Məhkəmə qərarları › İş №2(007)-929/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-929/2025

17.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-929/2025 17.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “əmlakın özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nəqliyyat vasitəsinin, olmadığı təqdirdə dəyərinin alınıb verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “nəqliyyat vasitəsinin, olmadığı təqdirdə dəyərinin alınıb verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ona şəxsi mülkiyyət hüququ əsasında məxsus olan “Haval” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Cavabdeh alınaraq ona təhvil verilməsi, avtomobilin olmadığı təqdirdə onun dəyərinin, yəni 43.000 (qırx üç min) manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Minik nəqliyyat vasitəsinin cavabdehdən alınıb verilməsi müvəqqəti təminat tədbiri barədə" ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni qismən təmin edərək, cavabdehə nəqliyyat vasitəsilə bağlı hər hansı hərəkətin edilməsinin qadağan edilməsinə dair qərardad çıxarmışdır. Bildirir ki, məhkəməyə təqdim olunacaq əmlak tələbi ilə bağlı mülki iş üzrə Cavabdeh ilə birgə rəsmi nikahda olmuş, birgə nikahlarından iki övladı olmuşdur. Nikahlarına Bakı şəhərinin Nizami rayon məhkəməsində xitam verilmişdir, hazırda bir ildir ki, ayrılıqda yaşayırlar. Cavabdeh, 2023-cü il tarixindən başlayaraq, ona hər cür şər-böhtan atmaqla, əxlaqsız sözlərlə təhqir etməklə yanaşı, müxtəlif hədə-qorxular gəlir. Nikahlarının pozulması təşəbbüsü bu adam tərəfindən gəlmiş və mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya təşkilatında olarkən, barışıq sazişi imzalamış və birgə nigah dövründə öz payına düşən əldə etdikləri hər şeydən imtina etmişdir. Barışıq sazişi Səbail rayon məhkəməsi tərəfindən təsdiq olunmuşdur. Həmin ərəfələrdə, birgə nikahda əldə etdikləri və ona məxsus olan cehiz əşyaları, uşaqları ilə evdə olmayanda sındırılıb məhv edildi və şəkilləri də onun tərəfindən telefonla ona göndərilmişdir. Onları əlavə edir ərizəyə. Bir neçə dəfə, müvəqqəti təminatla bağlı məhkəməyə müraciət etsə də, məhkəmələr ona bəlli olmayan səbəblərdən ərizəni təmin etməmişdir və nəticədə ona həmin əşyaları qırıb-dağıtmaq şəraiti yaradılmışdır. Sonuncu təminat tədbiri barədə ərizəsi - onun, mənzildən istifadə etməsi, əşyalarının və uşaqlarının dərs vəsaitlərinin götürülməsi, mübahisə məhkəmədə baxılıb qurtaranadək mənzilə girib- çıxmağı ilə bağlı maneçiliyin cavabdehə qadağan edilməsi, mənzilin açarının bir nüsxəsinin ona verilməsi və hər hansı digər rahatsız edici - təhqir, hədə-qorxu, onların şəxsi əşyalarına toxunan hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi müvəqqəti təminat tədbiri isə məhkəmə tərəfindən təmin edilmişdir. Cavabdeh, ona şəxsi mülkiyyət hüququ əsasında məxsus olan “Haval” markalı, ** LA *** dövlət qeydiyyat nişanlı avtomobili ona verdiyi iki etibarnamə əsasında idarə edirdi. Hər iki etibarnamə ləğv edilmişdir, indi bu adam avtomobilini idarə edərək yol hərəkəti haqqında qanunları qəsdən pozmaqla ona cərimələr yazdırır, odur ki, nəqliyyat vasitəsi dayandırılıb bu adamdan alınmalıdır. Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mediasiyanın keçirilməsinə və barışıq sazişi barədə razılığa gəlinməsinə baxmayaraq, təkrar mediasiya tədbiri keçmişdir. “Haval” markalı, ** LA *** dövlət qeydiyyat nişanlı avtomobili, 43 000 (qırx üç min) manat kimi qiymətləndirir. Real dəyərindən xeyli aşağıdır. Belə ki, bu avtomobili 2023-cü il tarixində avtosalondan 53 000 manata yağın içində almışlar.

İş materialları :

1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1866/2024 saylı qətnaməsindən görünür ki, ərizənin təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişinin 3.3-cü bəndinin “Tərəflər təsdiq edirlər ki, birgə nikahda əldə edilmiş nəqliyyat vasitəsi birinci tərəf İddiaçı mülkiyyətində qalır. İkinci tərəf Cavabdeh Rüfət oğlu bu avtomobilə olan hüququndan imtina edir və gələcəkdə iddia və tələblə çıxış etməyəcəyinə dair öhdəlik götürür (qeydiyyat şəhadətnaməsi: 77LA167, qeydiyyat tarixi: xx.xx.2023). Göstərilən avtomobilə ər-arvadın birgə mülkiyyət hüququ itirilir.” şəklində məcburi icrası üçün təsdiq edilməsi qət edilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-732/2025 saylı qərardadından görünür ki, maraqlı şəxs Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)- 1866/2024 nömrəli qətnaməsi qismən, İddiaçı ilə Cavabdeh arasında Bakı 8 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin 3-cü bölməsinin 3.2.-ci və 3.3.-cü bəndlərinin təsdiq edilməsinə dair hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

2. BB seriyalı, 426491 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, “Haval” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçıdır.

3. İş materiallarına əlavə edilmiş sms-dən görünür ki, xx.xx.2024-cü il tarixli, ******* nömrəli protokol əsasında İddiaçı İXM-nin 346-1.1-ci maddəsinə əsasən 20 manat cərimə edilmişdir.

4. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(007)-325/2024 saylı qərardadından görünür ki, ərizənin qismən təmin edilməsi, “Haval” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı hər hansı hərəkətlərin edilməsinin Cavabdeh qadağan edilməsi qərara alınmışdır.

5. “Mediasiya Şurası” Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, MŞB/8/2024-02553 nömrəli “ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışından görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etsələr də, hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İddiaçı tərəfindən 50 manat İMS və 10 manat poçtkargüzarlıq xərci ödənilmişdir.

6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Haval H6 HEV (hibrid)” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən İddiaçı adına qeydiyyatdadır.

7. Nəqliyyat vasitəsi barədə məlumatların kompüter çıxarışından görünür ki, “Haval H6 HEV (hibrid)” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçı olmaqla, onun tərəfindən Cavabdeh xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə nəqliyyat vasitəsini idarə etmək hüququ verən etibarnamə vermiş, hər iki etibarnaməyə müvafiq olaraq xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə xitam verilmişdir.

8. "xxxx" QSC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 163/23 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilənin predmetini 2023-cü il istehsalı 1 (bir) ədəd, Qara rəngli, Haval H6 HEV markalı Universal, VİN: LGWEFUA58PH925828, Mühərrik №**********9, minik avtomobilini, (gələcəkdə müqavilədə avtomobil kimi adlandırılacaq), həmçinin avtomobilin texniki sənədlərinin və ləvazimatlarının “Satıcı” tərəfindən “Alıcı”nın mülkiyyətinə verilməsi, tələb olunduqda “Satıcı” tərəfindən zəmanət dövrü vaxtında xidmətlərin göstərilməsi, zəruri işlərinin görülməsi (gələcəkdə mügavilədə “işlər” kimi adlandırılacaq), “Alıcı" tərəfindən isə bu avtomobillərin və işlərin haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Bu müqavilənin predmetinə uyğun olaraq bir ədəd avtomobilin qiyməti 56000 manat təşkil edir.

11. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

12. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, 2009-cu ildə ailə həyatı qurmuşlar və nikahdan iki övladları var. 15 ildən sonra nikahın pozulmasına qərar vermişlər. Mediasiyada uşaqların ananın yanında qalması, aliment, iki ev və maşın ona qalacağına dair barışıq sazişi imzalamışlar. Barışıq sazişi Səbail rayon Məhkəməsi tərəfindən təsdiq olundu. Sonra cavabdeh tərəfində verilmiş apellyasiya şikayəti üzrə Apellyasiya Məhkəməsinin mövqeyi oldu ki, 1 maşın və 1 ev onun adına olduğu üçün onun təsdiqə ehtiyacı yoxdur. Cavabdehin dediklərinin hamısı yalandır. Özü daima evdə boşanmaq üçün davam salmışdır. Mediasiyada o, aldadılmayıb. Özü könüllü olaraq barışıq sazişini imzalamışdır.

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbinin rədd edilməsini xahiş edərək izahatında bildirmişdir ki, barışıq sazişi bağlanılan zaman onu aldadıblar. Barışıq sazişini təsdiq edən Səbail Rayon Məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti vermişdir. Apellyasiya Məhkəməsi maşın və 1 otaqlı evə dair bəndləri ləğv edib, həmin əmlakları onların birgə mülkiyyətinə qaytarmışdır. Həmçinin qeyd etmişdir ki, həmin avtomobil təxmini 58.000 manata alınmışdır. Hazırda dəyəri isə 40000, 43000- 45000 manat olar. Onun təklifi odur ki, ya o, iddiaçıya 20000 manat ödəməklə avtomobili özündə saxlaaın, ya iddiaçı ona 20000 manat ödəməklə avtomobil cavabdehə qalsın, ya da avtomobil satılaraq əldə edilən vəsait yarı bölünsün. Hazırda həmin avtomobil ondadır.

İşin faktiki halı :

14. İddiaçı ilə Cavabdeh xx.xx.2009-cu ildə birgə nikaha daxil olmuşlar və tərəflərin birgə nikahına Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2159/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xitam verilmişdir.

15. Birgə nikah dövründə "xxxx" QSC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 163/23 nömrəli alqı-satqı müqaviləsinə əsasən dəyəri 56000 manat olan “Haval H6 HEV (hibrid)” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı tərəfindən əldə edilmiş və onun adına da rəsmiləşdirilmişdir.

16. İddiaçı ilə cavabdeh arasında Bakı 8 saylı Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanılaraq birgə nikah dövründə əldə edilmiş nəqliyyat vasitəsinin İddiaçı mülkiyyətində qalması, Cavabdeh Rüfət oğlu bu avtomobilə olan hüququndan imtina etməsi və gələcəkdə iddia və tələblə çıxış etməyəcəyinə dair öhdəlik götürmüşdür (qeydiyyat şəhadətnaməsi: 77LA167, qeydiyyat tarixi: xx.xx.2023). Göstərilən avtomobilə ər-arvadın birgə mülkiyyət hüququ itirilməsi barədə razılaşmışlar.

17. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1866/2024 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixində bağlanmış barışıq sazişi təsdiq edilmişdir.

18. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-732/2025 saylı qərardadı ilə maraqlı şəxs Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-1866/2024 nömrəli qətnaməsi qismən ləğv edilmiş və sazişin avtomobilə dair bəndinin (3.3) icrası ilə bağlı tərəflərdən hər hansı birinin müəyyən hüquqi hərəkətləri icra etmək öhdəliyi olmadığından, barışıq sazişinin bu şərtinin özü-özlüyündə bir növ mövcud vəziyyətin, yəni bu bəndlərdə qeyd olunan və saziş bağlanılarkən də ərizəçinin adında olan əmlakların onda saxlanılmasına yönəldiyindən həmin hissədə barışıq sazişinin təsdiq edilməsinə zərurət olmadığı qərarına gəlinərək həmin hissədə iş üzrə icraata xitam verilmişdir.

19. Hazırda “Haval” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh faktiki sahibliyindədir.

20. Həmin avtomobilə dair İddiaçı tərəfindən Cavabdeh nəqliyyat vasitəsini idarəetmə hüququna dair etibarnamə verilmiş etibarnaməyə xitam verilmişdir.

Məhkəmə baxışının hədləri:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

22. Azərbaycan Respublikası Konstitusiyasının :

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Məhkəmənin mövqeyi :

25. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

26. Belə ki, İddiaçı Cavabdeh qarşı “əmlak və pul” tələbini ona məxsus olan “Haval” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdeh tərəfindən heç bir əsas olmadan özündə saxlanılması ilə əsaslandırmışdır.

27. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

28. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

29. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

30. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.

31. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, “Haval” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı ilə Cavabdeh birgə nikahı dövründə əldə edilmişdir. Tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinə əsasən cavabdeh həmin əmlakda olan payından iddiaçının xeyrinə imtina etmişdir. Lakin hazırda həmin barışıq sazişinin aldadılma nəticəsində bağladığını əsas gətirərək nəqliyyat vasitəsini iddiaçıya qaytarmaqdan imtina edir.

32. Məhkəmə qeyd edir ki, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.

33. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür.

34. Vindikasiya iddiası petitor iddianın əsas növü sayılır. Vindikasiya iddiası özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək barədə iddiadır. Bu, mülkiyyətçinin əşyaya sahibliyi itirdiyi hal üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən məcburi tələb etməkdən ibarətdir. Vindikasiya iddiasının anlayışı Mülki Məcəllənin 157.2-ci maddəsində verilmişdir. Həmin anlayışa görə, vindikasiya iddiası əşyaya sahib olmayan mülkiyətçinin ona sahib olan qeyri-mülkiyyətçiyə qarşı iddiasıdır. Bununla da, vindikasiya prosesində tərəflər: iddiaçı, əşyaya faktikı sahibliyiyni itirmiş mülkiyyətçi, cavabdeh isə vicdanlı və vicdansız olmasından asılı olmayaraq, əşyaya faktiki malik olan sahibdir. Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmlak mülkiyyətçisidir. Burada borclu subyekt iddanın qaldırıldığı anda əşyaya malik olan qeyri-qanuni sahibdir. Vindikasiya obyekti natura şəklində fərdi müəyyən edilə bilən əşya olmalıdır.

35. Məhkəmə qeyd edir ki, belə olan halda hazırki iddianın qanuni əsası kimi mübahisəyə Mülki Məcəllənin 157.2-ci maddəsi tətbiq edilməlidir. Həmin normaya görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

36. Məhkəmə qeyd edir ki, iddianın təmin edilməsi üçün qeyd edilən normanın dispozitiv şərtləri mövcud olmalıdır.

37. Qeyd edilən normanın dispozisiya şərtləri isə aşağıdakılardır:

1. Tələb edilən əmlak iddiaçının mülkiyyətində olmalı;

2. Həmin əmlak cavabdehin sahibliyində olmalı;

3. Cavabdehin həmin əmlaka sahibliyi qanunsuz olmalıdır.

38. Məhkəmə qeyd edir ki, hazırki mülki işin faktiki halları qeyd edilən normanın dispozisiya şərtləri ilə üst-üstə düşür. Əmlakın iddiaçının mülkiyyətində olması:

39. İşin faktiki halı odur “Haval” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh birgə nikahda olduğu müddətdə alınmışdır.

40. Tərəflər arasında ailə münasibətləri pozulduqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmişlər və tərəflər arasında mediasiya prosesi nəticəsində Bakı 8 saylı Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanılmışdır.

41. Həmin barışıq sazişinə əsasən tərəflər arasında birgə nikahlarından anadan olmuş uşaqların valideynlərdən hansının yanında saxlanılması, aliment, uşaqla ünsiyyət və birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsünə dair razılıq əldə edilmişdir.

42. Həmin barışıq sazişin hazırki mübahisə obyekti olan avtomobilə dair razılaşmanı nəzərdə tutan 3.3-cü bəndinə əsasən “Birgə nikah dövründə əldə edilmiş nəqliyyat vasitəsinin birinci tərəf İddiaçı mülkiyyətində qalması, ikinci tərəf Cavabdeh Rüfət oğlu bu avtomobilə olan hüququndan imtina etməsi və gələcəkdə iddia və tələblə çıxış etməyəcəyinə dair öhdəlik götürmüşdür (qeydiyyat şəhadətnaməsi: 77LA167, qeydiyyat tarixi: xx.xx.2023). Göstərilən avtomobilə ər-arvadın birgə mülkiyyət hüququ itirilməsi barədə razılaşmışlar.”

43. Məhkəmə qeyd edir ki, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir.

44. Mülki qanunvericiliyin məqsədi mülki dövriyyə azadlığını təmin etmək, yəni subyektlərin öz şəxsi mənafelərini həyata keçirməyə hüquqi şəraiti yaratmaqdır (Mülki Məcəllə, maddə 1.1). İstər bu məqsəddən irəli gələn iradə sərbəstliyi (Mülki Məcəllə, maddə 6.1.2) və müqavilə azadlığı prinsipləri (Mülki Məcəllə, maddə 6.1.5 və 390), istərsə də Mülki Məcəllənin 12.2-ci maddəsinin “Mülki hüquq münasibətlərinin subyektləri həm qanunla birbaşa qadağan olunmamış hərəkətləri, həm də qanunda bilavasitə nəzərdə tutulmamış hərəkətləri icra edə bilərlər” müddəası onu deməyə əsas verir ki, barışıq razılaşması da mülki qanunvericilikdə nəzərdə tutulan müqavilələrdən biri olmaqla, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaradan əqd növüdür.

45. Müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Başqa sözlə, şəxslər ifadə etdikləri iradələri ilə özlərinin mülki hüquq və vəzifələrini əmələ gətirir, dəyişdirir və ya xitam edirlər. İradə bəyanı şifahi, sadə yazılı və ya rəsmi (notarial) formada, birtərəfli və ya müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər, məsələn, vəsiyyətnamə, etibarnamə, müqavilə və s. (Mülki Məcəllə, maddə 324.1, 324.2, 389.1, 406).

46. Barışıq razılaşmasının bağlanması üçün bir qayda olaraq forma tələb olunmur, lakin razılaşmada hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır (Mülki Məcəllə, maddə 881.3). Məsələn, daşınmaz əşyaya sərəncam verilməsi razılaşdırılırsa, belə saziş notarial qaydada təsdiqlənməlidir.

47. Qanunvericilikdə barışıq sazişinin digər formaları da nəzərdə tutulmuşdur. Belə ki, tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi yazılı formada bağlanır.

48. Göründüyü kimi tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinə əsasən Cavabdeh birgə nikah dövründə əldə edilmiş mübahisə obyekti olan avtomobilə dair payından iddiaçının xeyrinə imtina etmişdir.

49. Həmin barışıq sazişi ilə tərəflərin iradə ifadəsinin nəticəsi olaraq bağlanılmış və cavabdeh sərbəst şəkildə iradə ifadəsini bildirərək mübahisə obyekti olan əmlakda payından iddiaçının xeyrinə imtina etmişdir. Barışıq sazişi ilə cavabdeh əmlakda olan mülkiyyət hüququna xitam vermişdir.

50. İddiaçı həmin barışıq sazişini aldatma nəticəsində bağlanıldığını bildirsə də, barışıq sazşinin bağlanıldığı tarixdən bugünə qədər uzun müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən məhkəmə qaydasında mübahisələndirməmişdir. Yəni barışıq sazişinin etibarsızlığı, ləğv edilməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir, saziş qüvvədədir.

51. Həmçinin müəyyən edilmişdir ki, barışıq sazişi Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə məcburi icra edilməsi üçün təsdiq edilmişdir.

52. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-732/2025 saylı qərardadı ilə qismən təmin edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-1866/2024 nömrəli qətnaməsi qismən ləğv edilmiş və sazişin avtomobilə dair razılaşmanı nəzərdə tutan 3.3 bəndinin təsdiq edilməsinə dair hissədə iş üzrə icraata xitam verilmişdir.

53. Cavabdeh bildirir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən Səbail Rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək avtomobilə dair razılaşmanı nəzərdə tutan bəndinə dair hissədə iş üzrə icraata xitam verildiyindən hazırda həmin avtomobil onların birgə mülkiyyətinə qayıtmışdır.

54. Məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-732/2025 saylı qərardadında qeyd edilmişdir ki, sazişin qeyd edilən bəndlərinin icrası ilə bağlı tərəflərdən hər hansı birinin müəyyən hüquqi hərəkətləri icra etmək öhdəliyi omadığından, barışıq sazişinin bu şərtləri özü-özlüyündə bir növ mövcud vəziyyətin, yəni bu bənlərdə qeyd olunan və saziş bağlananadək də ərizəçinin adında olan əmlakların onda saxlanılmasına yönəldiyindən sazişin 3.2-ci və 3.3-cü bəndlərinin təsdiq edilməsinə zərurət olmaması, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv olunmalı və iş üzrə icraata sazişin 3.2-ci və 3.3-cü bəndlərinin təsdiq edilməsinə dair hissədə xitam verilməlidir.

55. Yəni barışıq sazişinin təsdiq edilməsində əsas məqsəd onun məcburi şəkildə icrasına nail olmaq olduğundan, tərəflər arasında bağlanılmış barışıq sazişinin 3.2 və 3.3cü bəndlərinin təsdiq ediləcəyi halda isə tərəflərin hər hansı birinin üzərinə müəyyən hüquqi hərəkətləri icra etmək öhdəliyi qoyulmayacağından Məhkəmə həmin hissədə barışıq sazişinin məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməsinə zərurət olmadığını müəyyən etmişdir.

56. Odur ki, hazırda tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişi qüvvədə olduğundan və mübahisə obyekti olan “Haval” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətində olduğundan hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

Əmlakın cavabdehin sahibliyində olması:

57. İşin mübahisəsiz halıdır ki, mübahisə obyekti olan “Haval” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh faktiki sahibliyindədir.

58. Belə ki, məhkəmə iclasında Cavabdeh izahatında mübahisə obyekti olan “Haval” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırda onun faktiki sahibliyində olduğunu bildirmişdir.

Cavabdehin əmlaka sahibliyinin qanunsuz olması:

59. İşin araşdırılan hallarına əsasən müəyyən edilmişdir ki, cavabdehin “Haval” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilə sahiblik və istifadə hüquq yoxdur. Əmlakın hazırda onların sahibliyində olmasının qanuni əsası mövcud deyil.

60. Müəyyən edilmişdir ki, mülkiyyət hüququ ilə İddiaçı məxsus olan mübahisə obyekti olan “Haval” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair iddiaçı tərəfindən Cavabdeh verilmiş nəqliyyat vasitəsini idarəetmə hüququna dair etibarnaməyə xitam verilmişdir.

61. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 362.1-ci maddəsinə görə etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətdir. Bu xüsusda etibarnamə mülkiyyət hüququnu təsdiqləyən sənəd deyil. Mülki Məcəllənin 365.1.1-ci maddəsinə görə də etibarnamənin müddətinin bitməsi və 365.1.3-cü maddəsinə əsasən etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi etibarnamənin qüvvəsinə xitam verir.

62. Buna görə də məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

63. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsində qeyd edilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz

64. Məhkəmə qeyd edir ki, mübahisə obyekti olan “Haval” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması iddiaçının pozulmuş mülkiyyət hüququnu bərpa edəcəkdir.

65. Həmçinin iddiaçı avtomobilin olmadığı təqdirdə, onun dəyərinin, yəni 43000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.

66. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında avtomobilin dəyəri ilə bağlı mübahisə yoxdur. Belə ki, məhkəmə tərəfindən cavabdehdən avtomobilin hazırki dəyərinin nə qədər təşkil etməsi ilə bağlı mövqeyi aydınlaşdırıldıqda avtomobilin dəyərinin 43000-45000 təşkil edə biləcəyini bildirmişdir.

67. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin maşın olmadığı təqdirdə onun dəyərinin, yəni 43000 manat məbləğində pulun cavabdehdən tutulmasına dair hissəsi cavabdeh tərəfindən maşının dəyərinə münasibətdə mübahisələndirilmədiyi, əksinə təsdiq edildiyi üçün məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsinə zərurət müəyyən edilməmişdir.

Məhkəmə Xərcləri:

68. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Republikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə :

69. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus “Haval H6 HEV Hibrid-minik” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılmalı, avtomobil olmadığı halda cavabdehdən avtomobilin dəyərinin əvəzi olaraq 43000 (qırx üç min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi təmin edilsin. İddiaçı məxsus “Haval H6 HEV Hibrid-minik” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılsın, nəqliyyat vasitəsi olmadığı halda onun dəyərinin əvəzi olaraq 43000 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar