Məhkəmə qərarları › İş №2(008)-1184/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1184/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1184/2022 01.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: 14.05.2020-ci il tarixli müqaviləyə əsasən Samsung markalı televizor üçün 464 manat ödənilməmiş hissə, 136 manat dəbbə, 16.10.2020-ciil tarixli müqaviləyə əsasən İMEİ kodu **********75323 olan iPhone 11 Pro markalı telefon üçün 4204,8 manat ödənilməmiş hissə, 908,2 manat dəbbə, ümumilikdə 5713 manat borcun, 77,13 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 14.05.2020-ci il və 16.10.2020-ci il tarixli müqavilələrə əsasən Samsung markalı televizor, İMEİ kodu **********75323 olan iPhone 11 Pro markalı telefon almış və nəticədə 5713 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə: 14.05.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 698,4 manat olan Samsung markalı televizor üçün ümumilikdə 600 manat olmaqla, ondan 464 manat ödənilməmiş hissə, 136 manat dəbbə pulu, 16.10.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 4204,8 manat olan İMEİ kodu **********75323 olan iPhone 11 Pro markalı telefon üçün ümumilikdə 5113 manat olmaqla, ondan 4204,8 manat ödənilməmiş hissə, 908,2 manat dəbbə pulu, Cavabdehin cəmi ödədiyi məbləğ 234,4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14.05.2020-ci il və 16.10.2020-ci il tarixli müqavilələrdən görünür ki, iddiaçı cavabdehə Samsung markalı televizor, İMEİ kodu **********75323 olan iPhone 11 Pro markalı telefon satmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 26.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh hal-hazırda "xxxx" MMC-yə aralarında bağlanmış həmin müqavilələr üzrə 4668,8 manat əsas, 1044 manat cərimə, cəmi 5713 manat borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borc barədə xəbərdar edilmiş, borcun ödənilməsi ondan tələb edilmiş və əks təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə iddiaçıya borcu yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində tam təmin olunmalıdır. İddianın cərimənin tutulması hissəsinə gəldikdə isə məhkəmə həmin hissədə iddianın qismən təmin olunmasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddiaçı tərəfindən cərimənin 1044 manat məbləğində hesablanmasının yüksək olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçı tərəfindən hesablanmış qeyd olunan cərimə məbləğinin 10 %-i həcmində, yəni 104 manat məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 14.05.2020-ci il tarixli müqaviləyə əsasən Samsung markalı televizor üçün 464 manat ödənilməmiş hissə, 16.10.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********75323 olan iPhone 11 Pro markalı telefon üçün 4204,8 manat ödənilməmiş hissə və 104 manat məbləğində dəbbə pulu, ümumilikdə 4772,80 manat borc və 77,13 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 14.05.2020-ci il tarixli müqaviləyə əsasən Samsung markalı televizor üçün 464 manat ödənilməmiş hissə, 16.10.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********75323 olan iPhone 11 Pro üçün 4204,8 manat ödənilməmiş hissə və 104 manat məbləğində dəbbə pulu, cəmi 4772,80 manat borc və 77,13 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar