Məhkəmə qərarları › İş №2(008)-1227/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1227/2024

27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1227/2024 27.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclasının katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 710.46 manat əsas, 112.15 manat faiz, 80.23 manat cərimə olmaqla, cəmi 902.84 manat və 30.00 manat ödənilən dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli fərmanının icrasının təmin edilməsi məqsədi ilə 29 may 2019-cu il tarixli 05200 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən, 5 il müddətli, 953.62 manat məbləğində illik 1 faiz olmaqla kredit verilmişdir. Kredit müqaviləsi ilə yanaşı həmin tarixli X1 arasında zaminlik müqaviləsi bağlanılmışdır. Zaminlik müqaviləsinin 2.4.3-cü maddəsində qeyd olunur ki, "borclu"hun öhdəliyini icra etməməsi nəticəsində "kreditor"a dəyən ziyanın əvəzinin ödənilməsi də daxil olmaqla, "kreditor" qarşısıda "borclu" ilə eyni məsuliyyəti daşıyır. Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətinin keçməsinə və ödəniş barədə dəfələrlə şifahi, o cümlədən xx.xx.2023-cü il tarixli yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, ödəniş cədvəlinə uyğun olaraq kredit borcu ödənilməmişdir. Hazırda cavabdehin, 710.46 manat əsas. 112.15 manat faiz, 80.23 manat cərimə olmaqla cəmi 902.84 manat borcu vardır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını, cavabdeh isə gəlməməsinin səbəbəri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 05200 nömrəli, xx.xx.2019-cu il tarixli Kredit (Restrukturizasiya) Müqaviləsinin surətindən görünür ki, Kreditor Borclunun vaxtı keçmiş əsas kredit əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 953.62 (doqquz yüz əlli üç manat, altmış iki qəpik) manat qalıq məbləğini ödəməsi məqsədi ilə 953.62 (doqquz yüz əlli üç manat, altmış iki qəpik) manat məbləğində güzəştli kredit verməyi, Borclu isə verilmiş krediti və ona hesablanan faizləri bu Müqaviləyə əlavə edilmiş ödəniş cədvəli üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. İddiaçı "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli Zaminlik Müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən borclunun Kreditor qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyi tamamilə icra edilməsini öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, aylıq ödəniş 20.28 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh1 710.46 manat əsas, 112.15 manat faiz, 80.23 manat cərimə olmaqla, cəmi 902.84 manat borcu vardır. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər borc məbləğinin 3 gün ərzində ödənilməsini, əks təqdirdə məhkəməyə müraciət ediləcəkləri barədə xəbərdar edilmişlər. İş materiallarına əlavə edilmiş mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Mülki işin araşdırılması zamanı məlum olmuşdur ki, iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kredit borcunun tutulması barədə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 710.46 manat əsas, 112.15 manat faiz, 80.23 manat cərimə olmaqla, cəmi 902.84 manat və 30.00 manat ödənilən dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etsə də, iddia ərizəsində borc məbləğinə konkret hansı cavadehdən tutulması göstərilməmişdir. Belə ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cu maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, qanunlara və digər normativ‐hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsində göstərilir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Bu səbəbdən də, iddia ərizəsi baxılmamış saxlanıldığından 30 (otuz) manat dövlət rüsumu iddiaçı geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 185.4, 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «kredit borcun qaytarılması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzə əsasən iddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu büdcədən "xxxx" MMC-yə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar