Məhkəmə qərarları › İş №2(008)-1433/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1433/2021

12.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1433/2021 12.10.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı reqres qaydasında pulun tutulması tələbinə dair iddiası üzrə mülki işə Sabunçu rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət Cavabdeh reqres qaydada 38607,60 manat maddi ziyanın və 30 manat rüsuma görə məbləğin alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-də əmək funksiyasının yerinə yetirərkən həkim Cavabdeh tibbi yardıma ehtiyacı olan X3 17.11.2017-ci il tarixdə sol gözündə, 26.01.2018-ci il tarixdə isə sağ gözündə əməliyyatlar aparmış və nəticədə xəstənin gözlərinin görmə qabilliyəti zəifləmişdir. Bakı Apelllyasiya Məhkəməsinin 19.12.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı MMC-dən X3 xeyrinə müəyyən məbləğ tutulmuş, qətnamə Ali Məhkəmədə qüvvədə qalmışdır. Qətnamənin icrası qaydasında iddiaçı tərəfindən 36081,87 manat və 2525,73 manat, cəmin 38607,60 manat ödənilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdehin vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə göndərərək toyu ilə əlaqədar iştirak edə bilməməyi barədə məlumat vermiş və işin təxirə salınmasını xahiş etmişdir. Lakin işə baxılma müddəti yol vermədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianının təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçı tərəfin izahatını dinləyərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı MMC (sonradan – "xxxx" MMC) 28.01.2002-ci il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmşdır. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 26.04.2011-ci il tarixdə verilmiş 0358 №-li Şəhadətnamə əsasında «oftalmologiya» ixtisası üzrə tibbi fəaliyyəti ilə məşğul olmağa buraxılmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında 01.09.2013-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, həmin əmək müqaviləsi sistemə 19.09.2014-cü il tarixdə sistemə daxil edilmiş, 158/k №-li, 08.12.2018-ci il tarixli əmrlə əmək müqaviləsinə xitam verimlşdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi tərəfindən 2(103)-13473/19 №li iş üzrə qəbul edilən 19.12.2019-cu il tarixli qətnamə ilə "xxxx" MMC-dən X3 xeyrinə təyyarə biletinə xərclənən 255,96 manat, gözün əməliyyatına xərclənmiş 3200 manat, mənəvi zərərə görə 5000 manat, Türkiyədə müayinəyə görə xərclənən 403,32 tl, gələcəkdə gözlərinin əməmliyyatına xərclənəcək 16200 ABŞ dolları tutulmuşdur. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnamə ilə aşağıdakılar müəyyən edilmişdir. X6 2017-ci ilin noyabr aynıda sol gözündə yaranmış naratçılıqla əlaqədar "xxxx" MMC-də işləyən Cavabdeh müraciət etmiş, aparılmış müayinə nəticəsində cərrahi əməliyyat təklif olunmuş, o, həkim məsləhətinə inanaraq buna razılıq vermiş və onların arasında tibbi yardıma dair müqavilə bağlanmışdır. X3 17.11.2017-ci il tarixdə sol gözündə, 26.01.2018-ci il tarixdə isə sağ gözündə Cavabdeh tərəfindən əməliyyat aparılmış, bir neçə günlük yaxşılaşma olsa da, yenidən görmə qabiliyyətində problem yaranmışdır. İddiaçı təkrar Türkiyə Repspublikasına getmiş, lakin əməliyyatın uğurlu olmasına dair yalnız Almaniya Federativ Respublikasında olan xəstəxana təminat vermişdir. "xxxx" MMC qətnamənin icrası qaydasında X4 36081,87 manat ödəniş etmişdir. Eyni zamanda Nərimanov rayon icra şöbəsinin icra məmuru C.Tağıyev tərəfindən qəbul edilmiş 09.10.2020-ci il tarixli qərarla icra sənədinin 10 gün müddətində icrası təmin olunmadığı üçün, qətnamə ilə tutulan məbləğin 7 faizi məbləğində icra ödənişi tutulmuş və həmin 2525,73 manat inkasso sərəncamı əsasında "xxxx" MMC-dən tutulmuşdur. İcra məmurunun 04.11.2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verimşdir. Hazırda "xxxx" MMC X4 ödədiyi 36081,87 manatın və icra şöbəsinə ödədiyi 2525,73 manatın reqres qaydasında tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia qismən, yəni 36081,87 manatın tutulması hissəsində təmin, 2525,73 manatın tutulması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1099.1- ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, "xxxx" MMC işçisi olan Cavabdeh törətdiyi delik üçün zərərin əvəzini ödəmişdir və MMC-nin bu gün işçisinə qarşı reqres hüququ yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən X4 ödənilmiş 36081,87 manat cavabdehdən reqres qaydasında tutulmalıdır. Lakin məhkəmə hesab edir ki, icra şöbəsinə ödənilmiş 2525,73 manata görə Cavabdeh "xxxx" MMC-nin qarşısında hər hansı bir məsuliyyət daşımır. Belə ki, məhkəmənin qanuni qüvvəsini almış qətnaməni könüllü icra müddətində ödəmək vəzifəsi "xxxx" MMC-nin üzərinə düşürdü. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh reqres qaydasında 36081,87 manat maddi ziyan alınaraq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməli, 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh reqres qaydada 36081,87 manat alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar