Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-892/2024 17.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 1200 manat və Cavabdeh2 1200 manat vəsaitin, 121 manat vəkilə və 41 manat dövlət rüsumu üçün ödədiyi pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə Qara Qarayev prospektində yaşadığı mənzilin qonşuluğundakı rəfiqəsi vasitəsi ilə bir il qabaq tanış olmuşdur. Cavabdeh1 ondan əvvəlcə 1000 manat pul almış və heç bir problemsiz hissəhissə ödəmişdir. xx.xx.2022-ci ildə təkrarən 1200 manat pul borc alaraq pulu tam şəkildə qaytaracağına söz vermiş, yenidən bu puldan davamlı 3 ay hər ay üçün 120 manat ödəniş etmişdir. O, bu pulları faizə borc verən tanışından alıb ona verirdi. Cavabdeh1 yenidən ondan pul borc istəyəndə ona borcları qaytarmadan pul verməyəcəklərini bildirmişdir. Bu zaman o, ikinci cavabdehi gətirmişdir ki, bu dəfə də videoçəkilişlə onun adına pulu alıb versin. O da xx.xx.2022-ci il tarixdə ikinci Cavabdeh2 1200 manat pul vermişdir. Hər iki cavabdehin adına götürülən pulu Cavabdeh1 ödəyirdi. 3 ay ödənişdən sonra zənglərinə cavab verməmişlər. Başqa nömrələrlə zəng edəndə tanımadığı üçün zəngləri açırdı və gələcəyini, danışacaqlarını demiş, ancaq gəlməmişdir. Cavabdehlərlə bacara bilmədiyi üçün xx.xx.2023-cü il tarixdə 16-cı polis bölməsinə şikayət etmiş, mübahisənin başqa həlli mövcud olmadığına görə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda, o, peşəkar hüquqi yardım almaq məqsədi ilə Bakı şəhəri 9 saylı Vəkil Burosunun vəkili Vəkillə müqavilə bağlayaraq ona 121 manat ödəniş etmiş və məhkəməyə müraciət etmək üçün 41 manat dövlət rüsumu ödəmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı yazılı qaydada ərizə verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixində keçirilən məhkəmə iclasında onunla Cavabdeh1 arasında “pul” tələbinə dair məhkəmə mübahisəsi üzrə Cavabdeh1 ona ayda 100 manat olmaqla ümumilikdə 2000 manat borc vəsaitinin hissə-hissə ödənilməsinə dair razılığa gəlinmişdir. O, Cavabdeh1 tərəfindən 2000 manat vəsaitin hər ay 100 manat olmaqla ödənilməsinə narazılıq etmir. Borc vəsaiti vaxtlı-vaxtında razılaşdıqları halda ödənildikdə borcun bütövlükdə ödənilməsini tələb etməyəcəkdir. O əlavə olaraq bildirdi ki, əgər Nəzakət Anarın borcunu da öhdəsinə götürürsə onda Anarın iştirakına ehtiyac yoxdur. Əslində Anardan heç bir şikayəti yoxdur, bu məsələdə günahkar Nəzakətdir. Borc vəsaitindən heç olmasa 2000 manatı ödəsinlər. Nəzakət özü də borcunun çox olmasını etiraf etmişdir. Onun Nəzakətə pul verməyə heç bir marağı olmamışdır. Nəzakət uşaqlarını içəridə tutduqlarını, ona kömək etməsini dediyi üçün ona 1200 manat pul alıb vermişdir. O da ona üç yerdə olan evinin sənədlərini göstərmişdir. Həmin sənədlərdən müəyyən olunur ki, həmin evlər üzərinə həbs qoyulmuşdur. Nəzakətə demişdir ki, başqa yerdən pulu götürüb ödəmiş, pulu isə lombarddan götürmüşdür. Bundan sonra Nəzakət 8 ay onun telefonlarına cavab verməmiş, o, bundan sonra uşağın telefonu ilə Nəzakətə yığmışdır. Nəzakət ona deyirdi ki, gəlib pulu ödəyəcəkdir. Nəzakət 1200 manat üçün ayda 120 manat ödəyirdi. Həmin 1200 manat vəsaitin faizi olan 360 manat Nəzakət tərəfindən ödənimişdir. Ödəyə bilməyəndə deyirdi ki, məhkəməsi var, polislər gəlib onu evdən çıxaracaqlar. Cavabdehlər uzun müddət pulu vermədikləri üçün pulu aldığı xanım onu incitmiş, o da başqa birindən pul alıb Nəzakətin yerinə 3000 manat pulu aparıb vermişdir. İddia ərizəsində vəkil xərci kimi 121 manat qeyd edilsə də, o, 600 manat hüquqi yardım üçün vermişdir. O, kirayədə qalır, özü də onkoloji xəstədir, uşağı qazidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, hal-hazırda bütün məhkəmə iclasları audio-videoyazıdan istifadə edilməklə qeydə alınır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında tərəflər arasında razılıq yaranmış, tərəflərin barışması üçün bir az dəstək lazım olmuşdur. Sadəcə tərəflər qeyd edilən müddətdə və qeyd edilən yerə gələ bilmədikləri üçün aralarında olan barışığı rəsmiləşdirə bilməmişlər. Həmçinin, Cavabdeh1 xx.xx.2024cü il tarixdə məhkəməyə ünvanladığı teleqramın məzmunundan aydın olur ki, Nəzakət məsələnin digər cavabdehlə əlaqəsi olmadığını bildirərək bir növ iddianı qəbul etmişdir. iddiaçı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yaşadığı qonşuluqdakı rəfiqəsi vasitəsilə Cavabdeh1 ilə tanış olmuşdur. Arifə xanım qonşu olan bir nəfər imkanlı qadının pulunu götürüb ehtiyacı olanlara vermişdir. Elə bilirlər ki, sələmə pul vermək cinayətdir, lakin bu vergidən yayınmadır. İnzibati qaydada məsuliyyətə səbəb olur. Nəzakət xanım əvvəlki vaxt pulu götürəndən sonra borcunu qaytarmış, əlavə bir dəfə də pul götürmək istəyəndə isə Arifə xanım ona pulu verən xanımın ona inanmadığını demişdir. Nəzakət xanıma pul 10% ilə verilmişdir. Cavabdeh1 iddiaçıdan üç dəfə pul götürmüşdür. İkinci Cavabdeh2 videosu vardır ki, gəlib maşında oturur və 1200 manat pulu da aldığını bildirir. Anarın bu işə aidiyyəti olmasa idi, onu cavabdeh qismində qeyd etməz, ona qarşı iddia tələbi irəli sürməzlər. Arifə xanım ilk öncə DİN-nin 102 Polis Xidmətinə və yaşadığı yer üzrə sahə müvəkkilinə izahat vermiş, onlar da mübahisənin mülki xarakterli olduğu üçün mülki qaydada baxılmalı olduğunu bildirmişdir. Həqiqətən də burada cinayət işi yoxdur, cinayətdən söhbət gedə bilməz. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini, iddia tələbində qeyd olunan borc vəsaitindən 2000 manat məbləği ayda 100 manat olaraq ödəyə biləcəyini, onu işdən çıxartdıqlarını, ayda 100-150 manatdan artıq ödəməyə imkanı olmadığını, hal-hazırda çoxlu sıxıntılarının olduğunu, vəziyyətinin çətin olduğunu, iddiaçıya pulu ödəyə bilmədiyi üçün borcun miqdarının nə qədər olmasını notariusda dəqiqləşdirmələrini, az-az da olsa borcu ödəyəcəyini, onun vəkili və nümayəndəsinə də məhkəmənin müəyyən etdiyi məbləği ödəyəcəyini dediyini bildirmişdir. O, əlavə olaraq qeyd etmişdir ki, oğlu 3 il bundan əvvəl vərəm xəstəliyinə tutulmuş. İki il ardıcıl olaraq 6 ay bir dəfə, 6 ay da bir dəfə olmaqla xəstəxanada yatmış, bu ərəfədə o, maddi cəhətdən çox çətinliklər yaşamışdır. Böyük söz-söhbət onun oğlunun ikinci dəfə xəstəxanada yatması zamanı olmuş, o, pulu ödəyə bilməmişdir. Hətta həkim onlara uşağının düzəlmədiyini, evdə hazırlıq görülməsini demişdir. O da iddiaçıya uşağın vəziyyətinin ağır olduğunu, faiz borcunu dayandırmasını bildirmişdir. O, Xəyalə kimi tanıdığı iddiaçı ilə bir xanım vasitəsilə pul axtardığı üçün tanış olmuş, ilk gündən iddiaçını Xəyalə kimi tanımış və onu elə də çağırmış, ona 25-ci Polis Bölməsinə gedəndə araşdırılma aparan zaman iddiaçının adının Arifə olduğu məlum olmuşdur. O, iddiaçıdan bir dəfə 1000 manat, bir dəfə 100 manat, daha sonra isə 200 manat olmaqla bir neçə dəfə pul almışdır. Sonradan yenidən 1000 manat borc almış və bu pulları faiz borcunun faizi olmaqla qaytarmışdır. O, iddiaçıdan ayda 10 faiz ödəməklə pul götürmüşdür. Onun tərəfindən bəzi ödənişlər öz kart hesabı və ya “E-manat” ödəniş aparatı vasitəsilə Arifə xanımın adı olan karta ödənilmiş, amma o zaman o, Xəyalənin adının Arifə olduğunu bilməmişdir. Belə ki, verdiyi kartın Nəsibə xanımın kartı olduğunu demişdir. X1 xanımın məlumatlarını sistemdə axtaranda onun şəkli çıxmış və polis ondan pulu həmin xanıma göndərdiyini soruşmuşdur. Xəyaləyə (Arifəyə) pulu ödəyə bilməyəcəyini demiş və bunu necə yoluna qoymalarını soruşanda Xəyalə ona bir adam tapmasını, çünki Nəsibə xanıma onun adına yenə pul vermələrini deyə bilməyəcəklərini, həmçinin Nəsibə xanıma pulu guya ondan alıb başqa adama verdiklərini deyəcəyini demişdir. O da onun kimi taksi fəaliyyəti ilə məşğul olmuş Anara müraciət etmiş, Anara vəziyyəti izah etmiş və ondan haradan pul tapa biləcəyini soruşmuşdur. Anar da heç bir yerdən pul tapmağın mümkün olmadığını demiş və iddiaçı ilə bağlı olan təklif ilə razılaşmışdır. X2, nə də Xəyalə Anarı görməmişdir. Sadəcə onun tərəfindən Anarın videosu çəkilmişdir. Anarı pulu götürəndən sonra çağırmışlar. Anara yazılan borc məbləği faiz borcunun faizidir. Həmin məbləğdən 1200 manat əsas puldur. O, bəzən götürdüyü borc məbləğindən aylıq 120 manat verməli olduğu halda 300 manat vermişdir. Əgər borc məbləğinin faizi 120 manatdırsa onu günə, günü də günün gününə vururlar. Belə ki, o, 360 manat pul verməli idisə, həmin borc faiz borcun faizi ilə 1200 manata gəlib çıxmışdır. Anara verilməsi qeyd olunan 1200 manat pul nə Anara, nə də ona verilməmişdir. Həmin pul sadəcə söz də olmuş, faktiki olmamışdır. Anara verilən pul ortada yoxdur və o, Polis Bölməsində də bu ifadəni vermişdir. O pul yığılan faizlərdir. Bu məsələnin üstündən ay yarım keçməmiş ona Gənclik metrosunun yanındakı Polis Bölməsindən zəng gəlmiş və Anar ona onu pul məsələsinə görə bölməyə çağırdıqlarını demişdir. O, müstəntiqin nömrəsini alıb əlaqə saxlamış, müstəntiqə zəng edəndə pulu Anarın götürmədiyini, özünün götürdüyünü demişdir. Müstəntiq isə onlara demişdir ki, Anardan və ondan şikayət edilmişdir. Bölməyə isə təkcə Anarı çağırmışdırlar. O da bölməyə getmiş və pulu özünün götürdüyünü demişdir. Faktları ortaya qoyandan sonra Anarı buraxmışdırlar. O, Anarın 1000 manat borcunu, hətta faiz borcunun faizini də ödəməlidir. Əslində Xəyalə iddia ərizəsində məbləği az qeyd etmiş, borc məbləği onların hesabladığı qaydada hesablansa faizlərlə birlikdə ümumilikdə 3000 manatdan çox olardı. Əlavə ödəməli 100 manat da borcu olmuş, lakin yaranan vəziyyət ilə əlaqədar həmin pulu da verə bilməmişdir. İddiaçı bundan sonra ona 100 manatın əvəzinə 1100 manat verməl olduğunu demiş, o da iddiaçıdan insaf etməsini, ona pulu verə bilməyəcəyini demiş, heç olmasa 300 manat verməyi xahiş etmiş, Nəsibə xanımla danışmağı təklif etmişdir. O, heç vaxt gizlənməmiş, vaxtlı-vaxtında telefonlara cavab vermişdir. O, bir aydır ki, xadimə kimi işə düzəlmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən Cavabdeh1 borc verilmiş və Cavabdeh1 da həmin borcu ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə iclasında Cavabdeh1 borcunun olduğunu qəbul etmiş və Cavabdeh2 bu məsələ üzrə cavabdeh olmadığını, borc məbləğini hər ay hissə-hissə 100 manat olmaqla ödəyəcəyini, 2000 manat borcu ödəməyə imkanı olduğunu, İddiaçı isə Cavabdeh1 Anarın borcunu öhdəsinə götürdüyü təqdirdə Cavabdeh2 iştirakına ehtiyac olmadığını, Cavabdeh2 şikayəti olmadığını bildirmiş və yazılı qaydada ərizə verərək Cavabdeh1 ona ayda 100 manat olmaqla ümumilikdə 2000 manat borc vəsaitinin hissəhissə ödənilməsinə dair razı olduğunu qeyd etmişdir. İşin mübahisəli halları: Hazırda iddiaçı Cavabdeh1 ilə razılaşdıqları qaydada hər ay 100 manat ödənilmək şərti ilə 2000 manat pulun, 121 manat vəkilə və 41 manat dövlət rüsumu üçün ödədiyi pulun əvəzinin tutulmasını xahiş etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, iddiaçının izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386.1-ci, 442-ci, 739-cu maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü və 191.3-cü maddələrinə əsasən əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 ilə aralarında şifahi qaydada borc müqaviləsi bağlamış və cavabdehə 1200 manat borc vermişdir. Cavabdeh1 tərəfindən iddiaçıya 2000 manat borcunun olması, iddiaçının tələb etdiyi borc məbləğinin digər Cavabdeh2 aid olmaması etiraf edildiyindən və iddiaçının 2000 manat məbləğin hər ay 100 manat olmaqla ödənilməyə razılıq verildiyindən, Cavabdeh2 hazırki iddia tələbi üzrə qeyd olunan borc məbləği ilə əlaqəsinin olmaması tərəflərin izahatı ilə öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia tələbi “Cavabdeh1 1200 manat və Cavabdeh2 1200 manat vəsaitin alınıb ona verilməsi” hissəsində qismən təmin edilərək, Cavabdeh1 2000 manat pulun əvəzi İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırda iddia tələbi pul hissəsində qismən Cavabdeh1 münasibətdə təmin edildiyindən dövlət rüsumuna görə ödənilmiş 20,50 manat və vəkil xərcinə görə 60,50 manat vəsaitin əvəzi Cavabdeh1 İddiaçı xeyrinə tutulmalı, İddiaçı tərəfindən ödənilmiş 20,50 manat dövlət rüsumu və 60,50 manat vəkil xərci ona aid edilməli, iddiaçının iddia tələbi xərclər qismində də qismən təmin edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 2000 manat, dövlət rüsumuna görə ödənilmiş 20,50 manatın və vəkil xərcinə görə ödənilmiş 60,50 manatın əvəzi olmaqla ümumilikdə 2081 manat məbləğində vəsait İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 20,50 manat dövlət rüsumu və 60,50 manat vəkil xərci ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-892/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-892/2024
17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver