Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-943/2021 02.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bağladığı nikah Nizami Rayon Məhkəməsinin 2(007)-577/2010 saylı, 05.04.2010-cu il tarixli qətnaməsi ilə pozulmuş və birgə nikahdan olan 2006-cı il təvəllüdlü X3 üçün onun əmək haqqının sabit pul məbləğində 72 manat alimentin tutulması qət edilmişdir. Lakin buna baxmayaraq aliment öhdəliyi cavabdeh tərəfindən qərəzli olaraq tam həcmdə yerinə yetirilmir. Daha sonra bir neçə il keçdikdən sonra o müəyyənləşdirilmiş aliment məbləğinin artırılması haqqında iddia ərizəsi vermişdir və nəticədə, Nizami Rayon Məhkəməsinin 2(007)-1092/2019 nömrəli. 28.02.2019-cu il tarixli qətnamə ilə aliment məbləği 160 manat məbləğində müəyyənləşdirilmişdir. Lakin bu minimum da cavabdeh tərəfindən qərəzli olaraq ödənilmir və aliment borcu aydan-aya artır. Bu səbəbdən də yetkinlik yaşına çatmayan övladının saxlanılması yalnız onun üzərinə düşmüşdür. Uşaq gündən-günə böyüyür və onun üçün tələb olunan xərclər də artır. Həmçinin adam başına aid olan istehlak səbətinin dəyəri də xeyli artmışdır və ona görə də Nizami Rayon Məhkəməsinin qətnaməsilə 160 manat məbləğində müəyyənləşdirilmiş aliment pulunun artırılmasına zərurət yaranıbdır. Eyni zamanda respublikada gedən manatın devalvasiya prosesləri də bu vəziyyəti daha da ağırlaşdırır. Respublikada son zamanlar istehlak və qida məhsullarının qiymətlərinin artımı ilə əlaqədar olaraq gündən-gündən böyüyən qızının gündəlik tələbatlarının ödənilməsi qeyri-mümkün olduğundan o məcbur olaraq aliment məbləğinin artırılması ilə əlaqədar iddia ərizəsi ilə müraciət edir. Hazırda möhtərəm Prezidentimiz fərmanı ilə “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda uşağın minimum saxlanılması xəcləri artırılmışdır və 170 manat məbləğində müəyyənləşdirilmişdir. Himayəsində azyaşlı uşağın olduğuna görə məcbur olaraq bu iddianı öz yaşadığı yer üzrə qaldırır. Çünki başqa yerə gedib-gəlmək üçün ona çətin olacaqdır. Qeyd olunanlara əsasən 23.03.2006-cı il tarixində anadan olan X2 (yetkinlik yaşına çatana qədər) saxlanılması üçün aylıq 170 manat alimentini Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, onun başqa ailəsi var, həmin ailədən iki övladı var. O heç onları dolandıra bilmir, qaldı ki, alimentin artımını ödəsin. İddia tələbinin təmin olunmamasını xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan AZ-İ seriyalı 117257 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 15.10.2010-cu il tarixdə 267 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İV seriyalı 255077 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 12.03.2006-cı il təvəllüdlü X3 anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-577/2010 saylı, 05.04.2010-cu il tarixli qətnaməsi ilə nikah pozulmuş və birgə nikahdan olan 2006-cı il təvəllüdlü X1 üçün cavabdehdən 72 manat alimentin tutulması qət edilmişdi. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1092/2019 saylı, 28.02.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05.04.2010-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan aliment artırılmış, tərəflərin birgə nikahından olan 12.03.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 170,00 manat müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan doğulmuş və İddiaçı himayəsində qalmış uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməklə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan aliment artırılmalı, tərəflərin birgə nikahından 23 mart 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan aliment artırılsın, tərəflərin birgə nikahından 23 mart 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-943/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-943/2021
02.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver