Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1231/2023 17.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkilləri Vəkil2, Cavabdeh4 iştirakları ilə İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 30000 manat borcun və dövlət rüsumu 180 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı hazırda ailə üzvləri ilə Rusiya Federasiyasında yaşayır. Cavabdeh3 ilə tanışlığı yaranmışdır. O, özünü şubay oğlan kimi təqdim etmişdi. Aralarında sevgi münasibətləri yaranmağa başladı. Daha sonra Əhməd iddiaçıya gələcəkləri üçün Bakıda ev almağı təklif etmişdir. İddiaçı Rusiya Federasiyasından bankdan pul götürüb göndərə biləcəyini bildirmişdir. İddiaçı 2019-cu ildən başlayaraq hissə-hissə olmaqla 30000 manata yaxın pulu Cavabdeh3 və qohumları kimi tanıtdığı, ancaq sonradan bildiyi, reallıqda həyat yoldaşı olan Cavabdeh1, qaynanası Cavabdeh2, qohumu olan Cavabdeh4 kartlarına və adlarına göndərmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, Əhməd Agıgözəlov evlidir. Cavabdeh1 onun həyat yoldaşı, Cavabdeh2 onun qaynanası, Cavabdeh4 isə qohumudur. Bunlar hamısı iddiaçını aldadıb göndərdiyi pulları öz ehtiyacları üçün xərcləmişdir. iddiaçı dəfələrlə onlarla əlaqə saxlayıb göndərdiyi pulları geri qaytarmalarını tələb etsə də, hər səfərində Əhməd özü, Əhmədin anası, həyat yoldaşı, Aydan, qaynanası tezliklə pulları qaytaracaqlarını bildirsələr də hazıradək müxtəlif bəhanələr gətirərək qaytarmamışlar. Cavabdeh1 iddia ərizəsinə etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı onun Cavabdeh3lə evli olduğunu bilmiş, çünki şəxsiyyət vəsiqələrinin surətləri ona göndərilmişdir. Onunla iddiaçının arasında hər-hansı borc münasibətilər olmamışdır. Onun bildiyinə görə, iddiaçı ilə onun ərinin arasında biznes münasibətləri olmuş, onun göndərildiyi pulların həcmində əri işlər görmüş və borcu qalmamışdır. İddiaçının göndərdiyi pul mərhum əri tərəfindən götürülmüş və o, puldan istifadə etməmişdir. Cavabdeh2 iddia ərizəsinə etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçını tanımır, əvvəllər də tanınmamışdır, öhdəlik münasibətlərinə girməmiş, iddiaçının mərhum kürəkəni ilə iş birliyində olduğunu zənn etmiş, adına vurulan pulların mərhum kürəkəni götürmüş və istifadə etmişdir. İddiaçının əslində niyyətində tutduğu yalan əqdi pərdələmişdir, belə bir əqd etibarsız əqddir. Mərhum kürəkəninin hazırki iddiaçı ilə telefon danışıqlarının şahidi olduğundan kürəkəninin evli olduğunu iddiaçının bildiyini düşünür. Sonradan iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbini dəqiqləşdirərək Cavabdeh3 cavabdehlərin sırasından xaric edərək, cavabdehlər Cavabdeh1 550.000 Rusiya rublu, Cavabdeh2 200.000 Rusiya rublu və Cavabdeh4 isə 70.000 Rusiya rublunun (ödənilən gunə olan məzənnə ilə) və ödənilmiş 180 manat dövlət rüsumunun alınıb verilməsi haqqında iddia irəli sürmüşdür. Dəqiqləşdirilmiş tələblə ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə prosesində Cavabdeh1 bildirdi ki, həyat yoldaşı Cavabdeh3 rəhmətə getmişdir. Lakin ölüm haqqında şəhadətnamə əldə edilməmişdir. Ölüm haqqında şəhadətnamə olmadığından və Cavabdeh3 hüquqi varisini hazırda müəyyənləşdirmək mümkün olmadığından Cavabdeh3 hüquqi varisi müəyyən edilən zamana ona qarşı iddia məhkəmə müraciət olunacaqdır. Qeyd olunan səbəblərdən Cavabdeh3 cavabdehlər sırasından çıxarılmalıdır. Cavabdeh1 xx.xx.2019-cu il tarixində 56371 1677 kodu ilə 10.000 rubl, xx.xx.2019-cu il tarixində ********* kodu ilə 40.000 rubl, xx.xx.2019- cu il tarixində ********* kodu ilə 39993 rubl, xx.xx.2020-ci il tarixində ********* kodu ilə 80,0 rubl göndərmişdir (169.993 Rusiya rublu) Həmin qəbzləri ərizəsinə əlavə etmiş, göndərdiyi digər pulların isə qəbzlərini itirmişdir. Cavabdeh3 isə xx.xx.2021-ci il tarixində 13130 rubl, xx.xx.2021-ci il tarixində 10.100 rubl, xx.xx.2021-ci il tarixində 20200 rubl, xx.xx.2021-ci il tarixində 15150 rubl, xx.xx.2021-ci il tarixində 10.100 rubl, xx.xx.2021-ci il tarixində 101.000 rubl Sberbank vasitəsilə göndərmişdir (169.680 Rusiya rubulu) Həmin qəbzləri ərizəsinə əlavə etmi, göndərdiyi digər pulların qəbzlərini itirmişdir. Cavabdeh2 qızma xx.xx.2021-ci il tarixində Sberbank vasitəsilə 367904 kodu ilə 20.200 rubl, xx.xx.2021-ci il tarixində 462988 kodu ilə 10.100 rubl, xx.xx.2021-ci il tarixində 562955 kodu ilə 30300 rubl göndərmişdir (60.600 Rusiya rublu) . Həmin qəbzləri ərizəsinə əlavə etmi, göndərdiyi digər pulların qəbzlərini itirmişdir. Cavabdeh4 xx.xx.2020-ci il tarində ********* kodu ilə 45.000 rubl, xx.xx.2020-ci il tarixində ********* kodu ilə isə 25.000 rubl göndərmişdir (70.000 Rusiya rublu). Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 ddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəllər keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qeyd etmişdir ki, o, Əhmədin evli olduğuqu bilmirdi, pulları Əhmədə evin alınması üçün göndərirdi, bəzən öz adına, bəzən Əhmədin verdiyi adlara, Aydanın Əhmədlə eyni soyadda olduğundan şübhələnməmiş, yaxın qohumu olduğunu düşünmüş, adlarına pulu göndərdiyi adamları tanımamış, pulları Əhmədə göndərmişdir. Əvvəllər keçirilmiş məhkəmə hazırlıq iclaslarında iştirak edən Cavabdeh1 izahat verərək qeyd etmişdir ki, İddiaçıla mərhumun ərinin hansı münasibətlərdə olduğunu dəqiqliyilə deyə bilməz, lakin onun bildiyinə görə Gülnar mərhum ərinə pul göndərirdi, əri dərman alırdı və qazancı bölürdülər. Kimin kimə nə qədər borcu olduğunu bilmir. Əri öləndən sonra Gülnarla əlaqə saxlamış, mərhum ərinin anasından 500 manat alıb göndərəcəyini bildirmiş, lakin Gülnar bu məbləği qəbul etmək istəməmişdir. Gülnarın göndərdiyi pulu o, alıb ərinə vermişdir. Müxtəlif dövrlərdə pulun Əhmədin adına deyil, onun, anasının və iş yoldaşının adına göndərilməsinin səbəbi Əhmədin dediyinə görə onun şəxsiyyət vəsiqəsində və ya bank kartında problemlərin olması ilə əlaqəli olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahat verərək qeyd etmişdir ki, mərhum Cavabdeh3lə birlikdə işləmiş, Əhməd müəlllim onun rəhbəri olmuş, aralarında qarşılıqlı hörmət münasibətləri olmuş, mərhumun ona çox hörməti keçmişdir. Mərhum Cavabdeh3 bir ya iki dəfə ondan şəxsiyyət vəsiqəsinin surətini almış, onun adına Rusiyadan pulun göndəriləcəyini bildirmişdir. Pul gələndə o, pulu alıb dərhal mərhuma vermişdir. Kimdən, hansı məqsədlə pul göndərilirdiyini bilməmiş, heç maraqlanmamış, insani bir hərəkət etmişdir. Ona qarşı iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı xx.xx.1991-ci il tarixdə Rusiya Federasiyasında doğulmuşdur, Rusiya Federasiyasının vətəndaşıdır (Rusiya Federasiyası vətəndaşının 72 ******* №-li pasportu). Cavabdeh1 Cavabdeh3 arvadı, Cavabdeh2 qaynanası, Cavabdeh4 keçmiş iş yoldaşı olmuşdur. İddiaçı adından cavabdehlərə aşağıdakı ardıcılıqla pul məbləğləri Rusiyadana göndərilmişdir: Cavabdeh1 xx.xx.2019-cu il tarixində 10.000 rubl, xx.xx.2019-cu il tarixində 40.000 rubl, xx.xx.2019-cu il tarixində 39993 rubl, xx.xx.2020-ci il tarixində 80,0 rubl (169.993 Rusiya rublu); - hazırki məzənnə ilə 3620,85 manat, həmin vaxtın məzənnəsi ilə 4640,89 manat; Cavabdeh4 xx.xx.2020-ci il tarində 45.000 rubl, xx.xx.2020-ci il tarixində 25.000 rubl göndərmişdir (70.000 Rusiya rublu), hazırki məzənnə ilə 1491 manat həmin vaxtın məzənnəsi ilə 1862 manat; Cavabdeh2 qızma xx.xx.2021-ci il tarixində 20.200 rubl, xx.xx.2021-ci il tarixində 10.100 rubl, xx.xx.2021-ci il tarixində 30300 rubl göndərmişdir (60.600 Rusiya rublu), hazırki məzənnə ilə 1290,78 manat, həmin vaxtın məzənnəsi ilə 1393,8 manat; Sonradan isə Cavabdeh3 xx.xx.2021-ci il tarixində 13130 rubl, xx.xx.2021-ci il tarixində 10.100 rubl, xx.xx.2021-ci il tarixində 20200 rubl, xx.xx.2021-ci il tarixində 15150 rubl, xx.xx.2021-ci il tarixində 10.100 rubl, xx.xx.2021-ci il tarixində 101.000 rubl Sberbank vasitəsilə (169.680 Rusiya rublu) hazırki məzənnə ilə 3599, 7 manat, həmin vaxtın məzənnəsi ilə 3919,608 manat. Cavabdeh3 xx.xx.2022-ci il tarixdə tarixdə ölmüş, lakin ölüm haqqında şəhadətnamə hələ alınmamışdır (7 saylı Yardımçı stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqi). İddiaçının mövqeyinə görə o, mərhumla evlənmək niyətində olmuş, pulları evin alınması üçün Əhmədə və Əhmədin göstərdiyi adlara göndərmiş, adlarına pul göndərdiyi şəxsləri tanımamış, onun evli olduğun sonradan bilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında Cavabdeh3 sağlığında və ölümündən sonra votsap yazışmaları və telefon danışıqları olmuşdur. Belə ki, xx.xx.2020-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında olan yazışmadan görünür ki, Cavabdeh3 ilə İddiaçı arasında münasibətlər yaşanmış, Cavabdeh1 bunu bilmiş, İddiaçı Aydandan onunla ərinin arasında olan münasibətin bitməsinin təsdiqini istəmiş, Aydan onların münasibətlərinin bitməsini, lakin onların bir-birinin həyatında həmişə olduqlarını bildirmiş, eyni zamanda Aydan Əhmədin vəziyyətinin qeyri-stabil olduğunu bildirərək pul barəsində Əhmədin üstünə Gülnarın çox getməməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə Gülnar şəbəkənin bərpa edildiyi təqdirdə pul göndərişinin gün ərzində vacib olduğundan edilməsini xahiş etmiş, Aydan isə cəhd edəcəyini bildirmişdir. Cavabdeh3 ölümündən sonra Cavabdeh1 Əhmədin iddiaçıya olan borcunu mərhumun anasından alıb göndərəcəyini bildirmişdir. Hazırda iddiaçı cavabdehlərdən onların adlarına göndərdiyi pulun onun xeyrinə tutulmasını istəyir. İddiaçı iddia ərizəsində öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi (borc müqaviləsi), 1096.1-ci maddəsi (delikt) ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddianın əsasının əsassız varlanma ilə əsaslandırmış, hesab etmişdir ki, cavabdehlər mərhum Əhmədlə əlbir olub iddiaçı tərəfindən pulların göndərilməsinə nail olmuş və hamısı birlikdə əsassız varlanmışdılar. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu qənatəinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Yuxarıda qeyd edilən işin faktiki hallarından göründüyü kimi, iddiaçı ilə cavabdehlərin aralarında hər-hansı borc münasibətləri olmamış, iddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh4 ümumiyyətlə heç bir-birilərini tanımamış, iddiaçı tərəfindən göndərilən bütün pul məbləğləri Cavabdeh3 çatdırılması üçün göndərilmişdir. İddiaçı ilə Cavabdeh3 arasında da hər-hansı bir müqavilə münasibətləri olmamış, pul borc olaraq ona verilməmişdir. Cavabdeh3 özünə və ona çatdırılması üçün cavabdehlərə göndərilən ümumi məbləğ 3000 manatı keçdiyinə görə onunla iddiaçının arasında yazılı borc müqaviləsi olduğu təqdirdə borc münasibətləri yarana bilərdi. İddiaçının nümayəndəsinin hazırki münasibətlərin hüquqi əsasının əsassız varlanmadan ibarət olmasına dair məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Beləliklə, əsassız varlanma ilə əlaqədar iddiaçının nümayəndəsinin mövqeyinin sübut edilməsi üçün iddianın faktiki hallarının movcudluğunun sübut edilməsi zəruridir. Məhkəmə hesab edir ki, iddiaçı işin faktiki hallarını təqdim edərkən səmimi olmamış və onun təqdim etdiyi işin faktiki halları həqiqətə uyğund deyil. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən pulların evin alınması üçün Cavabdeh3 göndərilməsi iş materialları ilə sübut edilmir. İddiaçı tərəfindən təqdim edilmiş yazışmalar, telefon səs yazmalarının hər-hansı birində bu halın təsdiqinə dair məlumat təqdim edilməmişdir. Qeyd edildiyi kimi, xx.xx.2020-ci il tarixdə iki aldadılmış qadın - İddiaçı və Cavabdeh1 yazışarkən də iddiaçı Əhmədə evin alınması üçün pul göndərildiyini bildirməmişdir. Həmin yazışmadan İddiaçı ilə Cavabdeh3 arasında pul münasibətlərinin olduğu görünsə də, həmin münasibətlərin nəyin əsasında yarandığı müəyyən edilmir. Bundan başqa, iddiaçı artıq Əhmədin evli olduğunu və onun qaynanasının adının İradə olduğunu bildikdən sonra, xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərində Cavabdeh2 adına pul göndərişləri etmişdir. Cavabdeh2 edilən son göndərişdən sonra iddiaçı xx.xx.2021-ci il tarixdə Aydandan ona pulun göndərilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh3 pul göndərməyə başlayır. Beləliklə, iddiaçı tərəfindən pulun evin alınması üçün göndərildiyi işin halları ilə təsdiq edilmir. Pulun göndərilməsinin əsil səbəbi isə məhkəməyə məlum deyil. Məhkəmə cavabdehin mövqeyini (işgüzar münasibtlər barədə) daha ağlabatan hesab edir. Belə ki, qeyd edildiyi kimi, iddiaçı pul göndərmiş, sonra ona pulun göndəriməsini xahiş etmiş, sonra yenə pul göndərmişdir. Bu hal iddiaçı ilə Cavabdeh3 arasında işgüzar münasibətlərin olmasına daha çox dəlalət edir. İddiaçı tərəfindən Əhmədin evli olduğunu bildikdən sonra evin alınması üçün pulların göndərilməsi hər-hansı bir məntiqə sığmır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı işin faktiki hallarını təqdim edərkən qeyrisəmimiliyə yol verdiyindən, təqdim etdiyi faktiki halları sübut edə bilmədiyindən iddianın hüquqi əsasını müəyyən etmək mümkün deyil. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 əri öləndən sonra iddiaçı ilə votsap yazışmalarında və telefon danışıqlarında ərinin iddiaçıdan aldıqları pulu mərhumun anasından alıb göndərəcəyi barədə verdiyi vədlər borcun etirafı kimi qəbul edilə bilməz. Belə ki, həmi pulun Cavabdeh1 aid olmadığını iddiaçı özü də bilirdi. Cavabdeh1 sadəcə vicdan nümayiş etdirərək ərinin ölümündən sonra hansısa problemi həll etməyə cəhd etmişdir. Bundan başqa, iddianın məhz Əhmədin ölümündən sonra verilməsi də iddiaçının işin faktiki hallarını təhrif emtək niyyətində olduğuna dəlalət edir. Belə ki, iddiaçı artıq 2020-ci ildən Əhmədin evli olduğunu bilməsinə baxmayaraq, o, xx.xx.2021-ci il tarixədək pul göndərməyə davam etmiş, son göndərişdən 5 ay sonra Əhməd ölmüş, iddia Əhmədin ölümündən 6 ay sonra, xx.xx.2022-ci il tarixdə verilmişdir. Məhkəməyə ancaq iddiaçı tərəfindən edilən ödənişlərə dair sənədlər təqdim edilmiş, Əhmədin də ona pulun göndərilməsini təsdiq edən qəbzlər məhkəməyə təqdim edilməmişdir. Belə ki, həmin qəbzləri iddiaçı və ya Əhməd təqdim edə bilərdilər, iddiaçı bunu etməmiş, Əhməd də məlum səbəbdən bunu edə bilməz. Odur ki, Əhməd tərəfindən də iddiaçıya pullar göndərilib-göndərilməməsi müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən yazışmadan Əhməd tərəfindən də göndərişlərin edilməsi ehtimal edilir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPMnin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd etməyi də zəruri hesab edir ki, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir və məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir. Odur ki, işin əsil halları yalnız iddiaçıya və Əhmədə bəlli olduğundan, Əhməd öldüyündən, iddiaçı işin faktiki halları düzgün təqdim etmədiyindən, cavabdehlərin iddiaçının qarşısında hansı məsuliyyət daşıdığına dair iddiaçı tərəfindən mötəbər, güvənilən subutlar təqdim edilmədyindən, iddiaçının özünün iddia etdiyinə görə pulların məhz Əhmədə göndərmək niyyətində olduğundan, cavabdehlərin yalnız sənədlərindən rəsmiyyət üçün istifadə edildiyindən, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 -ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Ödənilmiş 180 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1231/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1231/2023
17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver