Məhkəmə qərarları › İş №2(008)-1476/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1476/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1476/2025 11.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Məlı̇ k oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Məlı̇ k oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məlı̇ k oğlundan xx.xx.2021-ci il tarixli, 3M-701 reyestr nömrəli borc müqaviləsinə əsasən ödənilməmiş 38500 manat əsas borcun, gecikdirilmiş vaxt üçün borc məbləğinin illik beş faizinin, yəni 5775 manat məbləğində pulun və 131 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 aprel 2021-ci il tarixli, 3M-701 reyestr nömrəli borc müqaviləsinə əsasən iddiaçı, cavabdehə 40700 (qırx min yeddi) manat məbləğində borc vermişdir. Cavabdeh ilə aralarında bağlanmış borc müqaviləsinin 2-ci bəndinə əsasən müqavilədə göstərilən borc məbləğini xx.xx.2021-ci il tarixinədək geri qaytarmağı öhdəlik kimi öz üzərinə götürmüşdür. Buna baxmayaraq cavabdeh bu məbləğdən xx.xx.2024-cü il tarixdə yalnız 2000 (iki min) manat vəsaiti iddiaçıya qaytarmışdır. Bununla da cavabdehlə arasında bağlanmış borc müqaviləsi üzrə üzərinə götürdürüyü öhdəlikləri tam icra etməmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıdan alınmış vəsaitin 38 500 (otuz səkkiz min beş yüz) manat hissəsini bu günə qədər geri qaytarmamışdır. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. xx.xx.2025-ci il tarixdə iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, Cavabdeh 07 aprel 2021-ci il tarixli, 3M-701 reyestr nömrəli borc müqaviləsinə əsasən ödənilməmiş 38200 (otuz səkkiz min iki yüz) manat əsas borcun, gecikdirilmiş vaxt üçün borc məbləğinin illik beş faizinin, yəni 5775 (beş min yeddi yüz yetmiş beş) manat məbləğində pulun, 131 (bir yüz otuz bir ) manat ödənilmiş dövlət rüsumunun və 220 (iki yüz iyirmi) manat vəkilə ödənilmiş vəsaitin alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin dəqiqləşməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli "Kredit müqaviləsi"ndən görünür ki, İddiaçı Cavabdeh 40700 manat məbləğində pulu borc vermişdir, borc alan isə krediti xx.xx.2021-ci ilədək borc verənə ödəməyi öz öhdəsinə götürmüşdür. - Bakı Şəhəri 6 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8İ-12514 nömrə ilə reyestrdə qeyd edilmiş icra qeydindən görünür ki, İddiaçı xeyrinə Cavabdeh müddət üçün vaxtında ödənilməmiş 40700 manatın və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumunun tutulması barədə icra qeydi verilmişdir. - “Elektron Notariat” X1 əldə olunmuş çıxarışdan görünür ki, Bakı Şəhəri 6 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8İ-12514 nömrə ilə reyestrdə qeyd edilmiş icra qeydinə xitam verilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında 07 aprel 2021-ci il tarixli, 3M-701 reyestr nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı, cavabdehə 40700 (qırx min yeddi) manat məbləğində borc vermiş, cavabdeh həmin borc məbləğini xx.xx.2021-ci il tarixinədək geri qaytarmağı öhdəlik kimi öz üzərinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh bu məbləğdən yalnız xx.xx.2024-cü il tarixdə 2000 manat, xx.xx.2025-ci il tarixdə 150 manat və xx.xx.2025-ci il tarixdə 150 manat vəsaiti iddiaçıya qaytarmışdır. Bakı Şəhəri 6 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən xx.xx.2023-cü il tarixli 8İ-12514 nömrə ilə reyestrdə qeyd edilmiş icra qeydi verilmiş, xx.xx.2025-ci il tarixdə həmin icra qeydinə xitam verilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, razılaşdırılmış müddətdə və qaydada tam ödənişlər etməmiş, bununla da, iddiaçının müqavilədən irəli gələn tələb kimi kredit məbləğinin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Ona görə də, əsas borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi qanuni və əsaslıdır. İddia ərizəsinin öhdəliyin gecikdirməsi nəticəsində yaranmış 5775 manat məbləğində pulun tutulması hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2021-ci ildə bitmişdir. Buna görə də, cavabdehdən müqavilə üzrə öhdəliyin vaxtında icra olunmaması nəticəsində cəmi 5775 manat məbləğində dəymiş zərərin əvəzi tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddianın dövlət rüsumunun və vəkil xərcinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli, 53529 nömrəli qəbz ilə dövlət büdcəsinə ödənilmiş 131 manat dövlət rüsumu və xx.xx.2025-ci il tarixli 934 nömrəli qəbz ilə vəkil bürosuna ödənilmiş 220 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh kredit müqaviləsinə əsasən 38200 (otuz səkkiz min iki yüz) manat əsas, 5775 (beş min yeddi yüz yetmiş beş) manat faiz borcu, 131 (yüz otuz bir) manat dövlət rüsumunun əvəzi, 220 (iki yüz iyirmi) manat vəkilə ödənilmiş pul olmaqla, cəmi 44326 (qırx dörd min üç yüz iyirmi altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar