Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-945/2025 25.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “maddi ziyanın ödənilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı Cavabdehnə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş zərərlərin əvəzi olaraq 9200 manat pulun, bu məbləğin kompensasiyası olaraq illik faiz dərəcəsi 5 olmaqla iki ilə hesablanan 920 manat pulun və iddianın məhkəmədə baxılması üçün ödədiyi 125 manat dövlət rüsumunun əvəzi alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə bağladığı, avtomobil alqı-satqısı üzrə 16 mart 2022-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh MMC modeli “Changan CS 95”, buraxılış ili 2021-ci il olan (VİN:LS4ASE2A8MJ104741, rəng qara metallik) avtomobil dəyəri tam ödəlinədək texniki saz halda onun istifadəsinə verilməyi, avtomobilin bu müqavilə ilə razılaşdırılmış dəyəri tərəfindən tam ödənildikdən sonra isə avtomobil onun mülkiyyətinə verilməyi öhdəsinə götürüb. O, isə avtomobili qəbul etməyi və razılaşdırılmış dəyərini Cavabdeh MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2.5-ci bəndinin a) hissənin tələbinə görə alıcı bu Müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etmədikdə satıcı bu Müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malik olub və bu halda avtomobil onun likvid dəyəri ilə satıcı tərəfindən 3-cü şəxsə satıldıqdan sonra satış məbləği alıcının borcunu tam bağladıqda satıcı yerdə qalan məbləği alıcıya geri qaytarmalı, məbləğ alıcının borcunu ödəmədiyi təqdirdə isə alıcı qalıq borc məbləği satıcıya ödəməli idi. Həmin müqaviləyə görə də avtomobilə görə cavabdeh MMC-yə 9087 (doqquz min səksən yeddi) manat pul ödəməklə yanaşı, 490 (dörd yüz doxsan) manat icbari sığorta və nömrəyə görə pul ödəmişdir. Bundan sonra isə 3180 (üç min yüz səksən) manat da əlavə ödəniş etməklə ümumilikdə 12757 (on iki min yeddi yüz əlli yeddi) manat pul vermişdir. Sonradan səhhətində yaranmış problemlər ucbatından ödənişlər etmək mümkün olmayıb. Ona görə də cavabdeh avtomobil başqa şəxsə satıb və ona, ondan alınmış pulların müqabilində 3600 (üç min altı yüz) manat pul qaytarılıb və ona 9200 (doqquz min iki yüz) manat da verəcəklərini bildirsələr də sonradan müxtəlif bəhanələr gətirməklə pulu verməkdən boyun qaçırıblar. Cavabdehin bu qanunsuzluqlarından polisə tərəfindən şikayət verilmiş və Bakı Şəhəri Nəsimi Rayon Polis idarəsinin 23-cü Polis Bölməsində şikayəti araşdırılmış və dediyi faktlar öz təsdiqini tapmışdır. Lakin mübahisəli məsələ mülki məsələ olduğundan şikayəti üzrə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 25 dekabr 2022-ci il tarixli qərar qəbul edilmişdir. Bundan sonra da cavabdeh yenə də vədlər verərək ona qalan borcunu ödəyəcəyini, yəni müqavilə üzrə götürdüyü öhdəliyini yerinə yetrəcəyini bildirsə də bütün bunlar vəd olaraq qalmışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmiş və hesab edir ki, iddiada haqlıdır, cavabdehə ödədiyi artıq məbləğ, yəni 9200 (doqquz min iki yüz) manat pulu ona qaytarmalıdır.
Tərəflərin izahatları:
3. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, avtomobil üçün 9087 manat ilkin ödəniş olmaqla 24 ay müddətinə hər ay 3180 manat ödəniş etməli idilər. 9087 manat ilkin ödənişi və 1 ayın ödənişini etdi. Daha sonra ödəniş edə bilməyəcəyi üçün may ayında satış müdiri Orxanla telefonda şifahi razılaşdı. Baş mühasib Şahmarla danışdı. Avtomobili qaytardılar, ona 3600 manat pul verdilər. Bildirdilər ki, avtomobili satışa qoyacaqlar, əldə olunan puldan ona qaytaracaqlar. Avtomobili servisdən keçirdilər, heç bir problemi yox idi. İyun, iyul aylarında avtomobil 2000 manat aşağı qiymətə satıldı. Orxan bildirdi ki, heç nə qaytarmayacaqlar. Ona görə iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə bildirdi ki, iddia tələbini qəbul etmirlər. İddiaçı 9087 manat ilkin ödəniş və 1 ayın pulunu 3180 manatı ödəyib. Müqavilə qüvvədə olanda iddiaçı daha ödəniş edə bilməyəcəyini bildirdi. Avtomobili geri qaytardı, ona 3600 manat pul verdilər. Müqavilənin 3.2.5-ci bəndinin a) hissənin tələbinə görə alıcı bu Müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etmədikdə satıcı bu Müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malik olub və bu halda avtomobil onun likvid dəyəri ilə satıcı tərəfindən 3-cü şəxsə satıldıqdan sonra satış məbləği alıcının borcunu tam bağladıqda satıcı yerdə qalan məbləği alıcıya geri qaytarmalı, məbləğ alıcının borcunu ödəmədiyi təqdirdə isə alıcı qalıq borc məbləği satıcıya ödəməli idi. Avtomobil 2-ci alıcıya 103110 manata satılıb. Avtomobilin likvid dəyəri 66900 manat dəyərləndirilmişdir. İddiaçı satılan zaman isə maşının likvid dəyəri 69900 manat dəyərləndirilmişdir. Müqavilənin 3.2.5-ci bəndininə əsasən hesab edir ki, iddia tələbi əsassızdır, rədd olunmalıdır.
İş materialları:
6. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 mart 2022-ci il tarixli, B-032-AAE-22 nömrəli “Avtomobil alqı-satqısı üzrə” müqavilədən görünür ki, dəyəri 85407 manat məbləğində müəyyənləşdirilən “Changan CS 95” (buraxılış ili 2021-ci il olan (VİN:LS4ASE2A8MJ104741, rəng qara metallik) markalı avtomobil həmin avtomobilin dəyəri tam ödənildikdən sonra mülkiyyətinə verilmək şərti ilə istifadəsinə verilmişdir. Avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 85407 manat müəyyən edilmişdir. Müqavilənin 2.1-ci bəndinə uyğun olaraq 9087 manat məbləğində pul vəsaiti ilkin olaraq cavabdeh müəssisəyə ödənilmiş, qalan 76320 manat məbləğində pul vəsaitinin isə 24 ay müddətinə, hər ay 3180 manat olmaq şərti ilə ödəməyi ilə öhdəsinə götürmüşdür. Alıcı avtomobilin borcunu 12 ay müddətinədək bağladığı təqdirdə avtomobilin dəyəri tərəflərin razılığı ilə ƏDV daxil 79791 manat müəyyən ediləcək. Müqavilənin 3.2.5-ci bəndinin a) hissəsinə əsasən Alıcının bu Müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi üçün maliyyə qabiliyyəti olmalıdır. Bu müqavilə bağlanıldığı tarixdən etibarən Alıcı bu Müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malik olur. Bu halda, Avtomobil, onun ani likvid dəyəri ilə Satıcı tərəfindən üçüncü şəxslərə satıldıqdan sonra, satış məbləği “Alıcı”-nın borcunu tam bağladıqda Satıcı yerdə qalan məbləği Alıcıya geri qaytarır. Bu məbləğ "Alıcı”-nın borcunu ödəmədiyi təqdirdə "Alıcı" qalıq borc məbləğini “Satıcı”-ya ödəməlidir. “Alıcı" bundan imtina etdiyi təqdirdə “Satıcı” Məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir.
7. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Changan CS 95” (buraxılış ili 2021-ci il olan (VİN:LS4ASE2A8MJ104741, rəng qara metallik) markalı avtomobil qüsursuz və texniki saz vəziyyətdə alıcıya təhvil verildi. Alıcıya avtomobilin təchizatı və texniki xüsusiyyətləri izah edildi.
8. 25 dekabr 2022-ci il tarixli qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
9. 11.10.2024-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 125 manat dövlət rüsumu ödənilmişdir.
10. İddiaçı Cavabdehnə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh ilə bağlanmış, B-032-AAE-22 nömrəli müqavilə əsasında alınmış “Changan CS 95” (buraxılış ili 2021-ci il olan (VİN:LS4ASE2A8MJ104741, rəng qara metallik) markalı avtomobilin alqı-satqı müqaviləsinə, ödənişləri həyata keçirə bilmədiyinə görə 3600 manat məbləğində dəyərləndirilib alıcı tərəfindən xitam verilməsini xahiş etmişdir.
11. xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, 3600 manat məbləğində pul İddiaçı verilmişdir.
12. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Changan CS 95” (buraxılış ili 2021-ci il olan (VİN:LS4ASE2A8MJ104741, rəng qara metallik) markalı avtomobil 3600 manat dəyərində qiymətləndirərək geri almışdır.
13. X4 ilə Cavabdeh arasında bağlanmış 28 iyul 2022-ci il tarixli, B-158-AAE-22 nömrəli “Avtomobil alqı-satqısı üzrə” müqavilədən görünür ki, dəyəri 103110 manat məbləğində müəyyənləşdirilən “Changan CS 95” (buraxılış ili 2021-ci il olan (VİN:LS4ASE2A8MJ104741, rəng qara metallik) markalı avtomobil həmin avtomobilin dəyəri tam ödənildikdən sonra mülkiyyətinə verilmək şərti ilə istifadəsinə verilmişdir. Avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 103110 manat müəyyən edilmişdir. Müqavilənin 2.1-ci bəndinə uyğun olaraq 6690 manat məbləğində pul vəsaiti ilkin olaraq cavabdeh müəssisəyə ödənilmiş, qalan 96420 manat məbləğində pul vəsaitinin isə 60 ay müddətinə, hər ay 1607 manat olmaq şərti ilə ödəməyi ilə öhdəsinə götürmüşdür. Alıcı avtomobilin borcunu 36 ay müddətinədək bağladığı təqdirdə avtomobilin dəyəri tərəflərin razılığı ilə ƏDV daxil 90354 manat müəyyən ediləcək.
14. Dəyərləndirmə aktından görünür ki, İddiaçı satılan zaman “Changan CS 95” (buraxılış ili 2021-ci il olan (VİN:LS4ASE2A8MJ104741, rəng qara metallik) markalı avtomobilin likvid dəyəri 69900 manat dəyərləndirilmişdir.
15. Dəyərləndirmə aktından görünür ki, X1 zaman “Changan CS 95” (buraxılış ili 2021-ci il olan (VİN:LS4ASE2A8MJ104741, rəng qara metallik) markalı avtomobilin likvid dəyəri 66900 manat dəyərləndirilmişdir.
İşin faktiki halları:
16. Məhkəmə iclasında müəyyən olundu ki, “Changan CS 95” (buraxılış ili 2021-ci il olan (VİN:LS4ASE2A8MJ104741, rəng qara metallik) markalı avtomobil 16 mart 2022-ci il tarixli, B-032-AAE-22 nömrəli müqaviləyə əsasən İddiaçı 85407 manata satılmışdır. İddiaçı ilkin ödəniş olaraq 9087 manat, icbari sığorta və nömrəyə görə 490 manat və 1 ay 3180 manat cəmi 12757 manat ödəniş etmişdir. Lakin iddiaçı ödənişləri həyata keçirə bilmədiyi üçün avtomobili cavabdehə geri qaytarmışdır. Cavabdeh tərəfindən avtomobil geri qaytarıldığından 3600 manat məbləğində pul iddiaçıya qaytarılmışdır. Avtomobilin likvid dəyəri 66900 manat dəyərləndirilmişdir. Sözügedən avtomobil ikinci dəfə 103110 manata digər alıcıya satılmışdır. Hazırda iddiaçı ona vurulmuş zərərlərin əvəzi olaraq 9200 manat pulun və bu məbləğin kompensasiyası olaraq illik faiz dərəcəsi 5 olmaqla iki ilə hesablanan 920 manat pulun ödənilməsini xahiş edir.
Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 389.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 390.1-ci maddəsi ilə təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarı:
Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi rədd edilməlidir.
20. Belə ki, 16 mart 2022-ci il tarixli, B-032-AAE-22 nömrəli müqaviləni bağlamaqla tərəflər üzərlərinə öhdəlik götürmüşlər. Müqavilə bağlanan zaman iddiaçı müqavilə şərtləri ilə tanış olmuş və müqaviləni imzalamaqla müqavilədə qeyd olunan öhdəlik və hüquqlar ilə razılaşmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 mart 2022-ci il tarixli, B-032- AAE-22 nömrəli “Avtomobil alqı-satqısı üzrə” müqavilənin 3.2.5-ci bəndinin a) hissəsinə əsasən Alıcının bu Müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi üçün üçün maliyyə qabiliyyəti olmalıdır. Bu müqavilə bağlanıldığı tarixdən etibarən Alıcı bu Müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malik olur. Bu halda, Avtomobil, onun ani likvid dəyəri ilə Satıcı tərəfindən üçüncü şəxslərə satıldıqdan sonra, satış məbləği “Alıcı”-nın borcunu tam bağladıqda Satıcı yerdə qalan məbləği Alıcıya geri qaytarır. Bu məbləğ "Alıcı”-nın borcunu ödəmədiyi təqdirdə "Alıcı" qalıq borc məbləğini “Satıcı”-ya ödəməlidir. “Alıcı" bundan imtina etdiyi təqdirdə “Satıcı” Məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir.
21. Göründüyü kimi sözügedən avtomobil ikinci alıcıya 103110 manata, iddiaçıya isə 85407 manata satılmışdır. Müqaviləyə əsasən avtomobilin birinci dəfə likvid dəyəri 69900 manat olsa da ikinci dəfə avtomobilin likvid dəyəri 66900 manat qiymətləndirilmişdir. Beləliklə müqavilənin 3.2.5-ci bəndinin a) hissəsinə əsasən satış məbləği (likvid) alıcının borcunu tam bağlamadığı üçün cavabdeh iddiaçıya pul qaytarmalı deyil. Lakin cavabdeh tərəfindən 3600 manat iddiaçıya geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi artıqlaması ilə yerinə yetirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
22. Məhkəmə iddia tələbinin “kompensasiyası olaraq illik faiz dərəcəsi 5 olmaqla iki ilə hesablanan 920 manat pulun ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, qeyd olunan plenum qərarından görünür ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur belə olan halda qanunvericilik kreditora borcludan gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ verir. Lakin 16 mart 2022-ci il tarixli, B-032-AAE-22 nömrəli alqı-satqı müqaviləsində belə bir şərt satıcıya münasibətdə nəzərdə tutulmuşdır. Bu səbəbdən iddiaçı Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun hesablanmış pulu tələb etməkdə haqlı deyildir. Odur ki, iddia tələbi bu hissədə təmin edilə bilməz.
Məhkəmə baxışının hədləri:
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
Məhkəmə xərcləri:
24. İddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə:
25. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir.
26. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddiaçı Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova