Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-946/2024 29.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: "alimentin artırılması" tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Tələb:
1. İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh hal-hazırda alınan alimentin miqdarı dəyişdirilərək 21 mart 2011-ci il təvəllüdlü X2 üçün hər ay sabit pul məbləğində 400 manat aliment və mediasiya sessiyası üçün ödənilmiş 60 manat xidmət haqqı alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
iddia ərizənin əsaslandırıldığı hallar:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə ailə həyatı quraraq nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. Ailə münasibətləri pisləşdiyi üçün aralarında olan nikah ləğv edilmişdir və övladının yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh 150 (yüz əlli) manat aliment tutularaq ona ödənməsi barədə Tərtər Rayon Məhkəməsinin 20 iyun 2013-ci il tarixli 2(061)-568/2023 saylı qətnaməsi çıxarılmışdır. Artıq uzun ildir ki, o və övladı cavabdehlə birgə yaşamırlar. Uşaqların indiki çətin bir zamanda saxlanılmasının nə qədər çətin olduğununu sübut etməyə ehtiyac belə yoxdur. Cavabdehin kifayət qədər gəliri var. O həm məktəbdə müəllim işləyərək əmək haqqı alır, həmçinin çoxsaylı şagird hazırlayaraq aylıq gəliri 3000-4000 manat arasıdır. Hal-hazırda o, çox az aliment alır. Cavabdeh övladının digər xərclərində iştirak etmir. Cavabdehlə aralarında olan mübahisənin həlli üçün o, mediatora müraciət etdikdən sonra mediasiya prosesi təyin olunmuş, lakin cavabdehlə mediasiya sesiyasında razılaşmaq mümkün olmamışdır.
Cavabdehin etirazı:
3. İddiaçı «alimentin artırılması tələbinə dair» ona qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək «Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-568/2023 №-li qətnaməsi ilə Cavabdeh 21 mart 2011-ci ildə anadan olmuş X1 üçün cavabdehdən tutulması müəyyən edilən 150 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq 400 manat müəyyən edilməsi və 60 manat mediasiya xərcinin tutulub İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını» xahiş etmişdir. İş üzrə ikinci məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə, saat 10:00-a təyin edilmişdir. O, qeyd olunan iddia ərizəsini rəsmi qaydada hələ almasa da mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq 20 gün ərzində iddiaya yazılı etiraz edərək bildirir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi tam əsassızdır və təmin oluna bilməz. İddia tələbinin əsassız olmasına dair birinci dəlili ondan ibarətdir ki, İddiaçı iddia ərizəsində «21 mart 2011-ci ildə anadan olmuş X1 üçün 400 manat miqdarında alimentin alınıb ona verilməsi barədə tələb» irəli sürərkən «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il yanvar ayının 1-dən etibarən 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsinə əsaslanmışdır ki, bu da qanunun mənasının düzgün başa düşülməməsinin nəticəsidir. Belə ki, Qanunun həmin normasından çıxan nəticə ondan ibarətdir ki, 2024-cü il yanvar ayının 1-dən etibarən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsə də həmin məbləğin hamısının ata, yəni onun tərəfindən ödənilməsinin tələb edilməsi qanunsuzdur. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Belə olan halda 235 manatın yarısı, yəni 118 manatı atası, yəni onun tərəfindən, 117 manatı isə anası (İddiaçı) tərəfindən ödənilməlidir. Lakin iddiaçı qanunun bu norması ilə kifayətlənməyərək bir uşağa görə ondan 235 manat əvəzinə ondan 165 manat yüksək olan 400 manat sabit pul məbləğində aliment tələb edir ki, bu da tamamilə qanunsuzdur. Hesab edir ki, məhkəmə Konstitusiya və qanunların yuxarıda sadaladığı normalarına istinad edərək və onun ikinci dəfə ailə həyatı qurmağını, bu ikinci evlilikdən də 2 (iki) azyaşlı uşağının olmasını, öhdəsində 3 (üç) nəfər ailə üzvünün olmasını və onları da yaşayış minimumuna uyğun saxlamalı olduğunu nəzərə alıb 2 (iki) ay bundan əvvəl Tərtər Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilən 150 manat sabit pul məbləğində alimentin dəyişdirilmədən saxlanması barədə qətnamə çıxaracaqdır. Əks təqdirdə onun ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqları pozulmuş olacaqdır ki, o da bundan şikayət edəcəkdir. İddia tələbinin əsassız olmasına dair ikinci dəlili ondan ibarətdir ki, əvvəla, o, 21 sentyabr 2012-ci ildə ikinci dəfə nikaha daxil olmaqla ailə həyatı qurmuş və bu evlilikdən 06 sentyabr 2016-cı ildə anadan olmuş X4 və 20 oktyabr 2017-ci ildə anadan olmuş X3 adında 2 (iki) azyaşlı uşağı da vardır, yəni onun öhdəsində 3 (üç) nəfər ailə üzvü vardır və o, onları da yaşayış minimumumuna uyğun saxlamalıdır. Yəni, o, alimenti əvvəlki qaydada olaraq maksimum hər ay 150 manat ödəyə bilər. Belə vəziyyətdə çıxış yolu iddiaçının AR ƏƏSMN-ə müraciət etməklə Ünvanlı Dövlət Sosial Yardım (ÜDSY) almaq və uşaqlarının dövlət hesabına saxlanılmasını təmin etməkdir ki, bu da haqq-ədalətə uyğundur. İkincisi, İddiaçı iddia ərizəsində «400 manat miqdarında alimentin alınıb ona verilməsi barədə tələb» irəli sürərkən qanunun tələbini pozmuşdur. Belə ki, o, ən çoxu elə 150 manat aliment ödəyə bilər. Üçüncüsü isə 150 manat alimentin müəyyən edilməsinə dair Tərtər Rayon Məhkəməsinin qətnamə çıxarılmasından keçən 2 ay müddəti ərzində onun maddi vəziyyətində heç bir irəliləyiş yoxdu. Belə olan halda, yəni qətnaməyə əsasən alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərin maddi vəziyyətində dəyişiklik olmadığı, əksinə ailə vəziyyətinin daha da çətin bir duruma düşdüyü üçün AR AM-nin 112.1-ci maddəsinə əsasən alimentin miqdarı dəyişdirilə, yəni artırıla bilməz. Əks təqdirdə onun ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqları pozulmuş olacaqdır ki, o da bundan şikayət edəcəkdir.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, bildirdi ki, “UltraMed” Klinikasında işləyir, 480 manat əmək haqqı alır. Uşağın saxlanmasında çətinlik çəkir. Bu səbəbdən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh etirazda göstərilənləri müdafiə edərək bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, ailə qurub və 2 övladı da var. Bu səbəbdən ancaq 150 manat aliment ödəyə bilər.
İş materialları:
6. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 18 yanvar 2024-cü il tarixli, MSB18-2024/0019 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat mediasiya xərci ödəmişdir.
7. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-568/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X8 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay 150 (yüz əlli) manat sabit pul məbləği həddində müəyyən edilmiş, Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir.
8. AZ-İİ seriyalı, 654296 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 21 mart 2011-ci il tarixdə Bərdə rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
9. “AEMİS”-dən çıxarışdan görünür ki, Cavabdeh Qarabağ Regional Təhsil İdarəsində “müəllim, ümumi təhsil məktəbi” vəzifəsində işləyir. Aylıq əmək haqqı 1177.50 manatdır.
10. AZ-İ seriyalı, 786646 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X10 21 sentyabr 2012-ci il tarixdə Tərtər Rayon Qeydiyyat Şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2048 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad İsmayılova soyadında qalmışdır.
11. AZ-İİİ seriyalı, 804326 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 06 sentyabr 2016-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X6r.
12. AZ-İV seriyalı, 026252 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 20 oktyabr 2017-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X6r.
İşin faktiki halları:
13. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından 21 mart 2011-ci il təvəllüdlü X5 doğulmuşdur. Tərəflərin nikahı pozulmuşdur. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-568/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X8 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay 150 (yüz əlli) manat sabit pul məbləği həddində müəyyən edilmiş, Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh ikinci dəfə ailə qurmuş və iki övladı vardır. Hazırda iddiaçının tələb etdiyi alimentin miqdarının artırılması ilə razı deyil. 21 mart 2011ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün 150 manat məbləğində aliment ödəməyə imkanı olduğunu bildirmişdir.
Məhkəmə baxışının hədləri:
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:
8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
Tətbiq edilən hüquq:
16. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun:
13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
17. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
18. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı: Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
19. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının:
8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
20. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu:
2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
Məhkəmənin mövqeyi:
21. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
22. Göründüyü kimi Cavabdeh Qarabağ Regional Təhsil İdarəsində işləyir və aylıq əmək haqqı 1177.50 manat təşkil edir. İddiaçı isə məhkəmə iclasında bildirmişdir ki, “UraMed” Klinikasında işləyir və 480 manat əmək haqqı alır. Məhkəmə tərəflərin maddi durumunu nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Odur ki, məhkəmə 21 mart 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün müəyyən edilən 150 manat aliment məbləğinin artırılaraq 200 manat məbləğində müəyyən edilməsini ağlabatan hesab edir.
23. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşaqların mənafeyini, işin faktiki hallarını, həmçinin cavabdehin mənafeyini nəzərə alaraq, belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, hər ay 200 manat məbləğində aliment tutulmalıdır.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
25. Ona görə məhkəmə hesab edir ki, miqdarı dəyişdirilmiş aliment hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır.
Nəticə:
26. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 21 mart 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-568/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 21 mart 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməli.
27. Hazırki halda, alimentin tutulması ilə bağlı ödənilməli olan 30 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiya xərcindən az olduğundan, cavabdeh ödəməli olduğu dövlət rüsumunu ödəməkdən azad olunur.
28. Məhkəmə iddia tələbinin 60 manat mediasiya xərcinin tutulması hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin maddi durumu nəzərə alınaraq iddia tələbi bu hissədə təmin edilməməlidir.
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia qismən təmin edilsin. 21 mart 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-568/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 21 mart 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova