Məhkəmə qərarları › İş №2(008)-1282/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1282/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1282/2021 30.08.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10077 ABŞ dolları əsas, 2376 ABŞ dolları faiz, 2671 ABŞ dolları gecikdirməyə görə cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 233 ABŞ dolları faiz borcu olmaqla, cəmi 15357 ABŞ dolları məbləğində kredit borcunun və 30,40 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış 13.10.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 22 % dərəcəsi ilə 36 ay müddətinə 11500 ABŞ dolları məbləğində kredit verilmişdir. 14.03.2016cı il tarixli 1 saylı əlavə razılaşmaya əsasən kredit müqaviləsi üzrə ödənişlər 2 saylı əlavəyə uyğun aparılmalı və sonuncu ödəniş 13.04.2020-ci il tarixdən gec olmayaraq ödənilməli idi. Həmçinin 291,05 ABŞ dolları məbləğində kredit restrukturizasiya edilmiş və 198 ABŞ dolları kapitallaşdırılmış faiz kreditin qalıq məbləğinə əlavə edərək kreditin ümumi məbləği 11045,77 ABŞ dolları təşkil edir. Borcalan istifadə edilmiş kreditə görə illik 14,74 % ödəyir. Tərəflər arasında bağlanılmış 16.11.2016-cı il tarixli əlavə razılaşmaya əsasən kredit müqaviləsi üzrə ödənişlər 3 saylı əlavəyə uyğun olaraq aparılır və sonuncu ödəniş 13.04.2020-ci il tarixdən gec olmayaraq ödənilməlidir. Həmçinin 10995,06 ABŞ dolları məbləğində kredit restrukturizasiya edilmiş və 427,30 ABŞ dolları məbləğində kapitallaşdırılmış faiz kreditin qalıq məbləğində əlavə edilmiş və cəmi kredit məbləği 11422,36 ABŞ dolları təşkil edir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia tərəfini dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış 13.10.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 36 ay müddətinə illik 22% dərəcəsi ilə 11500 ABŞ dolları məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş 14.03.216-cı il tarixli 1 saylı əlavə razılığa əsasən, 13.10.2015-ci il tarixli kredit müqaviləsi üzrə 291,05 ABŞ dolları kredit məbləği restrukturizasiya edilmiş və 198 ABŞ dolları məbləğində kapitallaşdırılmış faiz kreditin qalıq məbləğinə əlavə edilmiş və bununla cəmi kredit məbləği 1145,77 ABŞ dolları təşkil edir. İşdə olan 16.11.2016-cı il tarixli 2 saylı razılaşmaya əsasən kredit müqaviləsi üzrə 10995,06 ABŞ dolları məbləğində kredit restrukturizasiya edilmiş və 427,30 ABŞ dolları kapitallaşdırılmış faiz kredit qalığının üzərinə əlavə olunaraq cəmi kredit məbləği 11422,36 ABŞ dolları təşkil etmişdir. İşə əlavə edilmiş, 16.11.2016-cı il tarixli 2 saylı razılaşmaya 3 saylı əlavədən görünür ki, tərəflər arasında 13.10.2015-ci il tarixli müqavilə üzrə kreditin və ona hesablanmış faizlərin 13.12.2016-cı il tarixdən başlayıb 13.04.2020-cı il tarixdə bitməli olmasını göstərən ödəniş qrafiki tərtib edilmişdir. İşdə olan maliyyə arayışından aydın olur ki, Cavabdeh 29.09.2020-ci il tarixədək 13.10.2015-ci il tarixli kredit müqaviləsi üzrə 10077 ABŞ dolları əsas, 2376 ABŞ dolları faiz, 2671 ABŞ dolları gecikdirməyə görə cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 233 ABŞ dolları faiz borcu olmaqla, cəmi 15357 ABŞ dolları məbləğində borcu hesablanmışdır. İş materiallarında olan, xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci və 741-ci maddələrinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.1-ci, 445.2.1-ci və 445.4-cü maddələrinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İşdə olan, Sabunçu Rayon Məhkəməsinin 23.04.2021-ci il tarixli, 2(008)-1282/2021 saylı qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə təqdim etdiyi 22.07.2021-ci il tarixli, 9/3896 saylı ekpert rəyinə əsasən, kredit müqaviləsi üzrə cavabdehin banka olan əsas borcu 10077 ABŞ dolları, müqavilə müddətinin bitdiyi tarixə faiz borcu 2376 ABŞ dolları, müqavilə müddətinin bitdiyi 13.04.2020-ci il tarixdən 29.09.2020-ci il tarixədək tələb olunan illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu 233 manat təşkil edir. Məhkəmə, borcun miqdarını müəyyən etmiş ekspertin mühasibatlıq sahəsində xüsusi biliyi olduğunu nəzərə alaraq məhkəmə, cavabdehin iddiaçıya 10077 ABŞ dolları əsas, 2376 ABŞ dolları faiz, müqavilə müddətinin bitdiyi 13.04.2020-ci il tarixdən 29.09.2020-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu 233 manat olması ilə razılaşır və gəlinən nəticə məhkəmə iclasında tədqiq edilən sübutların müəyyən edilmiş halları ilə uzlaşır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3. maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bununla belə, məhkəmə işin hallarını, eyni zamanda, cavabdehin iddiaçıya olan ödənilməmiş borcunun məbləğini nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 300 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 16.11.2016-cı il tarixli razılaşma üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün ondan ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 10077 ABŞ dolları əsas, 2376 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş vaxta görə hesablanmış 233 ABŞ dolları məbləğində pul olmaqla, cəmi 12986 ABŞ dolları məbləğində borc tutulmalıdır. İşdə olan ödəniş tapşırığından görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmiş, 0,40 manat xidmət haqqı tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi haqlı sayıldığından, çəkilmiş həmin xərc cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmçinin, iş materiallarından görünür ki, verilmiş ekspert rəyinə əsasən ekspert tədqiqatının dəyəri 145 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, hesab edir ki, ekspertiza tədqiqatının dəyəri qismində 145 manat cavabdehdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 10077 ABŞ dolları əsas, 2376 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş vaxta görə hesablanmış 233 ABŞ dolları məbləğində pul olmaqla, ümumilikdə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 12986 (on iki min doqquz yüz səksən altı dollar) ABŞ dolları kredit borcu və 30,40 (otuz manat, qırx qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 145 (yüz qızx beş) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar