Məhkəmə qərarları › İş №2(008)-1005/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1005/2023

27.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1005/2023 27.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəlüdlü X1 üçün Ağcabədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(017)-1081/2019 saylı qətnaməsi ilə təyin edilmiş 110 (yüz on) manat artırılaraq 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin və mediasiya üçün ödənilmiş 51 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağcabədi rayon məhkəməsinin xx.xx.2019cu il tarixli 2(017)-1081/2019 saylı qətnaməsinə əsasən Cavabdeh arasında xx.xx.2017- ci il tarixində nikahı pozulmuş və birgə nikahdan anadan olmuş xx.xx.2017- ci il təvəllüdlü X2 ananın yanında qalması və yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən 110 (yüz on) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırki, iqtisadi çətinliklər dövründə cavabdehin ödədiyi 110 manat aliment yetərincə deyildir. Belə ki, həmin vəsaitlə uşaqlarının saxlanılması və onların lazımı tələbatını təmin etmək mümkün deyildir. Hal-hazırda uşaqlarının maddi xərcləri onun tərəfindən ödənilir. Bildirmək istəyir ki, hazırda maddi imkanı olduqca zəifdir və buna görədə uşaqların maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Alimentin artırılması ilə bağlı mediasiya sesiyasında iştirak üçün cavabdehə əvəlcədən rəsmi məlumat verilmişdir. Lakin cavabdeh iclasda iştirak etmədiyindən heç bir razılıq əldə olunmamışdır. Bu səbəbdən mediasiya sessiyasından sonra prossesi məhkəmə qaydasında davam etdirmək barədə qərar qəbul olunmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbininb həcminin dəyişdirilərək artırılması barədə ərizə verərək, xx.xx.2017-ci il təvəllüdü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində 220 manat (iki yüz iyirmi) manat alimentin cavabdehdən tutulması sözlərinin yazılmasını və iddia predmetinin dəyişdirilməsinin məhkəmə tərəfindən qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin artırılmasına dair ərizə Mülki Prosesual Məcəllənin tələblərinə uyğun olduğundan məhkəmə tərəfindən mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, maddi imkanının olmadığını, sağlamlığı ilə bağlı işləyə bilmədiyini, əllik dərəcəssinin olmasını habelə yeni ailə qurmasını və təzə bir uşağ gözlədiklərini nəzərə alaraq, iddia tələbinin rədd edilməsini xaiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli cavabdeh tərəfindən təqdim edilmiş iddia ərizəsinə etiraz ərizəsindən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayon məhkəməsinə “alimentin məbləğinin artırılması tələbinə” dair iddia ərziəsi ilə müraciət edərək övladı X1 üçün Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1081/2019 saylı qətanməsi ilə təyin edilmiş 110 (yüz on manat) alimentin artırılaraq 193 (bir yüz doxsan üç) manat alimentin və mediasiya üçün ödənilmiş 51 manat dövlət rüsumunun ondan tutularaq ona ödənilməsini xahiş etmişdir. Lakin, o bu iddianı qəbul etmir və hesab edir ki, iddia rədd edilməlidir. O uşaqlıqdan xəstə olmaqla İİİ qrup əlildir. Bu barədə ona 21 iyun 2006-cı il tarixdə 001577 saylı əlil vəsiqəsi verilmişdir. Ona dövləti tərəfindən 120 manat əlilliyə görə müavinət verilir. O isə hər ay həmin məbləğin 110 manatını övladının saxlanılması üçün alimentə ödəyir. Özünün müalicələri xəstə və yaşlı ata-ananın aldıqları penasiyanın hesabına həyata keçirilir. İddiaçı iddia qaldırarkən ölkə üzrə yaşayış minumumlarına əsaslanmış, lakin onun nə qədər acınacaqlı və kasıb vəziyyətdə yaşayan xəstə bir əlil olmağını, eləcə də uşağın yaşayış minimumlarını təmin etməyin tək bir valideynin üzərinə düşən vəzifə deyil, hər iki valideynin vəzifəsi olduğunu nəzərə almamışdır. Məhkəmənin diqqətinə çatdırır ki, iddiaçının öz xarici görünüşündə etdirdiyi bahalı estetik əməliyyatlar, ağız boşluğunda, dişlərində aparılan müalicə, bərpa işləri heç də onun uşağı saxlamaq üçün maddi cəhətdən çətinlik çəkən ana olmadığının açıq göstəricisidir. Hazırda valideynləri onunla bərabər yaşayırlar və hər iki valideyni müxtəlif xəstəliklərindən əziyyət çəkirlər. Anası ağır insult keçirmiş, baxıma möhtac bir xəstədir. Eyni zamanda başında olan kistalar, ciddi ürək problemləri onun daim müalicə və qayğı altında olmasını zəruri edir. 66 yaşlı atası isə ağır təzyiq xəstəsidir. Eyni zamanda diqqətinizə çatdırır ki, iddiaçının maddi imkanları çox yüksək səviyyədədir və əslində iddiaçının onun ödədiyi alimentə heç bir ehtiyacı yoxdur. Bundan başqa iddiaçı məhkəməyə onun maddi vəziyyətinin alimentin artırılmasına sübut hesab edilə biləcək qədər yaxşılığa doğru dəyişdiyini sübut edən hər hansı bir sübut təqdim etməmişdir. Bir daha qeyd etmək istəyir ki, uşaqları saxlamaq hər iki valideynin borcudur və yaşayış minimumları eləcə də digər öhdəliklər valideynlər arasında bərabər şəkildə bölünməlidir. İddiaçı “alimentin məbləğinin artmlması tələbinə” dair iddiası rədd edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Ağcabədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 027829 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 atası Cavabdeh, anası İddiaçıdır. - Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1081/2019 nömrəli, 25 noyabr 2019-cu il tarixli qətnamənin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, İddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 04 noyabr 2017-ci il tarixdə bağlanmış nikah pozulması, tərəflərin birgə yaşadıqları dövrdə 21 iyul 2017-ci il tarixdə doğulmuş X4 anası İddiaçı yanında saxlanılması, 21 iyul 2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək maddi təminat üçün 01 oktyabr 2019-cu il tarixdən başlayaraq ünvan 1 ünvanda yaşayan Cavabdeh hər ay sabit pul məbləğində 110 manat aliment tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 6 saylı Mediasiya təşkilatının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı tərəfindən 50 (əlli) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh İİİ qruo əlildir. Təyinatın etibrlıq müddəti xx.xx.2022-ci il tarixədəkdir. “Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 220 manat yaşayış minimumundan da azdır və uşağın tələbatını ödəyə bilməz. Bununla da uşağın maraqlarını pozduğundan, onun maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, iddiaçı maddi cəhətdən çətinlik çəkdiyindən, uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tələb etdiyindən məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Beləliklə, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(017)-1081/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmalı, xx.xx.2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin artırılması və əlavə xərcin tutulmasılərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(017)-1081/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın. xx.xx.2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar