Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1515/2025 24.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5500 (beş min beş yüz) manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 75 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2024-cü ilin əvvəllərində Cavabdeh ilə qohumluq münasibətində olduğundan cavabdehin xəstəliyini müalicə etmək üçün ona 5500 (beş min beş yüz) manat borc pul vermişdir. Cavabdeh həmin pulu qısa vaxt ərzində ailəsinin köməkliyi ilə qaytaracağına söz vermişdir. O, “mpay” vasitəsilə cavabdehə xx.xx.2024-cü il tarixdə 2150 (iki min yüz əlli) manat, 100 (yüz) manat, 1400 (bir min dörd yüz) manat, 1450 (bir min dörd yüz əlli) manat və cavabdehin göstərişi ilə X1 adına olan **********899521 nömrəli kart hesabına 500 (beş yüz) manat pul göndərmişdir. Ümumilikdə o, cavabdehə 5500 (beş min beş yüz) manat borc pul vermişdir. Cavabdeh onu artıq on aya yaxındır ki, aldatmış, borc qismində götürdüyü pulu ona qaytarmamış, əksinə, müxtəlif bəhanələrlə telefon zənglərinə cavab verməkdən boyun qaçırmışdır. O, bu məsələ ilə bağlı cavabdehlə “Whatsapp” vasitəsilə əlaqə saxlamış və ona pulu qaytarmasını söyləmişdir. Cavabdeh əvvəlcə yaxın vaxtda pulu qaytaracağını söyləsə də, sonralar pulu olmadığını və nə zaman olarsa qaytaracağını vəd vermişdir. Beləliklə, həmin vaxtdan, yəni 2024-cü ilin əvvəllərindən bu vaxta qədər cavabdeh ondan götürdüyü pulu qaytarmamış, əksinə, ona yalan vədlər verərək “bu gün sabah qaytaracam, narahat olma, məni də aldadıblar, pulumu ala bilmirəm” deyərək onu çətin vəziyyətə salmışdır. xx.xx.2024-cü il tarixdə o, DİN-in 102 xidmətinə zəng vurmuş və cavabdehin hərəkətlərindən şikayət etmişdir. Şikayət araşdırılması üçün Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X2 icraatına daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Göstərilən məsələləri, yəni onunla cavabdeh arasında olan borc pul münasibətlərini sübut edən cavabdehin “Whatsapp” yazışmaları və “mpay” vasitəsilə göndərdiyi pul vəsaitlərinin qəbzləridir. Cavabdeh pulu aldıqdan sonra verdiyi sözə əməl etməmiş, əksinə, pulu alaraq öz ehtiyacları üçün xərcləmiş və bu günə qədər ona pulu qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf etdi və izahatında bildirdi ki, iddiaçıdan ümumilikdə 3650 manat borc almış, həmin puldan 570 manat qaytarmışdır. Qeyd olunanlara əsasən iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 75.60 manat dövlət rüsumu ödəmişdir. - xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Q***R***Y*** qızının kartına 100 manat məbləğində pul köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Q***R***Y*** qızının kartına 2150 manat məbləğində pul köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Q***R***Y*** qızının kartına 1400 manat məbləğində pul köçürülmüşdür. - Cavabdeh məxsus ödəniş kartından çıxarışdan görünür ki, sonuncunun kart hesabına xx.xx.2024-cü il tarixdə 1400 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, 2150 manat məblələğində pul mədaxil edilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, E***Ə***Q*** qızının kartına 550 manat məbləğində pul köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, E***Ə***Q*** qızının kartına 20 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında borc pulun verilməsi ilə bağlı şifahi razılaşmaya əsasən iddiaçı tərəfindən cavabdehin kartına xx.xx.2024-cü il tarixdə 1400 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, 2150 manat olmaqla, cəmi 3650 manat məblələğində pul köçürülmüşdür. Cavabdeh həmin puldan xx.xx.2024-cü il tarixdə 550 manat, xx.xx.2024-cü il tarixdə 20 manat olmaqla, iddiaçının kartına cəmi 570 manat məbləğində pul qaytarmışdır. Qeyd olunan hallar iddiaçı və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərlə və ödəniş kartından çıxarışla təsdiq olunur. İddiaçı cavabdehə 5500 manat pul verdiyini iddia etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, məhkəmə araşdırması zamanı təqdim olunmuş sübutlarla və cavabdehin etirafı ilə sonuncuya cəmi 3650 manat məbləğində pulun verildiyi, həmin puldan 570 manatın qaytarıldığı və hazırda cavabdehin iddiaçıya 3080 manat borcunun qaldığı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia 3080 manat məbləğində pulun tutulması hissəsində əsaslıdır və iddia qismən təmin edilməli, Cavabdeh 3080 (üç min səksən) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 75.60 manat məbləğində dövlət rüsumunun 50.80 manatı Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3080 (üç min səksən) manat məbləğində borc və 50.80 (əlli manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-1515/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1515/2025
24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver