Məhkəmə qərarları › İş №2(008)-1004/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1004/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1004/2023 31.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8000 manat pulun, 1500 manat çəkilmiş xərcin və 115 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq, xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, 2022-ci ilin avqust ayında yaşadığı evin arxasında yerləşən torpaq sahəsinin mülkiyyətinə verilməsi üçün cavabdehə 8000 manat məbləğində pul vermişdir. Cavabdeh pulu alsa da, torpaq sahəsini verməmiş, həmçinin pulu da geri qaytarmamışdır. Həmin pulu aldığını cavabdehin özü də polis bölməsində verdiyi izahatında təsdiq etmişdir. Lakin xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Digər tərəfdən o, sözügedən torpaq sahəsinin ona satıldığını zənn edərək torpağı hasara almış, buna 1500 manat məbləğində xərc çəkmişdir. Göstərilənlərə əsasən tələbin təmin olunması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbin müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, həmçinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarından görünür ki, izahatı alınmış Cavabdeh bildirmişdir ki, təxminən 3 ay əvvəl qismən ona aid olan 4 sot torpaq sahəsini Aslana 8000 manata satmışdır, Bakı şəhəri 18 saylı notariat ofisində bununla bağlı etibarnamə vermişdir. Lakin sonradan torpaq sahəsinin başqa sahibinin olması məlum olmuşdur. Hazırda maddi imkansızlığı səbəbindən pulu geri qaytara bilmədiyini, sözügedən torpaq sahəsini 9 il əvvəl aldığını, 1 əvvəl satmaq qərarına gəldiyini, xx.xx.2022-ci il tarixədək İddiaçı pulunu qaytaracağına söz vermişdir. - Abşeron rayonu Hövsan Südçülük sovxozu üzrə xx.xx.2000-ci il tarixli, 16 nömrəli əmrdən çıxarışdan aydın olur ki, Abşeron rayonu İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 171 nömrəli sərəncamı ilə Hövsan südçülük sovxozunun həmkarlar komitəsinin xx.xx.2000-ci il tarixli 21 nömrəli protokoluna əsasən, fərdi ev tikmək üçün müraciət edən X4 0,12 ha torpaq sahəsi ayrılmışdır. - Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, X6 tərəfindən istifadəsində olan Abşeron rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozu üzrə xx.xx.2000-ci il tarixli, 16 saylı əmrə əsasən həmin ərazidə 0,12 ha sahədən ibarət torpağı özəlləşdirməyi, 400 kv.m-nə sərəncam verməyi və s. hərəkətlərin aparılması xx.xx.2072-ci il tarixədək X3 etibar edilmişdir. - Qusar RİHB-nin Quxuroba kənd İƏÜ nümayəndəliyi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X5 həmin tarixdə nikaha daxil olmuşlar. Beləliklə, məhkəmə baxışı ilə məlum olmuşdur ki, iddiaçı tərəfindən 400 kv.m torpaq sahəsinin alınması məqsədilə Cavabdeh 8000 manat məbləğində pul verilmiş, hətta bundan sonra iddiaçı həmin torpaq sahəsinə özününkü kimi davranaraq ətrafına hasar çəkmiş və buna 1500 manat məbləğində xərc çəkmişdir. Lakin sonradan iddiaçının arvadı X1 verməsi etibar edilmiş həmin torpağın başqa şəxsə aid olduğu məlum olmuş, bunu Cavabdeh Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-ndə verdiyi izahatında təsdiq etmiş, hətta İddiaçı aldığı 8000 manat pulu xx.xx.2022-ci il tarixədək ona qaytarmağa belə söz vermişdir. Göstərilənlərə əsasən, məhkəmə, iddiaçının məhkəməyə təqdim etdiyi sübutları tədqiq edib belə nəticəyə gəlir ki, iddiaçının hazırkı iddia tələbi mülki hüquq və prosessual normalara uyğun olmaqla, eyni zamanda haqlıdır. Odur ki, iddia tələbi təmin olunmalı və 8000 manat məbləğində pul vəsaiti, sonradan torpaq sahəsinə çəkdiyini xərcin əvəzi olaraq 1500 manat pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2-ci maddə). Həmin Məcəllənin 1092.1-ci maddəsində göstərilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmədə hazırkı iddianın qaldırılması üçün iddiaçı tərəfindən 115 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş məhkəmə xərci cavabdehə aid edilməklə, 115 manat ondan alınaraq, iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı hazırkı iddiası təmin edilərək, ondan cəmi 9500 manat məbləğində pul vəsaiti və 115 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 9500 (doqquz min beş yüz) manat məbləğində pul vəsaiti və 115 (bir yüz on beş) manat məbləğində dövlət rüsumu tutulsun. Cavabdeh qətnaməni aldıqdan 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar