Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1112/2021 19.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB Cavabdeh qarşı iddia ərizəsi ilə İsmayıllı rayon məhkəməsinə müraciət edərək QSC «Bank Standard» KB ilə Cavabdeh arasında bağlanmış 16.09.2015-ci il tarixli 100/19/129084/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 1099,54 manat məbləğində əsas borc, 541,46 manat məbləğində faiz borcu, 962,07 manat məbləğində cərimə borcu, 161,10 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 2764,17 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun ləğv prosesində olan QSC «Bank Standard» KB-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı rayon məhkəməsinin 21.10.2020-ci il tarixli qərardadı ilə mülki iş baxılması üçün Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə verilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, QSC «Bank Standard» KB (bundan sonra - Bank) ilə Cavabdeh arasında 16.09.2015-ci il tarixli 100/19/129084/15 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 26 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 2600 manat məbləğində kredit verilmişdir. Lakin, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 1099,54 manat məbləğində əsas borc, 541,46 manat məbləğində faiz borcu, 962,07 manat məbləğində cərimə borcu, 161,10 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 2764,17 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədənkənar qaydada həll etmək məqsədi ilə tərəflərindən cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Bank hüquqi şəxs kimi 29.12.1998-ci il tarixdə dövlət qeydiyyatından keçmişdir (Bankın təsis sənədləri). Cavabdeh arasında 16.09.2015-ci il tarixli 100/19/129084/15 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh illik 26 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 2600 manat məbləğində kredit verilmiş, kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli tərtib edilmişdir. Bankın məhkəməyə təqdim etmək üçün tərtib etdiyi 27.08.2020-ci il tarixli arayışa əsasən Bank ilə Cavabdeh oğlu arasında bağlanımış 16.09.2015-ci il tarixli 100/19/129084/15 saylı kredit müqaviləsi üzrə 25.08.2020-ci il tarixinə 1099,54 manat məbləğində əsas borc, 541,46 manat məbləğində faiz borcu, 962,07 manat məbləğində cərimə borcu, 161,10 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 2764,17 manat borcu yaranmışdır. Bank tərəfindən cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişlər(03.09.2020-cu il tarixli Bildiriş). Hazırda iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasını istəyir. İş materiallarından cavabdeh tərəfindən borcun ödənilməsi görünmür. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən təmin olunması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişlər. Məhkəmə işin araşdırılan hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun və faiz borcunun tələb olunması hissəsində əsaslı olduğundan tam təmin edilməlidir. İddianın cərimənin tutulması hissəsinə gəldikdə isə məhkəmə həmin hissədə iddianın qismən təmin olunmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə gecikdirilmiş məbləğə görə hesablanmış cərimənin yüksək olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçı tərəfindən hesablanmış 962,07 manat cərimə məbləğinin 10 %-i həcmində, yəni 96 manat məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, QSC «Bank Standard» KB ilə Cavabdeh arasında bağlanmış 16.09.2015-ci il tarixli 100/19/129084/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh 1099,54 manat məbləğində əsas borc, 541,46 manat məbləğində faiz borcu, 96 manat məbləğində cərimə borcu, 161,10 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 1898,10 manat məbləğində pul və 30 manat dövlət rüsumu ləğv prosesində olan QSC «Bank Standard» KB-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. QSC «Bank Standard» KB ilə Cavabdeh arasında bağlanmış 16.09.2015-ci il tarixli 100/19/129084/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh 1099,54 manat məbləğində əsas borc, 541,46 manat məbləğində faiz borcu, 96 manat məbləğində cərimə borcu, 161,10 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 1898,10 manat məbləğində pul və 30 manat dövlət rüsumu ləğv prosesində olan QSC «Bank Standard» KB-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1112/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1112/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver