Məhkəmə qərarları › İş №2(008)-1371/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1371/2021

18.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1371/2021 18.02.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh Bafadər oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Bafadər oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Bafadər oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının 160 manatdan artırılıb 250 manat müəyyən edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2006-cı ildə cavabdehlə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2006-cı il tarixdə Səmədov Vəfadar adlı bir övladları doğulmuşdur. Əvvəl cavabdehlə münasibətləri yaxşu olmuş, lakin bir müddət keçəndən sonra münasibətləri pisləşərək dözülməz vəziyyətə çatmış və nəticədə aralarında Sabunçu rayon Qeydiyyat Şöbəsində 666 nömrəli qərarla rəsmiləşən hüquq münasibətinə xitam verilmişdir. Sonuncu dəfə övladı Səmədov Vəfadarın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Bu məbləğ ailə ehtiyaclarını qarşılamağa, tələbatlarını ödəməyə kifayət etmir. Özüdə işləmir, gəliri yoxdur. Qohumlarından kömək alır. Uşaq məktəblidir. 250 manat ona kifayət edər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Bafadər oğlu iddia tələbini qəbul etmədi və iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı və Cavabdeh Bafadər oğlunun birgə nikahdan xx.xx.2006-cı il tarixdə Vəfadar adlı uşaqları doğulmuşdur (Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 892198 №-li doğum haqqında şəhadətnamənin surəti). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh Bafadər oğlu arasında bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2006-cı il təvəllüdlü X1 anası İddiaçı himayəsində saxlanılması, Cavabdeh Bafadər oğlundan xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində alimentin İddiaçı qızının xeyrinə tutulması qət edilmişdir. İddiaçı ilə Cavabdeh Bafadər oğlunun nikahları pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2020-ci ildə 255 № ilə qeyd edilmişdir (Bakı şəhəri Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 365087 №-li nikahın pozulması haqqında şəhadətnamənin surəti). Hazırda iddiaçı alimentin miqdarını 160 manatdan 250 manata artırılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən təmin olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, tərəflərin 1 övladlarının olması, yetkinlik yaşına çatmamış uşağın iddiaçının yanında qalması, həmçinin uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 175 manat olduğu halda, bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 175 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı uşağa görə 250 manat aliment tələb etməsinə baxmayaraq, alimentin məhz həmin məbləğdə tutulması üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Buna görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda hazırki iddianın qiyməti 180 manat təşkil edir (15 man x 12 ay = 180 man). Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.12.-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatadək olduqda dövlət rüsumunun məbləği 20 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Bafadər oğlundan xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 160 manat məbləğində müəyyən edilmiş alimentin miqdarı artıraraq qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Bafadər oğlundan xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 160 manat məbləğində müəyyən edilmiş alimentin miqdarı artıraraq qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar