Məhkəmə qərarları › İş №2(008)-1035/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(008)-1035/2023

01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1035/2023 01.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2022-ci il tarixində icarə müqaviləsi imzalamışlar. Sadə yazılı formada bağlamış olduqları müqaviləyə əsasən gündəlik icarə haqqı 15 manat olmaqla, Dragon markalı, LCS18ATF4M1080002 seriyalı məhsul icarəçinin istifadəsinə verilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixində Dragon markalı, LCS1BATF8M1080018 seriyalı bir digər məhsul həmin şəxsə eyni şərtlərlə, şifahi xarakterli icarə razılaşması əsasında icarəyə verilmişdir. İlk məhsul üçün yeddi aylıq istifadə müddətinə görə ödənilməli olan 3195 (üç min yüz doxsan beş) manat və ikinci məhsul üçün 2895 (iki min səkkiz yüz doxsan beş) manat icarə haqqı ödənilməmişdir. Cavabdeh keçən müddət ərzində öhdəliyə dair yalnız 70 (yetmiş) manat məbləğində ödəniş etmişdir. Daha sonra isə onunla əlaqə saxlamaq qeyri-mümkün olmuşdur. Başqa sözlə, cavabdeh müqavilə üzrə öhdəliyini icra etməməklə pozuntuya yol vermişdir. Cavabdehin ödədiyi məbləğ (yetmiş manat) da nəzərə alınaraq, ümumilikdə ödəməli olduğu yekun 6020 (altı min iyirmi) manat məbləğində pul vəsaitindən bu günə qədər ona heç bir ödəniş edilməmişdir. Göstərilənlərə əsasən Cavabdeh 6020 (altı min iyirmi) manat məbləğində pul vəsaiti, iddia ərizəsinin yazılmasına görə vəkilə ödənilmiş 60 (altmış) manat və ödənilmiş 153 (yüz əlli üç) manat məbləğində dövlət rüsumu, cəmi 6233 (altı min iki yüz otuz üç) manat məbləğində pulun alınaraq onun xeyrinə ödənilməsi və icarəçinin istifadəsində olmaqda davam edən Dragon markalı, LCS18ATF4M1080002 və LCS1BATF8M1080018 seriyalı hər iki məhsulun ona geri qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında İddiaçı iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının ərizəsi əsasında işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1035/2023 nömrəli 01 mart 2023-cü il tarixli qərardadına əsasən işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı (bundan sonra “İcarəyə verən”) ona məxsus Dragon markalı, LCS18ATF4M1080002 seriyalı məhsulu Cavabdeh (bundan sonra “İcarəçi”) icarəyə verir, icarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür. Məhsulun 12 ay müddətində icarəçinin himayəsində qalması məcburi xarakter daşıyır. Bu 12 aylıq müddət ərzində icarəçi icarəyə verənə gündəlik 15 manat ödəməlidir. 12 ayın sonunda isə ödəniş tamamlanıbsa məhsul artıq tamamilə icarəçinin himayəsinə keçir və sahibkar statusu alır. - xx.xx.2022-ci il tarixli alqı-satqı aktının surətindən görünür ki, İddiaçı Dragon markalı, LCS18ATF4M1080002 seriyalı qızılı rəngli məhsulu 2400 manata almışdır. - xx.xx.2022-ci il tarixli alqı-satqı aktının surətindən görünür ki, İddiaçı Dragon markalı, LCS1BATF8M1080018 seriyalı zoğalı rəngli məhsulu 2400 manata almışdır. - “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı (VÖEN: **********) avtomobillərin kimyəvi təmizlənməsi fəaliyyəti ilə məşğul olur. - “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh (VÖEN: **********) taksi fəaliyyəti ilə məşğul olur. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 153 manat məbləğində dövlət rüsumu ödəmişdir. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri 34 saylı Vəkil Bürosunun hesabına 60 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh məhkəməyə gəlmədiyi, gəlməməsinin səbəbi barədə məlumat vermədiyi üçün işə qiyabi icraat qaydasında baxılmış, bu zaman yalnız iddiaçının təqdim etdiyi sübutlar tədqiq edilmiş və nəzərə alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə sadə yazılı formada bağlanmış icarə müqaviləsinə və xx.xx.2022-ci il tarixli şifahi razılaşmaya əsasən İddiaçı özünə məxsus Dragon markalı, LCS18ATF4M1080002 seriyalı və Dragon markalı, LCS1BATF8M1080018 seriyalı məhsulları Cavabdeh icarəyə vermişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh qeyd olunan məhsulların hər birinə görə iddiaçıya gündəlik 15 manat məbləğində pul ödəməli idi. İddiaçı öz öhdəliklərini yerinə yetirsə də cavabdeh iddiaçı qarşısından götürdüyü öhdəliyə əməl etməmiş, icarəyə götürdüyü məhsullara görə icarə haqlarını ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də icarəçi cavabdeh müqavilə üzrə icarəyə verən-iddiaçı qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, icarəçi cavabdeh yaranmış borc məbləğini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6020 (altı min iyirmi) manat icarə haqqı, 60 (altmış) manat hüquqi xidmət haqqı, 153 (yüz əlli üç) manat dövlət rüsumu olmaqla, cəmi 6233 (altı min iki yüz otuz üç) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, Dragon markalı LCS18ATF4M1080002 seriyalı və Dragon markalı LCS1BATF8M1080018 seriyalı məhsullar Cavabdeh alınaraq İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 238, 241, 242, 244, 252-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6020 (altı min iyirmi) manat icarə haqqı, 60 (altmış) manat hüquqi xidmət haqqı, 153 (yüz əlli üç) manat dövlət rüsumu olmaqla, cəmi 6233 (altı min iki yüz otuz üç) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Dragon markalı LCS18ATF4M1080002 seriyalı və Dragon markalı LCS1BATF8M1080018 seriyalı məhsullar Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar