Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1462/2024 27.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "inzibati xəta nəticəsində mülkiyyətində olan "Mercedes S-350" markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1060 manat məbləğində vurulmuş maddi ziyanın və ödənilmiş 34 manat dövlət rüsumunun cavabdehdən tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı X4 Cavabdeh qarşı "inzibati xəta nəticəsində mülkiyyətində olan "Mercedes S-350" markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1060 manat məbləğində vurulmuş maddi ziyanın və ödənilmiş 34 manat dövlət rüsumunun cavabdehdən tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023-cü ildə sığorta olmadan idarə etdiyi "Toyota Avalon" markalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri Xətai prospektində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq əks istiqamətdə hərəkət edən iddiaçı X2 idarə etdiyi "Mercedes S-350" minik markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilini dayandığı yerdə arxadan vurmuş, yol-nəqliyyat hadisəsindən sonra sürücü hadisə yerini tərk edərək getmiş, nəticədə sonuncunun avtomobilinə 1060 manat məbləğində maddi ziyan dəymişdir. Müəyyən edilmişdir ki, "Mercedes S-350" markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 deyil, İddiaçı mülkiyyətindədir. Belə olan halda, X2 tələb hüququ yoxdur. Ona görə də X2 yazılı razılığı ilə o, əsl iddiaçı olan İddiaçı ilə əvəz edilmişdir. İddiaçı xx.xx.2024-cü ildə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, iddianı müdafiə etdiyini bildirmiş və bundan sonra təyin ediləcək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Ona görə də məhkəmə iclası iddiaçının iştirakı olmadan keçirildi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə bildirişlər Cavabdeh "Elektron məhkəmə" informasiya sistemində yaradılmış "elektron kabinet"ində yerləşdirilmiş, lakin buna baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Müəyyən edildi ki, İddiaçı məxsus olan, etibarnamə əsasında X4 tərəfindən idarə olunan "Mersedes S-350" minik markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü ildə saat 08.15-də Bakı şəhərinin Xətai prospektində "Şərq bazarı"ndan üzü Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən svetoforun qırmızı işığında dayandığı zaman Cavabdeh idarə etdiyi "Toyota Avalon" markalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu arxa hissədən vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və o, inzibati məsuliyyətə cəlb edilmişdir. İşdə olan "Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi"ndən görünür ki, "Mercedes S-350" minik markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdur. İşdə olan ƏN-Vİ seriyalı 350901 nömrəli "Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə"dən görünür ki, "Mercedes S-350" minik markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti mülkiyyətçi İddiaçı tərəfindən X3 etibar edilmişdir. İşdə olan, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən X3 ünvanlanmış xx.xx.2023-cü il tarixli Ə-23800 nömrəli cavab məktubundan görünür ki, xx.xx.2023-cü ildə "Toyota Avalon" markalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Cavabdeh yol-nəqliyyat hadisəsi törətdiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilmiş və toplanmış sənədlər online qaydada 302633 nömrəli kodu ilə sığorta şirkətinə göndərilmişdir. Yolnəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqədar mülki qaydada aidiyyəti üzrə məhkəmə orqanlarına və ya sığorta şirkətinə müraciət edilməsi tövsiyə olunmuşdur. İşdə olan "X7" tərəfindən tərtib edilmiş texniki baxışa dair cədvəldən görünür ki, avtoservisdə "Mercedes S-350" minik markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilmiş, qeyd olunan avtomobildə dəyişdirilməsi zəruri olan ehtiyat hissələrinin qiyməti 660 manat, xidmət haqqı 400 manat, cəmi 1060 manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilmişdir. Məhkəmə hazırkı mübahisənin həlli üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı normalarına istinad olunmasını zəruri hesab edir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" xx.xx.2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Sadalanan normaların birgə təhlilindən görünür ki, təqsirli olaraq törədilmiş hüquqa zidd hərəkət nəticəsində əmlaka vurulan zərər ödənilməlidir. Hazırkı iş üzrə iddiaçıya cavabdehin təqsirli və hüquqa zidd hərəkəti nəticəsində "Mercedes S-350" minik markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan zərər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli Ə-23800 nömrəli məktubu ilə təsdiq olunur. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddiaçı vurulmuş ziyanın ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır, ona görə də iddia təmin edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı 34 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hazırkı iddia təmin edildiyi üçün məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1060 manat vurulmuş maddi ziyan, ödənilmiş 34 manat dövlət rüsumu, cəmi 1094 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2(008)-1462/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1462/2024
27.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver