Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-117/2025 13.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4800 (dörd min səkkiz yüz ) manat ödənilməmiş icarə haqqı, 3900 (üç min doqquz yüz) manat maddi ziyan, 169 manat hüquqi yardım haqqı olmaqla, cəmi 8869 (səkkiz min səkkiz yüz altmış doqquz) manatın və 109 (bir yüz doqquz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyətində olan ünvan 3, 19 nömrəli mənzilin ümumi sahəsi 61 kv.m olan 3 (üç) otaqdan ibarət daşınmaz əmlakını Türkiyə Respublikasının vətəndaşı Cavabdeh ilə Bakı şəhəri 54 saylı notariat ofisində xx.xx.2022-ci il tarixində aylıq 2400 manat 0 qəpik (iki min dörd yüz manat sıfır qəpik) icarə haqqı ödəməklə icarə müqaviləsi (bundan sonra müqavilə) bağlamışdır. 2023-cü ilin “iyun” və “iyul” ayları üçün müqavilə şərtlərinə uyğun icarə haqqı cavabdeh tərəfindən ödənilmədiyi üçün cavabdehlə mütamadi olaraq “avqust” ayında əlaqə saxlanılsa da, cavabdeh tərəfindən ümidedici vədlər verməsi nəticə etibarı ilə müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulması ilə nəticələnmiş və cavabdehin ona iki ayın ödənişi ilə bağlı 4800 (dörd min səkkiz yüz manat) icarə borcu yarandı. Xüsusi olaraq qeyd edir ki, cavabdehin istifadəsinə verilmiş ünvan 3, 19 nömrəli mənzilin ümumi sahəsi 61 kv.m olan 3 (üç) otaqdan ibarət daşınmaz əmlakına daxil olduqda mənzilin daxili görünüşündə və bir sıra aşağıda qrafikdə adları qeyd edilmiş əmlakların sıradan çıxması və mənzildən aparılmasını müşahidə etmişdir: 1 ədəd 200 AZN dəyərində dəri üzlüklü kreslo mənzildə mövcud deyil; 8 ədəd 1 ədədinin qiyməti 35 AZN, cəmi 280 AZN olan yumşaq oturacaq istifadəyə yararsız; 1 ədəd dəyəri 200 AZN olan siyirməli dolab istifadəyə yararsız, təmir xərci 50 AZN; 1 ədəd 200 AZN dəyərində jurnal masası istifadəyə qismən yararlı, təmir xərci 50 AZN; 3 ədəd bir ədədinin dəyəri 200 AZN olan taxta qapı istifadəyə qismən yararlı, bir qapının təmir xərci 40 AZN x 3 qapı = 120 AZN; 61 kv.m döşəmə parket istifadəyə qismən yararlı 1 kv.m 33 AZN, yuvarlaq 2000 AZN; mənzilin girəcəyi pilləkən hissəsi istifadəyə qismən yararlı 700 AZN; mənzilin zirzəmisinin metlax döşəməsi 61 kv.m istifadəyə qismən yararlı 500 AZN, cəmi 8 adda əmlak – 3900 AZN. Beləliklə, cavabdeh sonda müqavilə şərtlərinə əməl etməyərək ona 4800 manat icarə haqqı ödəməmiş və mənzilində olan əmlakları istifadəyə qismən yararlı vəziyyətə salaraq 3900 manat maddi ziyan vurmuşdur. Həmçinin, hazırkı mübahisə ilə bağlı hüquqi yardımın göstərilməsi üçün hüquqi məsləhət 10 manat, cavabdehin son yaşayış yeri barədə məlumatın alınması üçün vəkil sorğusu 100 manat, iddia ərizəsinin tərtibi üçün 50 manat, məhkəmə üçün dövlət rüsumu 109 manat ödənilmişdir. Buna görə də hesab edir ki, mübahisənin hüquqi müstəvidə həlli üçün tərəfindən çəkilmiş ümumi 269 manat pul da cavabdeh tərəfindən xeyrinə ödənilməlidir. Ümumilikdə cavabdeh tərəfindən xeyrinə ödənilməli olan məbləğ: icarə haqqı 4800 manat, əmlaklarına dəymiş maddi ziyan 3900 manat, hüquqi yardımın göstərilməsi üçün 169 manat, cəmi 8869 manat. Yəni ki, iddianın predmeti 8869 (səkkiz min səkkiz yüz altmış doqquz) manat pul vəsaitinin Cavabdeh tələb edilməsidir. Yaranmış vəziyyətin hüquqi müstəvidən kənar razılığa gələrək həll etmək istəyi heç bir müsbət nəticə vermədiyi üçün pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı etiraf etməmiş və izahatında bildirmişdir ki, o, icarəçi deyildir. Belə ki, icarə müqaviləsi “X9” MMC ilə bağlanmışdır, o, sadəcə həmin şirkətin payçılarından biridir. Ona görə də iddiaçı icarə haqqını ondan deyil, MMC-dən tələb etməlidir. Hazırda MMC-nin digər payçısı onu MMC-yə buraxmır, bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Türkiyə Respublikasının vətəndaşı, xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh sonuncu dəfə ünvan 1 ünvanına qeydiyyata alınmışdır. - “Elekton notariat” X1 çıxarışdan görünür ki, Bakı şəhəri 54 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 61 kv.m olan 3 otaqlı mənzili aylıq 2400 manat icarə haqqı ödənilməklə icarəçi “X9” MMC-nə icarəyə verir. İcarə müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. İcarə müqaviləsini icarəyə verən İddiaçı adından X7, “X9” MMC-nin adından Cavabdeh imzalamışdır. - xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən icarəyə verən İddiaçı ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 66.90 kv.m olan qeyri-yaşayış sahəsinin və ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 61.0 kv.m olan 3 otaqlı mənzili aylıq icarə haqqı 1200 manat olmaqla 2 il, yəni xx.xx.2024-cü il tarixədək “X9” MMC-nə icarəyə vermişdir. İcarə müqaviləsini icarəyə verən İddiaçı adından X7, “X9” MMC-nin adından Cavabdeh imzalamışdır - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Məmmədov Kamil tərəfindən X5 hesabına 50 manat hüquqi xidmət haqqı ödənilmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Məmmədov Kamil tərəfindən X5 hesabına 100 manat hüquqi xidmət haqqı ödənilmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Məmmədov Kamil tərəfindən X5 hesabına 10 manat hüquqi xidmət haqqı ödənilmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 109 manat dövlət rüsumu ödənilmişdir. - internet vergi idarəsi saytından çıxarışdan görünür ki, “X9” MMC-nin hüquqi ünvanı AZ 1132, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov ŞTQ Ruhulla Axundov (Bakıxanov qəsəbəsi) ev 3 mənzil 25, VÖEN-si **********, qanuni təmsilçisi Cavabdehdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5859-9/6030 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu C.Hacıbəyli küçəsi 24 saylı evin 19 saylı mənzili və mənzilin altında yerləşən qeyriyaşayış sahəsində mövcud (mənzilin girəcəyindəki pilləkən hissəsində, metlax döşəmədə, parket döşəmədə) olan qüsurların aradan qaldırılması üçün aparılmalı yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyəri hazırkı bazar qiymətlərinə uyğun olaraq 2561,0 manat məbləğində müəyyən olunur. Təqdim edilmiş dolablara dəymiş ziyanı müəyyən etmək ekspert əmtəəşünaslıq predmetinə aid deyil. Həmin dolablara dəymiş ziyanı müəyyən etmək həmin sahə üzrə ixtisaslaşmış mütəxəssis tərəfindən müəyyən edilə bilər. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “İcarə haqqında” Azərbaycan Respublikasınının Qanununun 7-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir; İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək. və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və “X9” MMC arasında xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 66.90 kv.m olan qeyriyaşayış sahəsini və ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 61.0 kv.m olan 3 otaqlı mənzili “X9” MMC-nə icarəyə vermişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən icarə müqaviləsinin şərtlərinin pozulduğunu iddia edərək, ödənilməmiş 4800 manat icarə haqqını, əmlakına vurulmuş 3900 manat maddi ziyanı Cavabdeh tələb edir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Cavabdeh iddiaçının tələbinə cavab verməli şəxs deyildir. Çünki Cavabdeh xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin tərəfi, yəni icarəçi olmamış, müqavilədə icarəçi tərəf “X9” MMC olmuş, müqavilə bağlanarkən tərəfləri nümayəndələri təmsil etmiş, Cavabdeh sadəcə qanuni təmsilçi kimi müqaviləni MMC-nin adından imzalamışdır, bu da sonuncunun müqavilə öhdəliklərinin pozulmasına görə məsuliyyət daşıması demək deyildir. Belə ki, Cavabdeh icarə müqaviləsini şəxsən öz adından deyil, qanuni təmsilçisi olduğu MMC-nin adından imzalamışdır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh hazırkı iş üzrə İddiaçı tələbinə cavab verməli şəxs deyildir və sonuncu hazırkı tələbi icarə müqaviləsinin tərəfi olan icarəçi “X9” MMC-nə qarşı irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməli, həmçinin, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı tutulmalı və X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı tutulsun və X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-117/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-117/2025
13.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver