Məhkəmə qərarları › İş №2(007)-910/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-910/2020

05.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-910/2020 05.03.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı İsmayılov Fizuli Adil oğlunun, onun vəkili və nümayəndəsi Səfərov Rübayıl Hətəməli oğlunun iştirakları ilə, İddiaçı İsmayılov Fizuli Adil oğlunun cavabdeh Fərəcov Elman Şakir oğluna qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İsmayılov Fizuli Adil oğlu cavabdeh Fərəcov Elman Şakir oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Fərəcov Elman Şakir oğlundan 30 000 manat və ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İsmayılov Fizuli Adil oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Fərəcov Elman Şakir oğlu ilə aralarında 14 fevral 2010-cu il tarixli borc müqaviləsi bağlanmış və 01 sentyabr 2019-cu il tarixədək qaytarmaq şərti ilə cavabdehə 30000 (otuz min) manat borc pul vermişdir. Cavabdeh Fərəcov Elman Şakir oğlu məndən aldığı 30000 (otuz min) manat pulu 01.09.2019-cu il tarixədək qaytarmalı olsa da, hal-hazıra kimi həmin pulu qaytarmamışdır. Cavabdehdən dəfələrlə borcun qaytarılmasını tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə ondan vaxt istəmiş və buna baxmayaraq indiyə qətlər pulunu geri qaytarmamışdır. Məhkəmə iclasında iddiaçı İsmayılov Fizuli Adil oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Səfərov Rübayıl Hətəməli oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Fərəcov Elman Şakir oğlu məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbini səhətində yaranmış problemlə əlaqləndirmiş, lakin bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının və onun vəkilinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İsmayılov Fizuli Adil oğlu ilə Fərəcov Elman Şakir oğlu arasında bağlanaraq Bakı şəhəri 28 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 3M-58 nömrə ilə qeyd edilmiş 14 fevral 2019-cu il tarixli “kredit müqaviləsi”dən görünür ki, borc verən İsmayılov Fizuli Adil oğlu borc alan Fərəcov Elman Şakir oğluna 30 000 manat məbləğindəborc pul vermişdir. Borc alan krediti 01 sentyabr 2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. - 15 yanvar 2017-ci il tarixli qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İsmayılov Fizuli Adil oğlu tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İsmayılov Fizuli Adil oğlu ilə Fərəcov Elman Şakir oğlu arasında bağlanmış 14 fevral 2019-cu il tarixli “kredit müqaviləsi”nə əsasən, İsmayılov Fizuli Adil oğlu 30 000 manat məbləğində pulu Fərəcov Elman Şakir oğluna borc vermişdir. Müqavilənin şərtinə əsasən cavabdeh borc aldığı pulu 01 sentyabr 2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürsə də, həmin öhdəliyinə əməl etməmiş, o cümlədən iddiaçının xəbərdarlıqlarını yerinə yetirməyərək müqavilə üzrə borc məbləğini iddiaçıya ödəməmişdir. Bununla da, iddiaçının məhkəməyə müraciət etməsi üçün əsaslar yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı İsmayılov Fizuli Adil oğlu tərəfindən 30 000 manat məbləğində borc pul cavabdeh Fərəcov Elman Şakir oğluna verilmiş və bu barədə tərəflər arasında 14 fevral 2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Cavabdeh Fərəcov Elman Şakir oğlu tərəfindən isə, bu müqavilə üzrə üzərinə götürüldüyü şərtlər yerinə yetirilməmiş və bununla da, mülki qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdeh Fərəcov Elman Şakir oğlunun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh üzərinə düşən öhdəliyini vaxtında icra etməmiş, iddiaçılardan almış olduğu pulları vaxtında onlara qaytarmamış, bununla da aralarında bağlanmış müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Fərəcov Elman Şakir oğlundan 30 000 (otuz min) manat borc və ödənilmiş 30,0 (otuz) manat dövlət rüsumunun əvəzi alınıb, İsmayılov Fizuli Adil oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar