Məhkəmə qərarları › İş №2(008)-122/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-122/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-122/2021 28.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X5, İddiaçının nümayəndəsi X3 iştirakları ilə İddiaçı BOKT ASC-nin cavabdehlər X14, X17, X15, X11 və X16 qarşı kredit məbləğinin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, mənzilin boşaldılması, xərclərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC ASC cavabdehlər X14, X17, X15, X11 və X16 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X4 İddiaçı BOKT ASC-nin xeyrinə 20.11.2012ci il tarixli 1374/12/PB №-li kredit (borc) müqaviləsinə, 11.06.2014-cü il tarixli 01 №-li əlavə dəyişiklik üzrə 11 478,72 manat əsas, 27 854,68 manat hesablanmış faiz, 33 989,58 manat dəbbə pulu, cəmi 73 322,98 manatın, 30.06.2014-cü il tarixli 019/14/PB №-li kredit (borc) müqaviləsi üzrə 7 557,27 manat əsas, 14 955,07 manat faiz, 20 963,87 manat dəbbə pulu olmaqla, cəmi 43 476,21 manatın, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 300 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, ipoteka predmetinin 48 min manat qiymətləndirilməsi və borcun əvəzi bu qiymətlə X6 mülkiyətindəki Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi-2 döngəsində istifadədə olan 0.0194 ha torpaq sahəsində yerləşən 1 ədəd, 1 mərtəbəli, 3 otaqlı, 48,6 kv.m yaşayış, 20,6 kv.m köməkçi sahədən ibarət 10 b nömrəli fərdi yaşayış evinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, həmin evdə yaşayanlar X15, X14, X18, X8 və X12 istifadə hüququna xitam verilməklə çıxarılmaları, mənzilin əşyaları ilə birlikdə boşaldılması, əgər hərracdan əldə olanan məbləğ borc öhdəliyini tam ödəmədikdə yerdə qalan məbləğin cavabdehdən ümumi qaydada tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X14 əvvəlki «İddiaçıbank» ASCnin (indiki İddiaçı BOKT ASC-nin) «MXD» filialından 20.11.2012-ci il tarixli 1374/12/PB №li kredit (borc) müqaviləsinə əsasən illik 28 faizlə 24 ay müddətinə evin təmiri məqsədi ilə 25 000 manat, 30.06.2014-cü il tarixli 019/14/PB №-li kredit (borc) müqaviləsinə əsasən illik 24 faizlə 24 ay müddətinə evin təmiri məqsədi ilə 10 000 manat borc almışdır. 20.11.2012-ci il tarixli 1374/12/PB №-li kredit (borc) müqaviləsinə, 11.06.2014-cü il tarixli 01 №-li əlavə dəyişikliyə əsasən kreditin qalıq məbləğinin müddəti 11.06.2016-cı ilədək uzadılmışdır. 20.11.2012-ci il tarixli 1374/12/PB №-li kredit (borc) müqaviləsinin təminatı olaraq X6 mülkiyətindəki Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi- 2 döngəsində istifadədə olan 0.0194 ha torpaq sahəsində yerləşən 1 ədəd, 1 mərtəbəli, 3 otaqlı, 48,6 kv.m yaşayış, 20,6 kv.m köməkçi sahədən ibarət 10 b nömrəli fərdi yaşayış evi 20.11.2012-ci il tarixli 1374/12/PB №-li kredit (borc) müqaviləsinə 11.06.2014-cü il tarixdə 01 №-li əlavə ilə yüklü edilmişdir. İpoteka predmeti notariusda təsdiq edilmiş, dövlət qeydiyyatına alınmışdır. 2018-ci il dekabrın 17-dək cavabdeh X7 İddiaçı BOKT ASC-yə 20.11.2012-ci il tarixli 1374/12/PB №-li kredit (borc) müqaviləsinə, 11.06.2014-cü il tarixli 01 №-li əlavə dəyişiklik üzrə 11 478,72 manat əsas, 27 854,68 manat hesablanmış faiz, 33 989,58 manat dəbbə pulu, cəmi 73 322,98 manat, 30.06.2014-cü il tarixli 019/14/PB №-li kredit (borc) müqaviləsi üzrə 7 557,27 manat əsas, 14 955,07 manat faiz, 20 963,87 manat dəbbə pulu olmaqla, cəmi 43 476,21 manat borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə girov predmetinə tütmanının yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddət keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibətlərini bildirməmişlər. Cavabdeh kredit müqavilələrindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun və xərclərin əvəzinin ödənilməsinə yönəldilməlidir. Müstəqil qiymətləndirici tərəfindən ipoteka predmeti 48 000 manat qiymətləndirilmişdir. Cavadehlər iddia ərizəsinə etiraz vermişlər və etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbində göstərilən və tələb olunan borc, faiz və cərimə məbləğləri həqiqəti əks etdirmir, tələb olunan məbləğlərin hesablanması hansı qaydada həyata keçirilibsə məlum açıq və aşkar deyil, ümumiyyətlə tələb olunan məbləğ həddindən çox şişirdilmiş formada göstərilmişdir. 20.11.2012-ci il tarixli 1374/12/PB №-li kredit (borc) müqaviləsi üzrə ödənişlər tərəfindən (X14) ödənilmiş, müqavilə öhdəliyi lazımınca yerinə yetirilmişdir. Daha sonra kreditorla arasında 30.06.2014-cü il tarixli 019/14/PB №-li əlavə müqavilə bağlanmış, həmin müqavilə üzrə ödəniş həyata keçirilmiş, hal-hazırkı vəziyyətdə iddia tələbi ilə tələb olunan məbləğ həddindən artıq süni şəkildə iddiaçı tərəfindən şişirdilmiş məbləğdir ki, bunun da tələb olunmasını qanunsuz və əsassız hesab edirlər. Müvafiq qaydada təqdim olunan ödəniş qrafiki üzrə müvafiq ödənişlər olunsa da, borc məbləği olduğu kimi qalmaqdadır. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdehlər məhkəməyə gəlməmiş, gəlməməslərnin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X13 iddianı müdafiə edərək iddia ərizəsinnin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Hazırki işin faktiki halları iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunan aşağıdakı hallardan ibarət olmuşdur. «İddiaçıbank» ASC-nin (indiki İddiaçı BOKT ASC-nin) «MXD» filialı (sonradan- Bank) ilə cavabdeh X14 arasında 20.11.2012-ci il tarixli 1374/12/PB №-li kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən illik 28 faizlə 24 ay müddətinə evin təmiri məqsədi ilə 25 000 manat məbləğində kredit verilmiş və ödəniş cədvəli tərtib olunmuşdur. Kredit müqaviləsinə əsasən 25000 manat məbləğində vəsait cavabdeh X9 ödənilmiş və cavabdeh həmin məbləği qəbul etmişdir (21.11.2012-ci il tarixli xəzinə məxaric orderinin surəti). 20.11.2012-ci il tarixli 1374/12/PB №-li kredit (borc) müqaviləsinə 11.06.2014-cü il tarixli 01 №-li əlavə dəyişikliyə əsasən kreditin qalıq məbləğinin müddəti 11.06.2016-cı il tarixinədək uzadılmışdır. Bank ilə cavabdeh X14 arasında 30.06.2014-cü il tarixli 019/14/PB №-li kredit (borc) müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən illik 24 faizlə 24 ay müddətinə evin təmiri məqsədi ilə 10 000 manat kredit verilmiş və ödəniş cədvəli tərtib olunmuşdur. Kredit müqaviləsinə əsasən 10000 manat məbləğində vəsait cavabdeh X9 ödənilmiş və cavabdeh həmin məbləği qəbul etmişdir (01.07.2014-cü il tarixli xəzinə məxaric orderinin surəti). Kredit müqaviləsi üzrə X7 öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər cavabdeh-ipoteka qoyan X1 ilə bağladığı 20.11.2012-ci il tarixli ipoteka (girov) müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi-2 döngəsində istifadədə olan 0.0194 ha torpaq sahəsində yerləşən 1 ədəd, 1 mərtəbəli, 3 otaqlı, 48,6 kv.m yaşayış, 20,6 kv.m köməkçi sahədən ibarət 10 b nömrəli fərdi yaşayış evini (sonradan-10b nömrəli ev) iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdehlər 10b №-li evin ipoteka ilə yüklü edilməsinə etiraz etməməlri, ipotekaya qoylumuş əmlaka ödəniş yönəldiyi halda evi tərk edəcəkləri barədə üzərlərinə öhdəlik götürmələri barədə ərizələrini notarial qaydada təsdiq etdirmişləp. 10 b nömrəli evin X6 xüsusi mülkiyyətində olmasına dair Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 16.01.2009-cu il tarixli MH seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 102 №-li reyestr kitabının 9266 №-li vərəqində qeydiyyata alınmış RX seriyalı ******* №-li çıxarışa əsasən 10b nömrəli ev kredit öhdəliklərinin icrasını təmin etmək üçün Bankın xeyrinə 11.06.2016-cı il tarixədək ipoteka ilə yüklü edilmişdir. İpoteka saxlayan Bank tərəfindən cavabdeh-ipoteka verən X10 və borclu X9 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 23.11.2018-ci il tarixli bildiriş göndərilmişdir. İpoteka saxlayan Bank tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 26.11.2018-ci il tarixli bildiriş göndərilmişdir. Bank tərəfindən verilmiş 17.12.2018-ci il tarixli maliyyə arayışlarına əsasən X9 20.11.2012-ci il tarixli 1374/12/PB №-li kredit müqaviləsi üzrə 11478 manat əsas borc, 27854,78 manat faiz borcu, 33989,58 manat cərimə borcu, 30.06.2014-cü il tarixli 019/14/PB №-li kredit müqavilə üzrə 7557,27 manat əsas borc, 14955,07 manat faiz borcu, 20963,87 manat cərimə borcu hesablanmışdar. Bank tərəfindən məhkəməyə təqdim olunmuş 23.09.2020-ci il tarixi arayışa əsasən X9 20.11.2012-ci il tarixli 1374/12/PB №-li kredit müqaviləsi üzrə 11478 manat əsas borc, 18801,99 manat faiz borcu hesablanmışdır. Bank tərəfindən məhkəməyə təqdim olunmuş digər arayışa əsasən X9 30.06.2014cü il tarixli 019/14/PB №-li kredit müqaviləsi üzrə 7557,27 manat əsas borc, 18801,99 manat faiz borcu hesablanmışdır. «xxxx» MMC-nin fərdi yaşayış evinin qiymətləndirilməsinə dair 10.05.2019-cu ild tarixli rəyinə əsasən ipoteka predmeti olan 10b nömrəli evin hazırkı dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar qiyməti 70 000 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2993 saylı, 25.09.2020-ciil tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən X7 21.01.2019-cu il tarixə 1374/12/PB №-li kredit müqaviləsi üzrə:- əsas borc üzrə 11045,06 manat, faiz borcu üzrə 6287,09 manat, 019/14/PB kredit müqaviləsi üzrə: - əsas borc üzrə 7570,17 manat, faiz borcu üzrə 3527 manat təşkil edir. Ekspert tədqiqatının dəyəri 145 manat təşkil etmişdir. Cavabdehlər X14, X17, X15, X11 və X19 10b nömrəli evdə qeydiyyatdadırlar (Sabunçu rayon İcra Hakimiyyəti başçısı Sabunçu qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 08.11.202012-ci il tarixli 199 №-li arayış (Forma 2)). Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən təmin olduğunu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci madəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəlləsinin 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəlləsinin 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Həmin Məcəlləsinin 309.1.-cı maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Məcəlləsinin 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh bankdan aldığı kredit üzrə əsas borcu, müqavilə ilə müəyyən edilmiş faizləri və cəriməni iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuş, lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Yuxarıda qeyd olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2993 saylı, 25.09.2020-ciil tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən X7 21.01.2019-cu il tarixə 1374/12/PB №-li kredit müqaviləsi üzrə borcu - əsas borc üzrə 11045,06 manat, faiz borcu üzrə 6287,09 manat, 019/14/PB №-li kredit müqavilə üzrə borcu - əsas borc üzrə 7570,17 manat, faiz borcu üzrə 3527 manat təşkil edir. Odur ki, məhkəmə qeyd olunan ekspert rəyi ilə razılaşaraq hesab edir ki, iddia əsas borcun və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, X4 1374/12/PB №-li kredit müqaviləsi üzrə 11045,06 manat əsas borc və 6287,09 manat faiz borcu, 019/14/PB №-li kredit müqavilə üzrə 7570,17 manat əsas borc, 3527 manat faiz borcu iddiçının xeyrinə tutulmalıdır. İddianın cərimənin tutulması hissəsinə gəldikdə isə məhkəmə həmin hissədə də iddianın qismən təmin olunmasını əsaslı hesab edir. İddianın 1374/12/PB №-li kredit müqaviləsi üzrə hesablanmış 33989,58 manat cərimə borcunun və 019/14/PB №-li kredit müqaviləsi üzrə hesablanmış 20963,87 manat cərimə borcunun tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, kredit müqavilələrinin 2.9-cu bəndinə görə Müqavilənin 2.8-ci bəndində şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0,2 həcmində dəbbə pulu, yəni cərimə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddiaçı tərəfindən cərimənin 1374/12/PB №-li kredit müqavilə üzrə 33989,58 manat və 019/14/PB №-li kredit müqavilə üzrə 20963,87 manat məbləğində hesablanmasının yüksək olmasını nəzərə alaraq, cavabdehdən iddiaçı tərəfindən hesablanmış qeyd olunan cərimələrin məbləğinin 1374/12/PB №-li kredit müqaviləsi üzrə 300 manat və 019/14/PB №-li kredit müqavilə üzrə 200 manat məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə iddianın hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 300 manat məbləğin tutulmasına gəldikdə isə hesab edir ki, həmin xərcin ödənilməsi ilə bağlı sübut təqdim edilmədiyindən həmin hissədə iddia rədd edilməlidir. Məhkəmə eyni zamanda iddianın tələbin təmin olunmuş hissəsinin ipoteka predmeti olan əmlaka yönəldilməsini də araşdıraraq hesab edir ki, iddia tələbinin bu hissəsi tam əsaslıdır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-«İpoteka haqqında» Qanunun) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. "İpoteka haqqında" Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. "İpoteka haqqında" Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməli, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20.07.2020-ci il tarixli 01 №-li qərardadına əsasən «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməsi qərara alınmışdır. İş materiallarından göründüyü kimi, ipoteka predmeti olan əmlakın ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsi aparılmış, ipoteka predmeti olan əmlak üçün bazar qiyməti 70 000 manat müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdeh X4 tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, habelə ekspert rəyini əsas götürərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X4 İddiaçı BOKT ASC-nin xeyrinə 20.11.2012-ci il tarixli 1374/12/PB №-li kredit (borc) müqaviləsinə, 11.06.2014-cü il tarixli 01 №-li əlavə dəyişiklik üzrə 11045,06 manat əsas, 6287,09 manat faiz, 300 manat dəbbə pulu, cəmi 17 632.15 manat, 30.06.2014-cü il tarixli 019/14/PB №-li kredit (borc) müqaviləsi üzrə 7570,17 manat əsas, 3527 manat faiz, 200 manat dəbbə pulu olmaqla, cəmi 11 297,17 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalı, ipoteka predmeti 70 000 manat qiymətləndirilməli və borcun əvəzi bu qiymətlə X6 mülkiyətindəki Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi-2 döngəsində istifadədə olan 0.0194 ha torpaq sahəsində yerləşən 1 ədəd, 1 mərtəbəli, 3 otaqlı, 48,6 kv.m yaşayış, 20,6 kv.m köməkçi sahədən ibarət 10 b nömrəli fərdi yaşayış evinə yönəldilməli və ipoteka predmeti açıq hərracda satılaraq tələb edilən borca ödənilməli, həmin evdə yaşayanlar X15, X14, X17, X11 və X12 istifadə hüququna xitam verilməklə çıxarılmalı, ev əşyaları ilə birlikdə boşaldılmalıı, əgər hərracdan əldə olanan məbləğ borc öhdəliyini tam ödəmədikdə yerdə qalan məbləğ cavabdehdən ümumi qaydada tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Eyni zamanda, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat cavabdeh X4 tutularaq Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X2, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X4 İddiaçı BOKT ASC-nin xeyrinə 20.11.2012-ci il tarixli 1374/12/PB №-li kredit (borc) müqaviləsinə, 11.06.2014-cü il tarixli 01 №-li əlavə dəyişiklik üzrə 11045,06 manat əsas, 6287,09 manat faiz, 300 manat dəbbə pulu, cəmi 17 632.15 manat, 30.06.2014-cü il tarixli 019/14/PB №-li kredit (borc) müqaviləsi üzrə 7570,17 manat əsas, 3527 manat faiz, 200 manat dəbbə pulu olmaqla, cəmi 11 297,17 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. İpoteka predmeti 70 000 manat qiymətləndirilsin və borcun əvəzi bu qiymətlə X6 mülkiyətindəki Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi-2 döngəsində istifadədə olan 0.0194 ha torpaq sahəsində yerləşən 1 ədəd, 1 mərtəbəli, 3 otaqlı, 48,6 kv.m yaşayış, 20,6 kv.m köməkçi sahədən ibarət 10 b nömrəli fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti açıq hərracda satılaraq tələb edilən borca ödənilsin. Həmin evdə yaşayanlar X15, X14, X17, X11 və X12 istifadə hüququna xitam verilməklə çıxarılsınlar və ev əşyaları ilə birlikdə boşaldılsın. Əgər hərracdan əldə olanan məbləğ borc öhdəliyini tam ödəmədikdə yerdə qalan məbləğ cavabdeh X4 ümumi qaydada tutulsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat cavabdeh X4 tutularaq Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X2, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar