Məhkəmə qərarları › İş №2(008)-1459/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1459/2021

04.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1459/2021 04.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ İHakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən 29.06.2015-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 170 manat sabit pul məbləğində, həmçinin övladının «uşaq serebral iflici. Spastik kvadroplegiya.Spastik tetraparez» xəstəsi olmasının nəzərə alaraq əlavə 100 manat olmaqla cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 07.08.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 175 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İmişli rayon Məhkəməsinin qəitnaməsinə əsasən cavabdehdən 100 manat aliment tutulmuşdur. Hazırda aliment məbləği artırılıb. Bundan başqa, uşağı xəstədir, əlavə qulluğa ehtiyacı var. Məhkəmə iclasında iştirak edən İddiaçı qızı iddia ərizəsinin və iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. O, izhatında uşağın xəstəliyi ilə əlaqədar 200 manat məbləğində pensiya və müavinətin aldığını qeyd etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edirək, onun bir başqa ailəsinin, başqa bir övladının, digərinin sentyabr aynıda doğulmalı olduğunu nəzərə alaraq, məbbləğin azaldılmasını xahiş etdi. Vergilər çıxandan sonra 550 manat məbləğində əmək haqqı aldığını qeyd etdi. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. Tərəflərin birgə nikahdan 29.06.2015-ci il təvəllüdlü X8 doğulmuşdur (Ağdam rayon Bağbanlar kənd İ.Ə.D üzrə nümayəndəliyi tərəfindən AZ-İİİ seriyalı 133769 №-li doğum haqqında şəhadətnamənin surəti). Anar sağlamlıq imkanları məhdud uşaqdır, «uşaq serebral paraliç iflici»ndən əziyyət çəkir. Tərəflərin nikahı pozulmuşdur (İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ- İ seriyalı 242520 №-li nikahın pozulması haqqında şəhadətnamənin surəti). İmişli rayon Məhkəməsinin qəitnaməsinə əsasən cavabdehdən 100 manat aliment tutulmuşdur (iddia ərizəsi). Cavabdeh 27.12.2019-cu il tarixdə X4 ilə evlənmişdir (Ağdam rayon Qeydiyyağt Şöbəsi tərəfindən verilmiş AZ İİ seriyalı 375620 №-li nikah haqqında şəhadətnamə). Cavabdehin bu nikahdan Tunar adlı oğlu olmuşdur (Ağdam rayon Qeydiyyağt Şöbəsi tərəfindən verilmiş AZ İV seriyalı 430453 №-li doğum haqqında şəhadətnamə). Cavabdeh Ağdam rayonunda ümumi təhsil məktəbində müəllim işləyir, 653,87 manat məbləğində əmək haqqı alır. Hazırda iddiaçı cavabdehdən 175 manat məbləğində alimentin və uşağın xəstəliyi ilə əlaqədar əlavə 100 manatın tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən təmin olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, tərəflərin 1 övladının olması, yetkinlik yaşına çatmamış uşağın iddiaçının yanında qalması, həmçinin uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Buna görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 170 manat olduğu halda, bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 29.06.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay 175 manat sabit pul məbləğində aliment tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddia uşağın xəstəliyi ilə əlaqədar əlavə 100 manatın tutulması hissəsində rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəlləsinin 81.2-ci maddəsinə əsasən Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. İddiaçının izahatına əsasən o, uşağın xəstələiyi ilə əlaqədar 200 manat məbləğində pensiya və müavinət alır. Cavabdehin isə ikinci ailəsi və uşağı var. Məhkəmə bu halları nəzərə alarıq iddia tələbinin həmin hissədə rədd edilməsni ədalətli hesab edir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda hazırki iddianın qiyməti 900 manat təşkil edir (75 man x 12 ay = 900 man). Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.12.-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun məbləği 30 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya təyin edilmiş aliment məbləği artırılmalı, 29.06.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay sabit pul məbləğində 175 manat aliment tutularaq İddiaçı ödənilməli, iddia əlavə 100 manat hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. İddiaçıya təyin edilmiş aliment məbləği artırılsın. 29.06.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay sabit pul məbləğində 175 manat aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar