Məhkəmə qərarları › İş №2(008)-126/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-126/2024

15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-126/2024 15.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-nə qarşı “pul vəsaitinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-nə qarşı “pul vəsaitinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dən 17.420 manat artıq alınmış pul vəsaitinin, 34.680 manat əldən çıxmış gəlirin, 4706 manat artıq hesablanmış kommunal xidmətlərin, cəmi 56.806 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 06 yanvar 2006-cı il tarixdə 095 saylı müqavilə bağlamış və ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa edilən hündürmərtəbəli binanın 5-ci mərtəbəsi, 4 otaqlı, 22 saylı 202 kv.m ümumi sahəsi olan mənzilin dəyərini 131.000,50 (yüz otuz bir min) manat ödəməklə almışdır. 01 yanvar 2008-ci il tarixli 038 saylı müqavilə əsasında kommunal xərclərin dairəsi və dəyəri müəyyən edilmiş və müqavilədə göstərilən şərtlər daxilində ödənişləri aparmışdır. 2019-cu ildə mənzili özəlləşdirərkən ona məlum olmuşdur ki, mənzilin ümumi sahəsi 175,2 kv.m təşkil edir və bu barədə Cavabdeh MTK-nin rəhbərliyinə məlumat vermiş, 26,8 kv.m çatışmayan sahənin dəyərinin qaytarılmasını tələb etmişdir. Cavabdeh MTK-nin rəhbəri olan Qaraxan Yaqubov müxtəlif bəhanələr gətirmiş, lakin pul vəsaitini ödəməmişdir. 26.8 kv.m. sahənin qiyməti 1 kv.m 650 manat olmaqla, 26.8 kv.m x 650 manat = 17420 manat təşkil edir. Cavabdeh ona məxsus 17.420 manat pul vəsaitini 2006-cı ildən 2022-ci ilə qədər buna əsas olmadan özündə saxlamış, bu zaman o, pul vəsaitindən təyinatı üzrə istifadə edə bilmədiyi üçün əldən çıxmış gəlir formasında ona ziyan vurmuşdur, yəni 17.420 manat - 1,7 minimum bank faizləri bir ay üçün = 170 manat x bir il yaxud 12 ay = 2040 manat x 17 il, yaxud 204 ay = 34680 manat. 17 il ərzində ona məxsus pul vəsaiti tərəfindən banka qoyula bilərdi və hər ay 170 manat faiz almaqla bir ildə 2040 manat, 17 ildə isə 34.680 manat gəlir əldə edə bilərdi. Həmçinin, cavabdeh 17 il ərzində ondan kommunal xərclərini mənzilin real həcmilə - 175.2 kv.m yox, 202 kv.m həcmi ilə hesablamış və hər il üçün 362 manat əlavə pul almışdır. Mənzil 2009-cu ildən istismara verilmiş və 13 il ərzində cavabdeh ondan ümumilikdə 4706 manat artıq pul vəsaiti almışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh MTK-ya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -064308 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı birinci qrup əlildir. -Cavabdeh MTK (bundan sonra Kooperativ) ilə İddiaçı (bundan sonra Payçı) arasında bağlanmış 095 nömrəli xx.xx.2006-cı il tarixli müqavilənin: 1.2-ci bəndinə əsasən Müqavilənin 1.1-ci bəndində göstərilənlərə əsaslanaraq Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 1 ünvanda 15 mərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra 1a nömrəli binanın 5 mərtəbəsində 22 nömrəli, ümumi yaşayış sahəsi 202 kv.m təşkil edən 4 otaqlı mənzili Kooperativ Payçıya (mənzilin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, Payçı isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürürlər; 5.1-ci bəndinə əsasən təhvil veriləcək mənzilin ümumi yaşayış sahəsinin ölçüsü 202 kv.m təşkil edir, bu sahənin ümumi dəyəri 131.000,50 manat müəyyən edilir; 5.2-ci bəndinə əsasən Payçı tikinti başladığı tarixdən bu müqavilənin 1.2-ci bəndində göstərilmiş mənzilin ümumi dəyərini təşkil edən 131.000,50 manat vəsaiti 30 iyul 2009-cu il tarixinə qədər Kooperativin hesabına, ya da kassasına nağd pulla ödəməlidir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ümumi sahəsi 175,2 kv.m olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi 1-ci Yavər Əliyev küçəsi ev 1 mənzil 22, xx.xx.2019cu il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. -Cavabdeh MTK (bundan sonra Kooperativ) ilə xx.xx.2006-cı il tarixli 095 saylı müqaviləyə əsasən 5 mərtəbə 22 nömrəli, ümumi sahəsi 191 kv.m təşkil edən 4 otaqlı mənzilin payçısı İddiaçı (bundan sonra Payçı) arasında bağlanmış 038 nömrəli xx.xx.2010-cu il tarixli kommunal xərclərin ödənilməsi, binadan istifadə və mənzildə təhlükəsizlik texnika qaydaları haqqında müqaviləyə əsasən Kooperativ binanın idarə edilməsini öhdəçiliyə götürür. Payçı mənzilin ümumi sahəsinin onun payına düşən hissəsinə proporsional olaraq binanı idarəçiliyə götürən və sakinlərə xidmət göstərən müəssisəyə kommunal, istismar və xidməti xərclərinin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürür. Müqavilədə kommunal, istismar və xidməti xərclər aşağıdakı kimi göstərilmişdir: kirə pulu 1 kv.m – 0.04; zibil pulu 1 kv.m – 0.03; lift pulu 1 kv.m – 0.06; mühafizə 1 kv.m – 0.03; əlavə xərclər (dəftərxana, mühasibatlıq, xidməti ləvazimatlar və s.) 1 kv.m – 0.04. Cəmi xidmət haqları 0.20 manat təşkil edir. -xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 262 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -Cavabdeh MTK tərəfindən verilmiş 133 nömrəli xx.xx.2016-cı il tarixli arayışdan görünür ki, İddiaçı Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 1 ünvanında Cavabdeh MTK-nin inşa etdiyi 1A saylı 15 mərtəbəli yaşayış binasının 5 mərtəbəsində yerləşən, sahəsi 202 kv.m olan 22 saylı mənzilin istilik sisteminin tam dəyərini, 095 saylı müqaviləyə əsasən xx.xx.2006-cı il tarixdə tam ödəyib. -Cavabdeh MTK tərəfindən verilmiş 01 nömrəli xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı mənzilin kommunal xərclərinə xx.xx.2019-cu ilə qədər heç bir borcu yoxdur. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ümumi sahəsi 175,20 kv.m olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi 1-ci Yavər Əliyev küçəsi ev 1 mənzil 22, xx.xx.2019-cu il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. -Cavabdeh MTK üzvlərinin ümumi iclasının 015 nömrəli protokoldan xx.xx.2019-cu il tarixli çıxarışa əsasən vətəndaş İddiaçı MTK-nə üzv qəbul edilməsi və MTK-nin ünvan 2 ünvanında, 1 nömrəli binasında ümumi sahəsi 192,59 kv.m olan 4 otaqlı 22 saylı mənzilinin onun tam mülkiyyətinə verilməsi qərara alınmışdır. -Cavabdeh MTK tərəfindən verilmiş 029 nömrəli xx.xx.2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 1 ünvanında Cavabdeh MTK-nin inşa etdiyi 1 nömrəli 15 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 22 nömrəli, ümumi sahəsi 192,59 kv.m olan mənzilin tam dəyərini 079 saylı müqaviləyə əsasən tam ödəyib və kooperativə heç bir borcu yoxdur. -Cavabdeh MTK (bundan sonra Kooperativ) ilə İddiaçı (bundan sonra Payçı) arasında bağlanmış 095 nömrəli xx.xx.2006-cı il tarixli müqavilənin: 1.2-ci bəndinə əsasən Müqavilənin 1.1-ci bəndində göstərilənlərə əsaslanaraq Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 1 ünvanda 15 mərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra 1 nömrəli binanın 5 mərtəbəsində 22 nömrəli, ümumi yaşayış sahəsi 192,59 kv.m təşkil edən 4 otaqlı mənzili Kooperativ Payçıya (mənzilin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, Payçı isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürürlər; 5.1-ci bəndinə əsasən təhvil veriləcək mənzilin ümumi yaşayış sahəsinin ölçüsü 192,59 kv.m təşkil edir, bu sahənin ümumi dəyəri 131.000,50 manat müəyyən edilir; 5.2-ci bəndinə əsasən Payçı tikinti başladığı tarixdən bu müqavilənin 1.2-ci bəndində göstərilmiş mənzilin ümumi dəyərini təşkil edən 131.000,50 manat vəsaiti 30 iyul 2009-cu il tarixinə qədər Kooperativin hesabına, ya da kassasına nağd pulla ödəməlidir. -X2 Company tərəfindən verilmiş 20 nömrəli qəbzdə aşağıdakı qeydlər aparılmışdır: ünvan: B1, M22, İddiaçı, mənzil sahibi 420 (dörd yüz iyirmi) manat. Qəbz komendant Ruslan adlı şəxs tərəfindən imzalanmışdır. -X2 Company tərəfindən verilmiş 20 nömrəli bildirişdən görünür ki, İddiaçı 2021-ci ilin iyuluna 1092,32 manat kommunal borcu vardır. Bildirişdə mənzilin sahəsi 175 kv.m, aylıq borc 102,35 manat, cəmi ödənilməli borc 1194,67 manat qeyd edilmişdir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1006 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi 1-ci Yavər Əliyev küçəsində yerləşən, 1 saylı evin, 22 saylı mənzilinin ümumi sahəsinin (yaşayış və köməkçi sahə ilə birlikdə) 192,3 kv.m təşkil etdiyi müəyyən edilir. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi 1-ci Yavər Əliyev küçəsində yerləşən, 1 saylı evin, 22 saylı mənzilinin divar və arakəsmələri, dəhliz, eyvan və digər yardımçı sahələri daxil edilməklə, ümumi sahəsinin 205,8 kv.m (44,3 + 38,1 +2,7 + 3,6 + 23,3 + 17,4 + 7,0 + 19,0 + 39,9 + 10,5) təşkil etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndlərinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012 tarixli 07 №-li qərarının 3.8-ci bəndinin tələbləri əsasında aparılmış hesablama ilə, tədqiq olunan mənzilin ümumi sahəsinin 175,5 kv.m müəyyən olunduğunu, eləcə də xx.xx.2019-cu il tarixli çıxarışda həmin mənzilin ümumi sahəsinin 175,2 kv.m göstərildiyini nəzərə alaraq, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi 1-ci Yavər Əliyev küçəsində yerləşən, 1 saylı evin, 22 saylı mənzilinin ümumi sahəsinin, həmin mənzilə dair çıxarışda göstərilən sahə ilə uyğunluq təşkil etdiyi müəyyən edilir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, mənzil 4 otaqlı, yaşayış sahəsi 88.0 kv.m, ümumi sahəsi 175.2 kv.m olmaqla, çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6054 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi 1-ci Yavər Əliyev küçəsində yerləşən 1 saylı evin 22 saylı mənzilinin ümumi faktiki sahəsi yaşayış və köməkçi sahə ilə birgə hesablandıqda 192.1 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi 1-ci Yavər Əliyev küçəsində yerləşən 1 saylı evin 22 saylı mənzilinin divar və arakəsmələr, dəhliz, eyvan və yardımçı sahələr daxil edilməklə hesablandıqda ümumi sahəsi 205.8 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin (“Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”) 59.2 və 59.3 bəndlərində, eyni zamanda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 saylı qərarı ilə təsdiq olunmuş, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” qaydalarının 3.8. bəndinin tələbləri nəzərə alınmaqla hesablandıqda isə, tədqiq olunan mənzilin ümumi sahəsi 175.5 kv.metr təşkil edir. Belə olan halda mənzilin ümumi sahəsinin xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışda göstərilən sahə ilə, yəni 175.2 kv.metr sahə ilə uyğunluq təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Məhkəmə, aşağıda qeyd olunanlara əsasən iddia tələbini qismən əsaslı hesab edir. İddia tələbindən görünür ki, iddiaçı 095 nömrəli xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən Cavabdeh MTK tərəfindən ona təhvil verilmiş Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi 1-ci Yavər Əliyev küçəsində yerləşən 1 saylı evin 22 saylı mənzilinin ümumi sahəsinin müqavilədə göstərildiyi kimi 202 kv.m deyil, 175,2 kv.m təşkil etdiyini iddia edərək, artıq 26,8 kv.m (202-175,2=26,8) üçün ödədiyi pulun, kommunal xidmət haqlarının və əldən çıxmış faydanın ödənilməsini tələb edir. İşin araşdırılan hallarına əsasən 095 nömrəli xx.xx.2006-cı il tarixli müqavilənin şərtləri və tərəflərin müqavilə üzrə üzərinə götürdükləri öhdəliklərin xarakteri baxımından onların arasında podrat müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən podratçı (cavabdeh) müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi (iddiaçı) isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından göründüyü kimi, iddiaçı müqaviləyə uyğun məbləğdə ödəniş etmək vəzifəsini tam şəkildə icra etsə də, yəni 202 kv.m mənzilə görə cavabdehə 131.000,50 manat məbləğində pul ödəsə də, cavabdeh müqavilədə nəzərdə tutulan ölçüdə mənzil təhvil vermək üzrə vəzifəsini icra etməməklə iddiaçını müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etmişdir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki və təkrar məhkəmə tikinti-texniki ekspertizalarının rəylərinə əsasən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin (“Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”) 59.2 və 59.3 bəndlərində, eyni zamanda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 saylı qərarı ilə təsdiq olunmuş, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” qaydalarının 3.8. bəndinin tələbləri nəzərə alınmaqla hesablandıqda tədqiq olunan mənzilin ümumi sahəsinin 175.5 kv.metr təşkil etdiyi, belə olan halda da mənzilin ümumi sahəsinin xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışda göstərilən sahə ilə, yəni 175.2 kv.metr sahə ilə uyğunluq təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh MTK tərəfindən ona təhvil verilmiş Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi 1-ci Yavər Əliyev küçəsində yerləşən 1 saylı evin 22 saylı mənzilinin ölçülərinin müqavilədə göstəriləndən az olması əsası ilə dəymiş zərəri tələb etmək üzrə subyektiv hüquqa malik olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi birinci, yəni müqavilədə nəzərdə tutulmuş sahədən daha az sahənin təhvil verilməsi səbəbindən artıq sahəyə görə ödənilmiş pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qismən təmin edilməli, müqavilədə mənzilin ümumi sahəsinin 202 kv.m, dəyərinin 131.000,50 manat qeyd edildiyi nəzərə alınaraq, 1 kv.m mənzilin qiyməti 648,51 manat (131.000,50 : 202 = 648,51) müəyyən edilməklə, 26,5 kv.m (202 kv.m-175,5 kv.m) artıq sahəyə görə 17.185,51 manat (26,5 kv.m x 648,51 manat) məbləğində pul vəsaiti Cavabdeh MTK-dən tutularaq İddiaçı verilməlidir. Məhkəmə, artıq ödənilmiş sahəyə görə cavabdehin iddiaçıya 17.185,51 manat ödənilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əldən çıxmış faydanın ödənilməsi hissəsində də qismən əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Yuxarıda qeyd edildiyi kimi, 095 nömrəli xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən iddiaçı ümumi sahəsi 202 kv.m təşkil edən mənzilə görə cavabdehə 131.000,50 manat məbləğində pul ödəsə də, iddiaçıya təhvil verilmiş mənzilin ümumi sahəsi 175,5 kv.m təşkil edir. Cavabdeh artıq sahəyə görə iddiaçıdan aldığı 17.185,51 manat məbləğində pulu 17 il ərzində, yəni müqavilənin bağlandığı xx.xx.2006-cı il tarixdən hazırkı vaxtadək qanunsuz olaraq özündə saxlamaqla, həmin vəsaitdən faydalanmışdır. Bu səbəbdən də iddiaçının əldən çıxmış faydanı tələb etmək üçün subyektiv hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbinin birinci hissəsi qismən, yəni 17.185,51 manat artıq ödənilmiş pul vəsaitinin tutulması hissəsində təmin edildiyinə görə əldən çıxmış fayda da həmin məbləğə əsasən müəyyən edilməli, cavabdehdən 14.607,59 manat (17.185,51 manat məbləğində pulun 5%-i 1 il üçün = 859,27 manat; 859,27 x 17 il = 14.607,59 manat) məbləğində əldən çıxmış fayda tutularaq iddiaçıya ödəniməlidir. Məhkəmə, kommunal xidmət haqlarının tutulması hissəsində iddia tələbini əsassız hesab edir. Belə ki, iş materiallarında olan 038 nömrəli xx.xx.2010-cu il tarixli kommunal xərclərin ödənilməsi, binadan istifadə və mənzildə təhlükəsizlik texnika qaydaları haqqında müqaviləyə əsasən mübahisəli mənzilə görə kommunal, istismar və xidməti xərclər 1 kv.m sahə üçün aylıq cəmi 0.20 manat təşkil edir. Bundan başqa, X2 Company tərəfindən verilmiş 20 nömrəli qəbzdə İddiaçı 420 manat məbləğində pul ödədiyi, 20 nömrəli bildirişdə isə İddiaçı məxsus mənzilin sahəsinin 175 kv.m olduğu qeyd edilmişdir. Məhkəmə hesab edir ki, mübahisəli mənzilin kommunal xidmət haqqı mənzilin faktiki sahəsinə (175 kv.m) və 038 nömrəli xx.xx.2010-cu il tarixli müqaviləyə uyğun, yəni 1 kv.m sahə üçün 0,20 manat hesablanmışdır ki, belə olan halda, 175 kv.m mənzilin aylıq kommunal xidmət haqqı 35 (175 kv.m x 0,20 manat = 35 manat) manat, illik 420 isə manat (35 manat x 12 ay = 420 manat) təşkil edir. Məhkəmə, X2 Company tərəfindən verilmiş 20 nömrəli qəbzdə iddiaçının illin kommunal xidmət haqqı kimi 420 manat məbləğində pul ödədiyini, həmin məbləğin də müqaviləyə və mənzilin sahəsinə uyğun olaraq düzgün hesablandığını, həmçinin, 202 kv.m sahəyə görə kommunal xidmət haqqı ödəməsinə dair məhkəməyə heç bir sübut təqdim etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi 4706 manat artıq hesablanmış kommunal xidmət haqqının tutulması hissəsində əsassızdır və rədd ediməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 095 nömrəli xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi 1-ci Yavər Əliyev küçəsində yerləşən 1 saylı evin 22 saylı mənzilinə görə artıq 26,5 kv.m sahə üçün ödənilmiş 17.185,51 manat, 14.607,59 manat əldən çıxmış fayda olmaqla, cəmi 31.793,10 manat məbləğində pul vəsaiti Cavabdeh MTK-dan tutularaq İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, həmçinin, məhkəmə tikinti-texniki ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 150 manat məbləğində pul İddiaçı və Cavabdeh MTK-dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. 095 nömrəli xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi 1-ci Yavər Əliyev küçəsində yerləşən 1 saylı evin 22 saylı mənzilinə görə 26,5 kv.m sahə üçün artıq ödənilmiş 17.185,51 manat, 14.607,59 manat əldən çıxmış fayda olmaqla, cəmi 31.793,10 manat məbləğində pul vəsaiti Cavabdeh MTK-dan tutularaq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə tikinti-texniki ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 150 manat məbləğində pul İddiaçı və Cavabdeh MTK-dan müştərək qaydada tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar