Məhkəmə qərarları › İş №2(008)-1319/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1319/2023

31.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1319/2023 31.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilə vurduğu maddi ziyanın əvəzi olaraq 4500 manat, eyni zamanda, məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün ödənilmiş 65 manat məbləğində və müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumlarının, ümumilikdə 4575 (dörd min beş yüz yetmiş beş) manat məbləğində pulun Cavabdeh alınaraq ona ödənilməsi, gələcəkdə mənzilinə su sızmasının qarşısının alınması məqsədilə cavabdeh tərəfindən onun hesabına həmin su sızmanın aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 3 saylı mənzil Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən verilmiş ÖM seriyalı 150502 nömrəli qeydiyyat vəsiqəsinə əsasən onun xüsusi mülkiyyətindədir. Ona məlum olmuşdur ki, yuxarı mərtəbədə yaşayan qonşu tərəfindən onun evinə su axıdılmış, nəticədə uşaq otağı, hamam otağı, ayaqyolu otağı və dəhlizin divarlarında oboylar sıradan çıxmış, divarlarda nəmlik yaranmış, həmin otaqlarda olan əşyalar da yararsız hala düşmüşdür. Evi tam təmirli formadadır, otaqların təmirində istifadə olunmuş tikinti-inşaat materialları, avadanlıqları, oboylar, eyni zamanda otaqlarda olan mebellər və digər əşyalar yüksək keyfiyyətə malikdirlər. Baş vermiş hadisə də bağlı 47 saylı Mənzil-Kommunal İstismar Sahəsinə ərizə ilə müraciət edərək, idarənin mühəndisləri tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində araşdırma aparılmasını, ona məxsus mənzilə su sızmanın yuxarı mərtəbədə yerləşən hansı qonşu tərəfindən edilməsinin aydınlaşdırılmasını xahiş etmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixdə mənzilə baxış keçirilmiş, həmin tarixdə akt tərtib edilmiş, həqiqətən də cavabdeh tərəfindən onun mənzilinə su axıdılması öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən evinə su axıdılması nəticəsində ona vurulmuş maddi ziyan 4500 manat məbləğindədir. Yuxarı mərtəbədən su sızmasının qarşısının alınması üçün bugünədək cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və bildirdi ki, məhkəmə tərəfindən müvəqqəti təminat tədbirinin tətbiqindən sonra cavabdeh borularını təmir etmiş, məhz bundan sonra su sızması dayanmışdır. Su sızması isə müvəqqəti təminat tədbirinin tətbiqinə qədər davam etmiş və nəticədə evinə ziyan dəymişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, 2022-ci ilin noyabr ayında iddiaçının evində “su hadisəsi” başlayanda, iddiaçı cavabdehə şifahi olaraq müraciət etmiş, lakin su sızmasının onun səbəbindən olmaması üzə çıxmışdır. Cavabdehin apardığı araşdırma nəticəsində məlum olmuşdur ki, su sızmasının həmin çoxmənzilli binanın üçüncü mərtəbəsində, mənzil 9-da yaşayan X2 və X3 evində baş vermişdir. Belə bir hadisə daha öncə də baş vermiş və qonşuların müraciətləri əsasında X1 həyat yoldaşı Qurban Hüseynov öz evində su sızmasının qarşısını almaq üçün öz su borularını təmir etmiş və bu barədə qonşulara bildirərək, onları sakitləşdirməyə çalışmışdır. Lakin Bədircahan xanımın evində su sızması davam etmişdir və onlar bu məsələyə son qoya bilməmişlər. Su sızması başqa qonşu ucbatından baş vermişdir. Cavabdeh hər ehtimala qarşı öz evində boruları yoxlamaq və su sızmasının olub-olmamasını müəyyən etmək üçün "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən "xxxx" MMC-nin mühəndislərini evinə dəvət etmiş və mənzilin yoxlanılmasını xahiş etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, cavabdehin mənzilində və su borularında su sızması aşkarlanmamışdır. Cavabdehin mənzili və su boruları peşəkar mühəndislər tərəfindən yoxlanılmışdır və nəticədə heç bir su sızması aşkar edilməmişdir. Bundan başqa, 47 saylı MKİS-nin işçiləri heç bir zaman cavabdehin mənzilinə gəlməmiş, onun borularını yoxlamamış, cavabdehin evində ümumiyyətlə bu məsələ ilə bağlı heç bir araşdırma aparılmamışdır. Göründüyü kimi iddiaçının cavabdehə qarşı olan iddia tələbi tamamilə əsassızdır, cavabdeh iddiaçıya heç bir ziyan vurmamışdır, iddiaçıya hər hansı ziyan vurulubsa, bunun səbəbkarı həmin binanın üçüncü mərtəbəsində yaşayan digər qonşusudur. 47 saylı MKİS-nin arayışı mötəbər sübut sayıla bilməz. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 65 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mədaxil orderinin qəbzindən görünür ki, Cavabdeh məxsus mənzildəki borularda sızma aşkarlanmamışdır. -47 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı məxsus 4090/94-cü məhəllə ev 4 mənzil 3-ə yuxarı qonşu Cavabdeh məxsus 6-cı mənzildən su axıntısı nəticəsində mənzil 3-ün uşaq otağı, vanna otağı, dəhlizi, ayaqyolu bərbad vəziyyətə düşmüşdür. -Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi rətəfindən verilmiş xx.xx.2003-cü il tarixli ÖM seriyalı 150502 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sülh küçəsində yerləşən 4 saylı evin 30.14 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 3 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1873 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, iş üzrə cavabdehə məxsus ünvan 2 ünvanında yerləşən 6 saylı mənzilin şaxtasına və sanitar qovşaq avadanlıqlarına baxış zamanı hər hansı bir qüsur (su və kanalizasiya borularında çatlar, boru birləşmələrində boşluqlar, su axıntısı və s.) aşkar edilmədiyindən iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən 3 saylı mənzilə su axıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. Lakin mülki iş materiallarında olan 47 saylı MKİS-nin mühəndisi Z.Rəşidov, texnik R.Vəliyev və fəhlə S.Quliyev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən ünvan 2 ünvanında yerləşən 3 saylı mənzilə həmin ünvanda yerləşən 6 saylı mənzildən su axıdıldığı müəyyən olunur. Su sızıntısının hansı tarixlərdə baş verməsinin müəyyən edilməsinə dair metodika olmadığından qərardadın 1ci sualının 2-ci hissəsi üzrə tədqiqat aparılmadı. ünvan 2 ünvanında yerləşən 3 saylı mənzilə su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmirbərpa işlərinin dəyəri hal-hazırkı bazar qiymətlərinə uyğun olaraq təqribən 1026 manat məbləğində müəyyən olunur. Beləliklə, tədqiq olunan sübutlarla müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 3 saylı mənzil cavabdehin mənzilinin altında yerləşdiyindən, su sızma halları yuxarı mərtəbədən, yəni 6 saylı mənzildən baş verir və işin hallarına əsasən cavabdeh öz mənzilinə dair hüquqlarını həyata keçirərkən bu hüququnu başqa şəxsə ziyan vurmaqla həyata keçirdiyi müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzəktamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Eyni zamanda, xx.xx.2009-cü il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Məhkəmə, qanunun qeyd edilən tələblərinə və məhkəmə iclasında tədqiq edilən sübutlara əsasən hesab edir ki, mənzilə su sızması nəticəsində iddiaçıya vurulan maddi ziyan 1026 manat məbləğində qiymətləndirilməli və Cavabdeh ünvan 2 ünvanında yerləşən 3 saylı mənzilə su sızması nəticəsində dəymiş zərərin əvəzi olaraq 1026 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə, iddiaçının mənzilinə suyun onun mənzilindən axıdılmaması ilə bağlı cavabdeh tərəfin dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16(008)- 110/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, müvəqqəti təminat tədbiri kimi ünvan 2 ünvanında yerləşən 3 saylı mənzilə su axıdılmasının Cavabdeh və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən mənzilindəki borularda sızmanın olmamasına dair "xxxx" MMC tərəfindən verilmiş mədaxil orderinin qəbzi isə qərardadın qəbul edilməsindən sonra, yəni xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. Qeyd olunan hal cavabdehin mənzilindəki boruları müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə qərardadın icrasından sonra təmir etdirməsi nəticəsinə gəlməyə əsas verir. Məhkəmə hesab edir ki, iddia tələbi “gələcəkdə mənzilinə su sızmasının qarşısının alınması məqsədilə cavabdeh tərəfindən onun hesabına həmin su sızmanın aradan qaldırılması” hissəsində mücərrəd olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 65 manat məbləğində dövlət rüsumunun 30.26 manat hissəsi, həmçinin, müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçıya verilməlidir. Bundan başqa, məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh tutularaq X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ünvan 2 ünvanında yerləşən 3 saylı mənzilə su sızması nəticəsində dəymiş zərərin əvəzi olaraq 1026 manat məbləğində pul, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 30.26 manat hissəsi və müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh tutularaq X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar