Məhkəmə qərarları › İş №2(008)-1165/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1165/2024

27.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1165/2024 27.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, artıq ödənilmiş 403.56 manat pul vəsaitinin cavabdehdən tutularaq, iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddianı müdafiə edərək tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Masallı rayon İcra və Probasiya şöbəsinin Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinə (hazırkı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial) xx.xx.2017-ci il tarixli 68968/17-62-4 saylı məktubu ilə ünvanlanmış Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(106)-330/16 nömrəli icra sənədinə əsasən Mərkəzi Filial tərəfindən xx.xx.2020 xx.xx.2020-ci il tarixlər arasındakı dövr ərzində X2 əmək pensiyasından cavabdehə ümumilikdə 605,34 manat tutulmuşdur. İldırım Allahyarovun əlilliyinin etibarlılıq müddəti xx.xx.2020-ci il tarixinədək olduğu üçün adı çəkilən şəxsə pensiya ödənişinin xx.xx.2021-ci il tarixindən dayandırılmasına baxmayaraq, pensiya ödənişi dayandığı vaxtdan ödənilməyə davam etmiş və nəticədə həmin icra sənədi üzrə cavabdehin hesabına 605,34 manat köçürülməli olduğu halda, 2021-cı ilin fevral ayında 1008,90 manat pul vəsaiti köçürülmüş və nəticədə 403,56 (1008,90-605,34) manat artıq vəsait cavabdeh tərəfindən alınmışdır. Həmin artıq ödənilmiş 403,56 manat pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarılması barədə cavabdehə xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-142904/2023 nömrəli məktub göndərilərək, ondan həmin vəsaitin büdcəyə qaytarılması xahiş edilmiş, əks halda, qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Lakin cavabdeh tərəfindən sözügedən pul vəsaiti hazıradək Mərkəzi Filialın hesabına qaytarılmamışdır. Qeyd olunanlara əsasən, nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdeh X6 iddia tələbinə etiraz edərək, rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(106)-330/2016 saylı icra vərəqəsindən görünür ki, cavabdeh X1 cəmi 12.635 manat pul vəsaiti tutularaq iddiaçı X5 verilməlidir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Masallı rayon İcra şöbəsinin Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinə ünvanladığı xx.xx.2017-ci il tarixli 68968/17-62-4 saylı məktubdan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016cı il tarixli, 2(106)-330/2016 saylı icra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə borc məbləği X2 pensiyasının 50%-ə yönəldilmişdir. - Həmin icra sənədi üzrə cavabdehin hesabına 605,34 manat köçürülməli olduğu halda, xx.xx.2021-ci ildə 1008,90 manat pul vəsaiti köçürülmüşdür. - Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, artıq ödənilmiş 403,56 manat pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması xahiş olunmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutlara məcmu halında məhkəmə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının hazırkı iddia tələbi əsaslıdır və təmin edilməlidir. Çünki Cavabdeh tərəfindən göstərilən məbləğdə pul vəsaitinin əldə edilməsinin nə müqavilə, nə də qanun üzrə əsası vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2-ci maddə). Həmin Məcəllənin 1092.1-ci maddəsində göstərilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən sosial müdafiə vasitələrinin tələbi barədə iddialar üzrə - sosial təminat orqanları, eyni zamarda inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh artıq ödənilmiş 403,56 (dörd yüz üç manat, əlli altı qəpik) manat pul vəsaiti tutularaq, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının hesabına geri qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar