparılması, "xxxx" Kiçik Müəssisəsinin istehsalat avadanlıqlarını fiziki şəxslərin təmin etməsi, "xxxx" Kiçik Müəssisəsinin müqavilədə göstərilən torpaq sahəsi hissəsində qurulan istehsalatdan gələn gəlir "xxxx" Kiçik Müəssisəsi və fiziki şəxslər arasında bərabər (33.3% hər biri üçün) bölünməsi barədə tərəflər razılığa gəlmişlər. Həmin daş emalı istehsalat sahəsi tikilmiş və istifadəyə verilmişdir. Daş emalı istehsalat sahəsi uzun müddət fəaliyyət göstərmişdir. Həmin daş emalı istehsalat sahəsi 2017-ci il tarixdə “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində Xətai Rayon İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 209 saylı, xx.xx.1995-ci il tarixli sərəncamı əsasında "xxxx" KM-nə ayrılmış torpaq sahəsinin bir hissəsində inşa edilmiş ümumi sahəsi 710 kv.m olan qeyri-yaşayış sahəsinin söküntüsünə görə "xxxx" Kiçik Müəssisəsinin direktoru Müzəffər Fərzəliyevə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən 355000 manat məbləğində kompensasiya ödənilmişdir.
27. Göründüyü kimi cavabdeh tərəfindən 10 sentyabr 2001-ci il tarixli müqavilənin şərtinə əməl edilməmişdir. Belə ki, müqavilənin şərtindən irəli gələrək müəssisənin hesabına köçürülən pul vəsaiti müqavilə tərəfləri arasında bərabər (33.3% hər biri üçün) bölünməli idi.
28. "xxxx" Kiçik Müəssisəsinin direktoru Müzəffər Fərzəliyev məhkəmə iclaslarında imzanın ona məxsus olmadığını bildirmişdir. Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli rəylərindən görünür ki, “müraciətə cavab” adlı sənəddə “imza” qrafasında əks olunmuş imza və “tarix”: qrafasında əks olunmuş “xx.xx.2000” rəqəmləri X5 tərəfindən icra olunmuş imzanın və rəqəmlərin əksidir. Mülki işin 66-cı vərəqində xx.xx.2000-ci il tarixli “müraciətə cavab” adlı sənəddə “"xxxx" Kiçik Müəssisəsinin direktoru Fərzəliyev M.M” qrafası qarşısındakı imza X5 tərəfindən icra olunmuşdur.
29. Beləliklə, məhkəmə "xxxx" Kiçik Müəssisəsinin direktoru X2 imzanın onun olmasını inkar etməsini tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin icra olunmasından yayınma kimi qəbul edir.
30. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" Kiçik Müəssisəsindən 118000 manat məbləğində vəsait İddiaçı1 və 118000 manat məbləğində vəsait İddiaçı2 ödənilməlidir.
Məhkəmə baxışının hədləri:
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
Məhkəmə xərcləri:
32. Məhkəmə hesab edir ki, ödənilmiş 408 manat dövlət rüsumu İddiaçı2 aid edilməlidir.
Nəticə:
33. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" Kiçik Müəssisəsindən 118000 manat məbləğində vəsait İddiaçı1 və 118000 manat məbləğində vəsait İddiaçı2 ödənilməlidir.
34. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddia təmin edilsin. Cavabdeh "xxxx" Kiçik Müəssisəsindən 118000 manat məbləğində vəsait İddiaçı1 və 118000 manat məbləğində vəsait İddiaçı2 ödənilməlsin. Məhkəmə xərcləri İddiaçı2 aid edilsin. Məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 326 manat "xxxx" Kiçik Müəssisəsindən tutularaq X6, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova