Məhkəmə qərarları › İş №2(008)-108/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-108/2025

12.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-108/2025 12.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş zərərin əvəzi kimi avtomobilin təmiri üçün tərəfindən çəkilmiş 6286 manat əlavə xərcin, avtomobilin bazar dəyərini itirdiyinə görə 4000 manat fərqin əvəzinin, taksi və digər xidmətlərin göstərilməsi üçün çəkilmiş xərclərin əvəzi olaraq 600 manat məbləğində pul vəsaitinin, ümumilikdə 10886 manat məbləğində pul vəsaitinin, məhkəməyə müraciət üçün "xxxx" MMC-yə ödənilmiş 450 manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin - 124 manat məbləğində pul vəsaitinin, ümumilikdə 11460 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində təqribən saat 20:00-21:00 radələrində idarə etdiyi tam mülkiyyət hüququ ilə ona məxsus olan ** NA *** X1, Mercedes Benz E200 markalı avtomobili ilə hərəkət edərkən cavabdehin təqsiri üzündən yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə onun abvomobilinə zərər dəymişdir. Ümumilikdə hadisə nəticəsində 8 avtomobil yol nəqliyyat hadisəsinin iştirakçısı olmuşdur. Cavabdeh zəncirvari qəza törətmiş, ondan arxada olan, yol nəqliyyat hadisəsinin sxemi üzrə 6-cı sırada yer almış **-LG-*** X1 avtomobili vurmuş, nəticədə zərbənin təsirinə əsasən həmin avtomobil də onun avtomobilinə çırpılmışdır. Hadisədən sonra cavabdehin inzibati məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2023-cü il tarixində TP ******* saylı, İnzibati Tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hadisə nəticəsində onun avtomobilinə dəymiş zərər 8055 manat olmuşdur. Avtomobili icbari qaydada sığortasını həyata keçirən təşkilat olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən bu barədə ona verilmiş göstərişlə avtomobili Grand Servis-də müayinədən keçirilmişdir. Avtomobil icbari qaydada sığortalandığına və hadisə iştirakçıları çox olduğuna görə ona ayrılan sığorta məbləği 2369 manat təşkil etmişdir. Geridə qalan 5686 manat həmçinin sonradan üzə çıxan xərcləri + 600 manat şəxsən tərəfindən ödənilmişdir. Vurulmuş zərərin ödənilməsi üçün cavabdehə xx.xx.2023-cü il tarixində tərəfindən müvafiq təklif göndərilmiş və zərərin bir qisminin ödənilməsini tələb etmişdir. Lakin cavabdeh tərəfindən təklifinə müsbət rəy verilməmişdir. Nəticədə hazırki iddia ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Avtomobilin təmirinə görə sığorta ödənişindən sonra tərəfindən 6286 manat əlavə xərc çəkilmişdir. Qoşmaya əlavə edilmiş qüsur aktından da göründüyü kimi avtomobilinə 8055 manat zərər dəymişdir. Avtomobil tərəfindən satın alındığı günədək heçbir qəza hadisənin iştirakçısı olmamış, üzərində olan bütün detallar istehsalçı zavod tərəfindən istehsal olunan zavod detalları olmuşdur. Lakin hadisədən sonra detallar fabrik və sex detalları ilə əvəzləşdirilmiş, avtomobil üzərində həmçinin “qəzalı maşın” statusu qalmışdır. Məlumdur ki, bu gün avtomobil bazarında “udar/zərbə görmüş avtomobil” və “rəng və zədə görməmiş, el arasında desək bezkrasqa” anlayışları mövcuddur. Buna görə də həmin anlayış avtomobilin satış qiymətinə və alını potensialına da ciddi təsir göstərir. Belə ki, avtomobili hazırda bazar dəyərinin normadan əlavə 15 faizi civarında da dəyərini itirmişdir. Şəxsən apardığı araşdırılmalara əsasən avtomobilin itirdiyi dəyəri də minimum 4.000 manat kimi qiymətləndirir. Bundan əlavə daim avtomobil idarə etdiyinə, işi ilə yaşadığı ərazi arasında 8-10 km məsafə olduğunu, nəzərə alsa gündəlik işə gediş gəliş və əlavə ehtiyacların qarşılanması məqsədilə istifadə etdiyi taksi xidmətlərinə görə ümumi 30- 35 km ortalama məsafəyə görə 1 km 60 qəpikdən hesablanılmaqla gündəlik 20 manat məbləğində taksi xərclərinin 30 gün üçün 600 manat məbləğində əlavə zərər dəymişdir. ( Belə ki, Nazirlər Kabinetinin 2019-cu ildə qəbul etdiyi müvafiq normativləri var. Bu normativlərə əsasən Bakı şəhərində 1 kilometr məsafəyə görə gediş haqqı 0.70 AZN- dir, məsafə artdıqca bu qiymət 0.50 AZN-ə qədər enə bilir.) Cavabdehdən avtomobilin təmiri üçün detal almağa gedərkən xərclədiyi vəsaitləri, evakuator və digər bu kimi xərcləri isə tələb etməmişdir. Cavabdehdən vurulmuş zərərin əvəzi kimi avtomobilin təmiri üçün tərəfindən çəkilmiş 6286 manat əlavə xərcin, avtomobilin bazar dəyərini itirdiyinə görə 4000 manat fərqin əvəzinin və çəkilmiş digər xərclərin əvəzi olaraq 600 manat məbləğində pul vəsaitinin ümumilikdə 10886 manat məbləğində pul vəsaitinin, məhkəməyə müraciət üçün "xxxx" MMC-yə iddia ərizəsinin, xəbərdarlığın, cavabdehin qeydiyyat yeri barədə sorğunun verilərək məlumatların əldə edilməsi, hüquqi məsləhətlərin verilməsi və istiqamətlərin verilməsi üçün tərəfindən ödənilmiş 450 manat məbləğində pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun əvəzinin- 124 manat məbləğində pul vəsaitinin ümumilikdə 11460 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi zəruridir. Pozulmuş hüquqlarının bərpası üçün yeganə çıxış yolunun məhkəmə olduğunu gördüyü üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək tərtib edilmiş protokolda cavabdeh təqsirli bilinsə də, məhz iddiaçıya dəymiş zərər cavabdeh tərəfindən törədilmədiyini, hadisə zəngirvari qəza olduğundan, iddiaçının 4-cü avtomobil, cavabdehin isə istifadə etdiyi avtomobilin isə 2-ci avtomobil olduğunu, arada başqa bir avtomobil olduğunu bildirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, ərizə ilə müraciət edərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasının onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında İnzibati Xəta haqqında TP ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 20.30-da BMW X-5 minik markalı ** TK *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini idarə edərkən baş vermiş yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli hesab edilərək Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək “40” manat məbləğində cərimə edilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, ** NA *** X1 Mercedes Benz E 200 minik markalı avtomobilə ehtiyyat hissələri ilə zəhmət haqqı cəmi məbləğ 8055 manat hesablanmışdır. Themis Hüquq Xidmətləri MMC-nin 401343 nömrəli, xx.xx.2023-cü il tarixli X2 Qəbzinin surətindən görünür ki, İddiaçı hüquqi xidmətlər üçün 450 manat ödənilmişdir. BB 137584 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz E 200” minik markalı, ** NA *** saylı X1 avtomobilin mülkiyyətçisi İddiaçıdur. Xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, İddiaçı avtomobilə dəymiş zərərin əvəzi 5689 manat pul vəsaitini 10 təqvim günü ərzində ona ödənilməsi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Paşa siğorta ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli qüsr aktının məlumatlarınır əsasən 2019-cu il buraxlışlı boz metalik rəngli, 1991 mühərrik həcmli, Mercedes Benz markalı E 200 model ** NA *** dövlət qeydiyyat işanlı avtomobilin təmir-bərpa xərci təxminən dəyişilməli hissənin qiyməti və təmir bərpa işlərinin qiyməti ilə birlikdə və dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7061 manat olduğu müəyyən edilmişdir. Təhqiqatın dəyər 50 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində göstərilir ki, Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsiri üzündən onun idarə etdiyi avtomobil ilə İddiaçı mülkiyyətində olan “Mercedes Benz markalı E 200 model ** NA *** X1 avtomobil ilə birlikdə 8 avtomobil toqquşmuşdur. Mülki işin matriallarına əlavə edilmiş inzibati xətta haqqında protokoldan görünür ki, hadisə zamanı təqsirli sürücü Cavabdeh hesab edilmiş və onun barəsində inzibati tənbeh tədbiri görülmüşdür. Cavabdeh iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın cavabdehin tərəfində deytildə 3-cü bir şəxsin istifadə etmiş olduğu avtomobl nəticəsində törədilmiş olduğunu bildirsədə bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, nəqədəri ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı təqsirli sürücü Cavabdeh hesab edilmişdir, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının mülkiyyətinə olan avtomobilə dəyiş zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı onun avtomilinə dəymiş zərərin məbləğinin 8055 manat olduğunu bildirsədə, cavabdeh bu məbləğ ilə razılaşmamış bu səbəbdən məhkəmə tərəfidən ekspertiza təyin edilərək hadisə nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi tapşırılmışdır. Mülki iş matraillarınba əlavə edilmiş ekspert rəyindən görünür ki, iddiaçının mülkiyyyətində olan avtomobilə dəymiş zərərin məbləği 7061 manat olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçını avtomobilinə dəymiş zərərin məbləği ekspert rəyinə uyğun yəni 7061 manat olması hesab edilməlidir. Eyni zamanda iddiaçının iddia ərizəsinin məznunundanda müəyyən edilir ki, iddiaçının mülkiyyətinmdə olan avtomobilin icbari siğortaçısıs olan Paşa Siğorta ASC tərəfində hadisə nəticəsində ona dəymiş zərərin 2369 mana olan hissəsi ödənmişdir. Belə olan halda məhkəmə hesab edir ümumi zərərin məbləğindən şiğortaçı tərəfində həyata keçirilən ödəniş çıxılmalı yerdə qalan məbləğ cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. (7061-2369=4692 manat) Bundan sonra məhkəmə iddia tələbinin sonradan çıxan 600 manat xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək, qeyd edilən xərcin nədən ibarət olduğu iş matrialları ilə müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bunan sonra məhkəmə iddia tələbinin avtomobilin bazar dəyərini itirdiyinə görə 4000 manat fərqin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı avtomobiln bazar dəyərini 4000 manat məbləğində itirməsini təsdiq edcək subutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Bundan sonra məhkəmə iddia tələbinin taksi və digər xidmətlərin göstərilməsi üçün çəkilmiş xərclərin əvəzi olaraq 600 manat məbləğində pul vəsaitinin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı bu müddət ərzində taxsi üçün nə qədər pul xərcləməsini, habelə digər xidmətlərin nədən ibarət olmasını və buun üçün xərclərinin nə qədər olduğunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etmədiyindn iddia tələbi təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin məhkəməyə müraciət üçün "xxxx" MMC-yə ödənilmiş 450 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki iş matrialların iddiaçının məhkəməyə müraciət etmək üçün "xxxx" MMC-yə 450 manat məbləğində pul ödəməsini təsdiq edən sübutlar olsada, məhkəmə bu məbləği ağlabat hesab etmir və iddiaçının məhkəməyə müraciət etməsi üçün 50 manat xərcin tutulmasını daha ədalətli hesab edir. Bundan sonra məhkəmə idda tələbinin 124 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin dövlət rüsuman aid olan hissəsidə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcələsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinin tələbinə görə Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bundan sonra məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən məhkəmə tətəfindən təyin edilmiş ekspertiza xərcidə cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4692 (dört min altı yüz doxsan iki) manat dəymiş zərər, 50 (əlli) manat hüquqi xidmət üçün çəkilmiş xərc və 67.42 (altmış yeddi manat qırx iki qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. 50 (əlli) manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar