Məhkəmə qərarları › İş №2(103)-5398/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5398/2025

24.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5398/2025 24.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli e-2(007)- 1495/2025 nömrəli qərardadından İddiaçı buraxılmış prosessual müddətin bərpasına dair vəsatəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1495/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" X4 Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmlakın həbsdən azad olunması, ipoteka ilə yüklülüyünə xitam verilməsi və mülkiyyət hüququnun bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi ev 22 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən, hazırda Cavabdeh2 QSC-nin mülkiyyətinə verilmiş 0,09832 ha torpaq sahəsinin ipoteka ilə yüklülüyünə xitam verilməsi və əmlakın həbsdən azad olunması, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi ev 22 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən 0,09832 ha torpaq sahəsinə Cavabdeh2 QSC-nin mülkiyyət hüququnun ləğv edilməsi, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi ev 22 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən 0,09832 ha torpaq sahəsinə əvvəllər mövcud olmuş İddiaçı mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli e-2(007)- 1495/2025 saylı qərardadı ilə İddiaçı "xxxx" X4 Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmlakın həbsdən azad olunması, ipoteka ilə yüklülüyünə xitam verilməsi və mülkiyyət hüququnun bərpası” tələbinə dair iddia üzrə icraata xitam verilmişdir. Mülki iş üzrə İddiaçı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli e-2(007)-1495/2025 saylı qərardadından şikayət və buraxılmış prosessual müddətin bərpasına dair vəsatət ilə məhkəməyə müraciət etmişdir. Ərizəyə baxılması ilə əlaqədar birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasında iddiaçı vəsatəti müdafiə edib, əlavə olaraq bildirmişdir ki, onun tərəf olduğu bir çox məhkəmə işləri var və ona görə də elektron kabinet vasitəsilə hansı iş üzrə qərardad yerləşdirildiyini bilməmişdir. Bu səbəbdən buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1495/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli e- 2(007)-1495/2025 saylı qərardadından İddiaçı şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatəti təmin edilməmişdir. İddiaçının həmin qərardaddan verdiyi şikayət Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. İddiaçının elektron qaydada ərizəsi daxil olmuş və məhkəmədən mübahisələndirilən qərardadın ləğv edilməsi, müddətin bərpa edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1495/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 135.6-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İş materiallarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli e-2(007)-1495/2025 saylı qərardadı xx.xx.2025-ci il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. Lakin iddiaçı xx.xx.2025-ci il tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli e-2(007)-1495/2025 saylı qərardadından şikayət və buraxılmış prosessual müddətin bərpasına dair vəsatət ilə məhkəməyə müraciət etmişdir Göründüyü kimi şikayət qərardaddan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verilmişdir. MPM-ə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır. Qeyd edilən müddəalardan aydın olur ki, iddiaçının ərizəsində göstərdiyi dəlil müddətin ötürülməsinin üzrlü səbəbi qismində qəbul edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı tutarlı sübut təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina ilə bağlı gəldiyi nəticə tam qanuni və işin hallarına uyğundur. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1495/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar