Məhkəmə qərarları › İş №2(008)-1020/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1020/2024

27.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1020/2024 27.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı Raheem Abbasın nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Raheem Abbas İ S Cavabdeh MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Raheem Abbas İ S Cavabdeh MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində ona dəymiş maddi zərərin, yəni 5000 (beş min) manat məbləğində pul vəsaitinin, tərəfindən bu mübahisənin həlli məqsədilə Azərbaycan Respublikasına gediş-gəliş prosesi üçün 600 dollar (1020 manat) və 500 dollar (850 manat) çəkilmiş xərcin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu göndərilməsi üçün vəkilə ödənilmiş 80 (səksən) manat pulun, iddia ərizəsinin tərtibatı üçün vəkilə ödənilmiş 50 (əlli) manat pulun, ekspertiza keçirilməsi üçün 500 (beş yüz) manat pulun və taksi xidməti üçün 150 (yüz əlli) manat əlavə xərclər olmaqla cəmi 2650 (iki min altı yüz) manat məbləğində pul vəsaitinin onun xeyrinə ödənilməsi və tərəfindən məhkəmə üçün ödənilmiş 91 (doxsan bir manat) manat məbləğində dövlət rüsumunun cavabdeh “Baku İnşaat MMC”-dən alınaraq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 10 nömrəli mənzil onun istifadəsindədir. O, mənzili təmir etmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC ilə razılaşmış, xx.xx.2023-cü il tarixdə cavabdehlə 14102 nömrəli podrat müqaviləsi bağlamışdır. Əldə etdikləri razılığa əsasən, Cavabdeh MMC təmir işlərini vaxtında və qüsursuz icra etməyi, müqavilə müddəti ərzində gözlənilməz hallar nəticəsində bütün qüsur və çatışmazlıqları aradan qaldırmağı, işin görülməsi üçün kifayət qədər təcrübəsi və qabiliyyəti olan lazımı işçi heyətini işə cəlb etməyi, eyni zamanda lazımı materialları almağı öz öhdəsinə götürmüşdür. Podrat müqaviləsindən də göründüyü kimi, cavabdeh xx.xx.2023-cü il tarixədək işi icra edib təhvil verməyi öhdəliyə götürmüşdür. Müqavilədə də qeyd olunduğu kimi, xx.xx.2023-cü il tarixdə xidmətlərin görülməsi məqsədilə tərəfindən 5000 (beş min) manat məbləğində ödəniş həyata keçirilmişdir. Lakin bugünədək cavabdeh tərəfindən heç bir təmir işi aparılmamış, öz üzərinə düşən öhdəliklər icra edilməmişdir. İddiaçı əcnəbi vətəndaş olduğundan tez-tez xaricə səfərdə olur, onun cavabdehin öz vəzifələrini icra etməkdən yayınmasından heç bir xəbəri olmamışdır. Təmirlə bağlı məlumatın verilməməsindən narahat olduğundan təşvişə düşmüş və əhəmiyyətli dərəcədə 600 dollar (1020 manat) məbləğində xərc çəkərək tez bir zamanda Azərbaycan Respublikasına qayıtmışdır. Bu zaman ona aşkar olmuşdur ki, cavabdeh tərəfindən onun istifadəsində olan mənzilə nə işçi heyətini cəlb edilmiş, nə də hər hansı bir təmir işi aparılmışdır. Bu məsələnin aydınlaşdırılması məqsədilə dəfələrlə cavabdehin ofisinə getsə də, ofis bağlı olduğundan heç bir məlumat əldə edə bilməmişdir. Eyni zamanda cavabdehlə əlaqə saxlamağa çalışsa da, zənglərinə cavab verilməmişdir. Yenə də ümidini kəsməmiş, cavabdehin öz öhdəliyinə götürdüyü işi icra edəcəyinə inanmışdır. Xaricdə olan işi ilə əlaqədar yenidən Azərbaycan Respublikasını tərk etməli olmuş və geri qayıtdığı zaman hələ də podratçının işi icra etmədiyini görmüş, bununla bağlı müvafiq tədbirlər görməyi qərara almışdır. O, bu səbəbdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə cavabdehin hüquqi ünvanının aydınlaşdırılması məqsədilə xx.xx.2023-cü il tarixli 281 nömrəli sorğu ünvanlamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən təqdim edilmiş 19 oktyabr 2023-cü il tarixli **********402000 nömrəli məktubda cavabdehin hüquqi ünvanı öz əksini tapmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14102 nömrəli 11 avqust 2023-cü il tarixli Podrat müqaviləsinin surətindən görünür ki, Raheem Abbas İ S ilə Cavabdeh MMC arasında müqavilə bağlanmışdır. Bu müqavilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək bağlanmışdır. Podratçı müqavilə qüvvədə olduğu müddət ərzində müqzvilə üzrə nəzərdə tutulmuş işləri sifarişçiyə təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 14/02 nömrəli müqaviləyə əsasən tərəflər arasında sərbəst qiymətlərin razılaşdırılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, mənzilin tam təmiri ilə bağlı ümumi qiymət 16.000 manat məbləğində razılığa gəlinmiş və ilkin olaraq 5000 manat pul X1 hesabından Cavabdeh MMC-nin AZ87UBAZ**********1010AZN001 hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli mədaxil orderinin surətinə əsasən 50 manat pul X4 tərəfindən 34 nömrəli vəkil bürosunun ******************** nömrəli hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzinə əsasən 80 manat pul Abbas Rahım tərəfindən 34 nömrəli vəkil bürosunun ******************** nömrəli hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 327819 nömrəli mədaxil orderinin surətinə əsasən 162 nömrəli rəy üçün “X3” MMC-nin hesabına X4 tərəfindən 500 manat pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş ********** nömrəli qəbzin surətinə əsasən xx.xx.2023cü il tarixində dövət rüsumu olaraq 91 manat X4 tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 752.1.-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İş materiallarından da göründüyü kimi tərəflər arasında müqavilə münasibətləri olmuşdur.11 avqust 2023-cü il tarixli 14102 nömrəli podrat müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Həmdəm Ağayev küçəsində, Greenville Residence yaşayış kompeksinin F2 blokunun 14-cü mərtəbəsində yerləşən 72.17 m2 sahədən ibarət 10 nömrəli mənzilin daxilində təmir-tikinti işlərinin aparılması barədə Cavabdeh MMC-nin direktoru X5 öhdəlik götürmüşdür. Cavabdeh MMC 11 avqust 2023-cü il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməyərək, müqavilə şərtlərini pozmuşdur. Cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən 5000 manat pul məbləği, əlavə xərc olaraq 630 manat və 76,30 manat dövlət rüsumu iddiaçı Raheem Abbas İ S xeyrinə tutulmalıdır. Həmçinin 150 manat taksi xidməti və Azərbaycan Respublikasına gediş-gəlişlə bağlı 600 dollar (1020 manat) və 500 dollar (850 manat) ilə bağlı iddia tələbinə qiymət verərək hesab edir ki, bu barədə məhkəməyə sübut təqdim edilmədiyindən iddia bu hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 5000 (beş min) manat pul məbləği, əlavə xərc olaraq 630 (altı yüz otuz) manat və 76,30 (yetmiş altı manat, otuz qəpik) manat dövlət rüsumu iddiaçı Raheem Abbas İ S xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar