Məhkəmə qərarları › İş №2(007)-906/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-906/2024

29.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-906/2024 29.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən baş vermiş yol- nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 1516 (min beş yüz on altı) manat məbləğində maddi ziyan, avtomobilin real bazar dəyərinin aşağı düşməsinə görə əlavə ziyan üçün 3000 (üç min) manat, cəmi 4516 manat pulun və ödənilmiş 66 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə, saat 15:40 radələrində Cavabdeh2 idarə eldiyi "Sun Food” MMC-yə məxsus Hyundai Hd 35 markalı, ** JB *** dövlət nömrə nişanlı avtomobillə ona məxsus “Volkswagen Polo” markalı, ** UB *** dövlət nömrə nişanlı avtomobil toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı xx.xx.2023cü il tarixdə Binəqədi DYPŞ tərəfindən Cavabdeh2 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək o, AR İXM-nin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmişdir. Baş vermiş qəza nəticəsində ona məxsus “Volkswagen Polo” markalı, ** UB *** dövlət nömrə nişanlı avtomaşına 4280 manat miqdarda ziyan dəymişdir. Lakin buna baxmayaraq ona 2763.94 manat sığorta ödənişi edilmişdir. Qalan 1516 manat ziyanı cavabdehlər ona qaytarmaqdan imtina etmişlər. Həmçinin dəymiş ziyan nəticəsində avtomobilinin real bazar dəyəri 3000 manat aşağı düşmüşdür. Hesab edir ki, həmin qiymət fərqi də cavabdehlər "Sun Food” MMC və Cavabdeh2 tərəfindən tam həcmdə tutularaq ona ödənilməlidir.

Cavabdehin etirazı və etirazın əsaslandırıldığı hallar :

3. Cavabdeh1 İddiaçı “yol-nəqliyyat hadisəsi nətəicəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinin dəlillərinə qarşı etiraz ərizəsi verərək İddiaçı Nadiq oğlunun (yolnəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair) iddiasının rədd edilməsini xahiş etmişdir.

4. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC-yə məxsus Hyundai HD 35 markalı, ** JB *** dövlət nömrə nişanlı avtomobillə, iddiaçıya məxsus “Volkswagen Polo” markalı, ** UB *** dövlət nömrə nişanlı avtomobil toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı xx.xx.2023-cü il tarixdə Binəqədi DYPŞ tərəfindən Cavabdeh2 barəsində inzibati tənbeh verinə haqqında qərar qəbul edilərək, AR İXM-nin 327.1-ci maddəsi ilə 40 manat cərimələnmişdir. İcbari sığortalar haqqında qanunun 16-cı maddəsinə əsasən vurulmuş zərər müəyyənləşdirilərək, iddiaçıya 2763.94 manat sığorta ödənişi edilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 56.1.2-ci maddəsinə görə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5 000 manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən ödənilmiş məbləğ iddiaçını qane etmirsə, o həmin məbləğin ödənilməsini yalnız sığorta şirkətindən tələb edə bilər.

5. Cavabdeh2 İddiaçı “yol-nəqliyyat hadisəsi nətəicəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinin dəlillərinə qarşı etiraz ərizəsi verərək məhkəmədən iddianın əsassız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə, baş vermiş yolnəqliyyat qəza hadisəsi nəticəsində sürücü işlədiyi "Sun Food” MMC-yə məxsus olan Hunday Hd 35 markalı avtomaşın Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan İddiaçı məxsus “Volkswagen Polo” markalı avtomaşın ilə toqquşmuşdur. İddiaçı X7 onun idarə etdiyi “Volkswagen Polo” marlakı avtomaşına yol-nəqliyyat hadisəsi nəticəsində 4280 manat zərər dəydiyini və həmin zərərin və məhkəmə xərcləri üçün ödədiyi 66 manat dövlət rüsumunun cavabdeh kimi ondan, Cavabdeh2 ödənilməsi barədə Nizami rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bununla əlaqədar olaraq bildirmişdir ki, sürücü işlədiyi və idarə etdiyi Cavabdeh1 MMC-yə məxsus olan Hunday Hd 35 markalı avtomaşın, işlədiyi Cavabdeh1 MMC ilə sığorta şirkəti arasında bağlanılmış müqavilə əsasında "xxxx" şirkəti tərəfindən sığortalanmışdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin qiymətləndirilməsi məqsədilə Sığorta təşkilatı hadisə yerində olmuş, İddiaçı idarə etdiyi “Volkswagen Polo” avtomaşınına baxış keçirmiş və avtomaşına dəymiş zərər məbləğini 2763.94 manat dəyərində qiymətləndirmişdir. Hesablanmış 2763.94 manat zərər məbləği Sığorta təşkilatı tərəfindən İddiaçı ödənilmişdir. Sığorta hadisəsi zamanı əmlaka vurulan zərərə görə Sığorta şirkətləri tərəfindən maksimum 5000 manat məbləğində ödəniş edilir. Zərər məbləği göstərilən rəqəmdən yüksək olduğu halda zərərin 5000 manatı şəxsə sığorta şirkəti tərəfindən ödənilir, qalan məbləğ isə zərərvuran şəxsdən tələb edilə bilər. İddiaçı isə əsassız olaraq ona 4280 manat zərər dəydiyini iddia edir. Onun iddia etdiyi məbləğ əsassız olsa da belə 5000 manatdan aşağı olduğu üçün iddianı ona qarşı yox, Sığorta təşkilatına qarşı qaldırılmalı, onu məhkəmə çəkişməsinə dəvət etməlidir. Odur ki, göstərilənləri nəzərə alaraq İddiaçı Nadiq oğlunun ona qarşı qaldırdığı iddianı əsassız hesab etmişdir.

İş materialları :

7. “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixində, saat 15:40-da, R.İsmayılov küçəsi ərazisində Hyundai Hd 35 yük markalı, ** JB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarının pozmuş və Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə, barəsində 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır.

8. Kepa Avtoservis tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 1068 nömrəli qiymətləndirmə aktının surətindən görünür ki, “Volkswagen Polo” markalı, ** UB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ümumilikdə 4280.00 manat məbləğində qiymətləndirilmişdir.

9. xx.xx.2023-cü il tarixli, İ-1334/23 nömrəli “Zərər və sığorta ödənişinin məbləği ilə razılaşma barədə sığorta ödəniş aktına əlavə”nin surətindən görünür ki, İddiaçı “Volkswagen Polo” markalı, ** UB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin 4280.00 manat məbləğində qiymətləndirilərək müəyyən edilməsindən xəbərdar olarq 2763.94 manat ona ödənilməli olan sığorta ödənişi məbləği ilə tam razı olmuşdur.

10. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, İ-1334/23 nömrəli sığorta ödənişi aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı dəymiş zərər ilə bağlı 2.763.94 manat sığorta ödənişi edilmişdir. Aktda qeyd edilmişdir ki, avtomobilə 4280 manat ziyan dəymişdir. Avtomobillərə dəymiş zərərin ümumi məbləği 5000 manatdan artıq olması səbəbindən ödəniş mütənasib qaydada hesablanaraq ödənilmişdir.

11. Cavabdeh1 tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, ** JB *** dövlət qeydiyyat nişanlı Hyundaı Hd 35 yük markalı avtomobil Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək idarə etmək üçün Cavabdeh2 verilmişdir.

12. İş materiallarına 10 ədəd fotoşəkil əlavə edilmişdir.

13. “Auto Azərbaycan” Servis Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, AA041/1100 nömrəli aktın surətindən görünür ki, Hyundai Sonata markalı, 77DA087 dövlət qeydiyyat nişanlı avtomobilə ilkin texniki baxış keçirildi və avtomobilin ehtiyyat hissələrinn dəyişdirilməsinə ehtiyac olduğu müəyyən edilmişdir.

14. "xxxx" ASC-nin məhkəməyə ünvanlandırdığı xx.xx.2024-cü il tarixli, 24/135 saylı məktubun surətindən görünür ki, məktubda xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, R.İsmayilov küçəsində Cəmiyyətlərində sığortalı “Hyundai HD 35 yük” markalı, 77JB275 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə “Volkswagen Polo” markalı, 99UB813 dövlət qeydiyyat nişanlı və “Hyundai Sonata” minik, 77DA087 dövlət qeydiyyat nişanlı avtomobillərə zərər dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdiyi və “İcbari sığortalar haqqında” AR Qanununun 20.4-cü maddəsinin “mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir” tələbinə əsasən yol-nəqliyyat hadisəsində zərərçəkən “Volkswagen Polo” markalı, 99UB813 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə xx.xx.2023-cü il tarixdə 2763.94 (iki min yeddi yüz altmış üç manat, 94 qəpik) və xx.xx.2023-cü il tarixdə “Hyundai Sonata” minik, 77DA087 dövlət qeydiyyat nişanli nəqliyyat vasitəsinə isə 2236.06 (iki min iki yüz otuz altı manat, 06 qəpik) məbləğində sığorta ödənişi həyata keçirildiyi bildirilmişdir.

15. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15:40 dəqiqədə R.İsmayılov küçəsində toqquşma növlü yolnəqliyyat hadisəsi baş vermiş və həmin yol-nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli şəxs olaraq müəyyən edilmişdir.

16. “Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə” məlumatın surətindən görünür ki, X1 mülkiyyətində olan “Hyundai Sonata” minik markalı, 77DA087 dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsinə zərər dəymiş və hadisə zamanı avtomobili X3 idarə etmişdir.

17. "xxxx" ASC tərəfindən təqdim edilmiş sənəddən görünür ki, xx.xx.2023-cü il tarixində X2 2.236.06 manat ödəniş edilmişdir.

18. "xxxx" ASC tərəfindən təqdim edilmiş sənəddən görünür ki, xx.xx.2023-cü il tarixində İddiaçı 2.763.94 manat ödəniş edilmişdir.

19. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 66 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

20. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, maşına dəymiş ziyana görə 1516 manat pul vəsaiti ilə yanaşı, maşının bazar dəyərinin aşağı düşməsinə görə 3000 manat pul vəsaitinin cavabdehlərdən tutulmasını tələb edir. Belə ki, maşına ziyan dəyməsi nəticəsində onun bazar dəyəri aşağı düşdüyü üçün hazırda maşını sata bilmədiyini, alıcının maşının zərbə aldığını bildikdən sonra maşını daha ucuz qiymətə almaq istədiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun sağlamlığına da ziyan dəymiş və maşının təmirdə qaldığı müddətdə taksilərdən istifadə etdiyi üçün 500-600 manat əllavə ailə büdcəsindən xərcləmişdir. Lakin həmin xərcləri tələb etmədiyini, yalnız dəymiş 1516 manat və maşının bazar dəyərinin aşağı düşməsinə görə 3000 manat pul vəsaitinin cavabdehdən tutulmasını istədiyini bildirmişdir. Bundan əlavə keçmiş iclaslarda ifadə verərkən bildirmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində iki maşına ziyan dəymişdir. Onun maşına 4280 manat ikinci maşına 3462 ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində iki avtomobilə ziyan dəydiyi üçün qanunvericiliyin tələbinə uyğun olaraq 5000 manat sığorta ödənişi iki maşın arasında mütənasib qaydada bölünməklə ödənilmişdir. İkinci maşına edilmiş ödənişlə bağlı sənədi ala bilməmişdir. Maşını servisdən çıxarmaq üçün 1500 manat pul vermişdir.

21. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul etmişdir. İzahatında iddia tələbini baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində maşına dəymiş 1516 manat ziyan hissəsində qəbul etdiyini qalan hissədə qəbul etmədiyini bildirmişdir.

22. Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Məhkəmə baxışının hədləri:

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

26. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun:

20.4. Mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 52–1.1. Aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir: 52–1.1.1. zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə; 52–1.1.2. yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə. 52–1.2. Zərərçəkənin bu Qanunun 52–1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tələb irəli sürməsi onu zərərvurana qarşı zərərin sığorta məbləğindən artıq hissəsinin ödənilməsi tələbi ilə çıxış etmək hüququndan məhrum etmir. 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. 58.3. Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.

27. ““İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 aprel 2023-cü il tarixli Qərarı.

İşin faktiki halı :

28. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi Cavabdeh1nə məxsus olan və "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə sığortalanmış ** JB *** dövlət qeydiyyat nişanlı Hyundai Hd 35 yük markalı avtomobil ilə İddiaçı idarəetdiyi “Volkswagen Polo” markalı, 99UB813 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində “Volkswagen Polo” markalı, 99UB813 dövlət qeydiyyat nişanlı avtomobilə 4280 manat və “Hyundai Sonata” minik markalı 77DA087 dövlət qeydiyyat nişanlı avtomobilə 3462.57 manat zərər dəymişdir.

29. Cavabdeh2 Azərbaycann Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat inzibati cərimə növündə inzibati tənbeh edilmişdir.

30. Hadisə nəticəsində “Volkswagen Polo” markalı, 99UB813 dövlət qeydiyyat nişanlı və “Hyundai Sonata” minik, 77DA087 dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş zərərin miqdarı müəyyən edilərək "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə baş verən yolnəqliyyat hadisəsində zərərçəkən “Volkswagen Polo” markalı, 99UB813 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən İddiaçı xx.xx.2023-cü il tarixində 2763.94 manat (iki min yeddi yüz altmış üç manat, 94 qəpik) və “Hyundai Sonata” minik, 77DA087 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X2 xx.xx.2023-cü il tarixində 2236.06 manat (iki min iki yüz otuz altı manat, 06 qəpik) məbləğində sığorta ödənişi edilmişdir.

Məhkəmənin mövqeyi :

31. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

32. Belə ki, işin məhkəmə tərəfindən tədqiq edilən faktiki hallarından görünür ki, Cavabdeh2 idarə etdiyi “Hyundai Hd 35 yük” markalı nəqliyyat vasitəsinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə icbari sığorta ilə sığortalandığı "xxxx" ASC tərəfindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “Volkswagen Polo” markalı, 99UB813 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 4280 manat zərərə görə 2763.94 manat və “Hyundai Sonata” minik markalı, 77DA087 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 3462.57 manat zərərə görə 2236.06 manat sığorta ödənişi edilmişdir.

33. ““İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 aprel 2023-cü il tarixli Qərarında qeyd edilir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinin mənasına görə, bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir. İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 10, 20.4, 56 və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi müəyyən edilmiş sığorta məbləğini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.

34. “İcbari sığortalar haqqında” Qanunun 56.1.2-ci maddəsinə görə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5 000 manat məbləğində müəyyən edilmişdir.

35. Həmin Qanununun 58.3-cü maddəsinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 aprel 2023-cü il tarixli Qərarında qeyd edilir ki, sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər.

37. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı “Volkswagen Polo” markalı, 99UB813 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə sığorta məbləğindən artıq hissənin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

38. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən Qərarda onu da vurğulamışdır ki, zərərçəkən zərərin sığorta ödənişi ilə əhatə olunmayan hissəsinin ödənilməsi ilə bağlı zərərvurana qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada delikt hüququ üzrə tələb irəli sürməkdə haqlıdır.

39. MM-nin 1096-cı və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir.

40. Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

41. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli Qərarında qeyd edilir ki, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlərDelikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.

43. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

44. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 nəqliyyat vasitəsinə qanuni əsaslarla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə) sahiblik etmişdir.

45. Məhkəmə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh2 təqsirli olması, zərər vurulması, zərərin həcmi və zərərlə cavabdehin əməli arasında səbəbli əlaqə sübuta yetirildiyi üçün İddiaçı Cavabdeh2 1516 manat pul vəsaitinin tutulmasına dair iddia tələbi əsaslıdır.

46. Belə ki, Cavabdeh2 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir.

47. İşin məhkəmə tərəfindən araşdırılan hallarına əsasən müəyyən edilmişdir ki, müvafiq qərar cavabdeh tərəfindən mübahisələndirilməmiş və qanuni qüvvəsini alaraq icra edilmişdir.

48. Məhkəmə iclasında tədqiq edilmiş qiymətləndirmə aktına əsasən müəyyən edilmişdir ki, İddiaçı məxsus avtomobilə 4280 manat zərər dəymişdir. Müvafiq qiymətləndirmə aktı, dəymiş zərərin miqdarı cavabdehlər tərəfindən mübahisələndirilməmişdir.

49. Məhkəmə tərəfindən tədqiq edilmiş iş materiallarına (sığorta ödənişi aktı, xx.xx.2023-cü il tarixli qəbz) əsasən müəyyən edilmişdir ki, dəymiş zərərə görə İddiaçı 2763.94 manat ödəniş edilmişdir.

50. Məhkəmə Cavabdeh1 MMC-yə münasibətdə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir :

51. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir.

52. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

53. Göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur.

54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilmişdir ki, İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər.

55. X8 həmçinin qeyd edilir ki, işəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır.

56. Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır.

57. Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən araşdırlan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 yol-nəqliyyat hadisəsini işəgötürən – Cavabdeh1 MMC-nin tapşırığı ilı əmək funkisyasının icrası zamanı törətmişdir.

58. Belə ki, Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatda qeyd etmişdir ki, hazırda Cavabdeh1 MMC-də işləyir, yol-nəqliyyat hadisəsi iş vaxtı ərzində dükanlara mal payladığı zaman baş vermişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi işin qeyd edilən faktiki halına münasibətdə etiraz verməmişdir.

59. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, Cavabdeh2 törətdiyi yolnəqliyyat hadisəsi cavabdeh "xxxx" MMC-yə məxsus işlərin görülməsi zamanı, iş vaxtı ərzində baş verdiyi və mülki hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılıq, səbəbli-nəticə əlaqəsi olduğu üçün "xxxx" MMC də mülki hüquq pozuntusuna (delikt) görə məsuliyyət daşımış və işçinin vurduğu zərərin əvəzini ödəmək öhdəliyi yaranmışdır.

60. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 1516 (min beş yüz on altı) manat məbləğində maddi ziyanın ödənilməsinə dair tələbi əsaslı olduğundan təmin edilməlidir.

61. Məhkəmə İddiaçı avtomobilinin real bazar dəyərinin aşağı düşməsinə görə əlavə ziyan üçün 3000 (üç min) manat ödənilməsi ilə bağlı tələbinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

62. Məhkəmə qeyd edir ki, iddiaçı istinad etdiyi hal ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

63. Sübut edilməli hallar dedikdə isə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

64. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.

66. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir.

67. Həmçinin, nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun, yaxud qarşı tərəf həmin izahatda ifadə edilən faktiki halları mübahisələndirməsin və bu, işin mübahisəsiz hallarını müəyyən etməyə imkan versin.

68. Halbuki, MPM-in 77-ci sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir.

69. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

71. Məhkəmə qeyd edir ki, iddiaçı avtomobilinin real bazar dəyərinin aşağı düşməsi ilə əlaqədar cavabdehlər tərəfindən ona 3000 (üç min) manat ziyan dəydiyini sübuta yetirə bilmədiyindən iddia tələbi həmin hissədə təmin oluna bilməz.

Məhkəmə xərcləri.

72. İddiaçı ödənilmiş 66 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlər tutulması tələbini irəli sürmüşdür.

73. İş materialları əsasında müəyyən edilir ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 66 manat məbləğində dövlət rüsumu ödəmişdir.

74. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

75. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən İddiaçı tərəfindən ödənilmiş 35.16 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulmalıdır.

Nəticə :

76. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 dəymiş ziyanın əvəzi qismində 1516 (min beş yüz on altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35.16 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir.

77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş ziyanın əvəzi qismində 1516 (min beş yüz on altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35.16 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddiaçı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar