Məhkəmə qərarları › İş №2(007)-909/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-909/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-909/2021 09.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borcun tutulması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış müqavilənin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “xxxx” QSC-nin xeyrinə 2122,2 manat məbləğində kredit borcu, 34,49 manat məbləğində faiz borcu və 144,25 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2300 (iki min üç yüz) manat 94 (doxsan dörd) qəpik məbləğində borcun və tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 “xxxx” QSC ilə 24.10.2019-cu il tarixdə bağladığı 004A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1,8333% olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3500 (üç min beş yüz) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 24.09.2020ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1377,8 manat ödəniş etmiş və onun iddiaçıya 2122,2 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirlər ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 21.10.2020-ci il tarixə 27 gün üçün hesablanmış faiz borcu 34,49 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 21.10.2020-ci il tarixə 27 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 144,25 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 məhkəməyə Azərbaycan Respublikasının 53-cü maddəsinə uyğun olaraq iddia həcminin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək bildirdi ki, iddia tələbinin həcmində dəyişiklik yaranmışdır. İddiaçı “xxxx” QSC Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət etdikdən sonra, Cavabdeh1 tərəfindən 24.10.2019-cu il tarixdə bağladığı 004A********** saylı kredit müqaviləsi ilə banka olan borcu üzrə ödəniş edilmişdir. Qeyd edilənlərə əsasən Cavabdeh1 ilə bağlanmış müqavilənin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “xxxx” QSC-nin xeyrinə 1801,62 manat məbləğində kredit borcu, 89,01 manat məbləğində faiz borcu və 399,79 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2290 (iki min iki yüz doxsan ) manat 42 (qırx iki) qəpik məbləğində borcun və tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddia tələbinin cərimə hissəsi ilə razı deyil. Qeyd olunanlara əsasən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddia tələbinin cərimə hissəsi ilə razı deyil. Qeyd olunanlara əsasən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 24.10.2019-cu il tarixli 004A********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC Cavabdeh1 aylıq faiz dərəcəsi 1,8333% olmaqla 24 ay müddətinə 3500 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə kredit alan bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürür. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. - 24.10.2019-cu il tarixli 017G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Cavabdeh1 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən borclu kredit müqaviləsi üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə zamin kreditdən istifadə üçün fazi və bank tərəfindən kreditin verilməsi və qaytarılması üçün hesablanmış məbləğlərin ödənilməsi də daxil olmaqla borclunun kredit xətti müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borcludur. - İddiaçı QSC-nin 13.11.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 004A********** saylı 24.10.2019-cu il tarixli kredit razılaşması üzrə 21.10.2020-ci il tarixədək 2122,2 manat məbləğində əsas borcu, 35,49 manat məbləğində faiz borcu və 144,25 manat məbləğində cərimə (cərimə hesablanmış gecikdirilən günlərin sayı-27 gün) olmaqla, cəmi 2300,94 manat təşkil edir. - İddiaçı QSC-nin 05.03.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 004A********** saylı 24.10.2019-cu il tarixli kredit razılaşması üzrə 24.02.2021-ci il tarixədək 1801,62 manat məbləğində əsas borcu, 89,01 manat məbləğində faiz borcu və 399,79 manat məbləğində cərimə (cərimə hesablanmış gecikdirilən günlərin sayı-62 gün) olmaqla, cəmi 2290,42 manat təşkil edir. - İddiaçı QSC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 20.10.2020-ci il tarixli xəbərdarlığından görünür ki, cavabdehlərə 30.10.2020-ci il tarixinədək 2297,53 manat məbləğində borcun ödənilməsi, əks halda müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və məhkəməyə müraciət ediləcəyi haqqında xəbərdarlıqlar edilmişdir. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı QSC tərəfindən 06.08.2020-ci il tarixdə 30,00 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 “xxxx” QSC ilə 24.10.2019-cu il tarixdə bağladığı 004A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1,8333 % olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3500 (üç min beş yüz) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1801,62 manat məbləğində əsas kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirlər ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 24.02.2021-ci il tarixə hesablanmış faiz borcu 89,01 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 24.02.2021-ci il tarixə 62 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 399,79 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxanda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq, Cavabdeh1 “xxxx” QSC ilə bağladığı 24.10.2019-cu il tarixli 004A********** saylı kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 1,8333% olmaqla 24 ay müddətinə 3500 manat məbləğində kredit verilmişdir. Cavabdeh isə aldığı krediti ödəməyi öhdəsinə götürsə də, öhdəliyi lazımi qaydada və tam icra etməmiş, nəticədə banka əsas, faiz və cərimə borcu yaranmışdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, Cavabdeh2 24.10.2019cu tarixli, 004A********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı QSC qarşısında zamin duraraq, öhdəlik icra edilmədiyi təqdirdə borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. MM-in: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da, müəyyən olundu ki, borclu Cavabdeh1 iddiaçı qarşısında olan öhdəliyini icra etmədiyinə görə, Cavabdeh2 24.10.2019-cu tarixli, 004A********** saylı kredit müqaviləsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada zaminliklə təmin edilmiş öhdəliyin icrası üçün kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər müqavilə üzrə iddiaçı qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini və digər xərcləri ödəməlidir. İş materiallarına əlavə olunmuş 10.08.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 24.10.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsi üzrə 24.02.2021ci il tarixədək 1801,62 manat məbləğində əsas borcu, 89,01 manat məbləğində faiz borcu və 399,79 manat məbləğində cərimə (cərimə hesablanmış gecikdirilən günlərin sayı-62 gün) olmaqla, cəmi 2290,42 manat borcu mövcuddur. İddia tələbinin 24.10.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsi üzrə “əsas və faiz borc” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, mülki iş materiallarına əlavə edilmiş maliyyə arayışdan cavabdehin 24.10.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsi üzrə 24.02.2021-ci il tarixədək 1801,62 manat məbləğində əsas borcu, 89,01 manat məbləğində faiz borcu olduğunu nəzərə alaraq, iddia tələbi bu hissədə qeyd edilən miqdarda təmin edilməlidir. Beləliklə, cavabdehlərin iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliklərinin pozulması halı baş vermişdir. Odur ki, iddiaçının cavabdehə qarşı qeyd edilən maliyyə arayışlarında göstərilən məbləğlərdə əsas və faiz borc tələbini müqavilə hüququ çərçivəsində dəyərləndirildikdə əsaslıdır. MM-in: 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olaraq yazılı formada bağlanmalıdır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan müqavilə üzrə gecikdirilən məbləğlə bağlı öhdəliyin icrasının təmini baxımından 24.10.2019-cu il tarixli, 004A********** saylı kredit razılaşması üzrə 399,79 manat cərimə tənasübsüz surətdə yüksək məbləğdir. Cərimə tələbinin bütünlüklə təmin edilməsinin cavabdehlərin maddi vəziyyətini daha da ağırlaşdıra biləcəyini nəzərə almaqla məhkəmə, cərimə məbləğinin ümumilikdə 10 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Eyni zamanda məhkəmə belə qənaətə gəlir ki, borclu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən iddia tələbi müqavilənin ləğv edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanılmış 24.10.2019-cu il tarixli 004A********** saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “xxxx” QSC-nin xeyrinə 1801,62 manat məbləğində əsas borcu, 89,01 manat məbləğində faiz borcu, 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1900,63 manat məbləğində borc tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı QSC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 5,10 manatı iddiaçıya, 24,90 manatı cavabdehlərə aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanılmış 24.10.2019-cu il tarixli 004A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “xxxx” QSC-nin xeyrinə 1801,62 məbləğində kredit borcu, 89,01 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1900,63 manat məbləğində borc və 24,90 manat məbləğində ödənilmiş dövlət rüsumu müştərək qaydada tutulsun. Ödənilmiş dövlət rüsumunun 5,10 manat iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar