Məhkəmə qərarları › İş №2(008)-1516/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1516/2025

26.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1516/2025 26.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Mehtiyev Əli Fikrət oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23 oktyabr 2020-ci il tarixli 284 nömrəli kredit müqaviləsi üzrə 3000 manat əsas, 926,27 manat faiz, cəmi 3926,27 manat borcun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, “AZİNVESTKREDİT Bank Olmayan Kredit Təşkilatı” ilə, Cavabdeh arasında 23 oktaybr 2020-ci il tarixli 284 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən cavabdehə 18 ay müddətinə 3000.00 (üç min) manat məbləğində kredit verilmişdir. Kredit üzrə faiz dərəcəsi 36 faiz təşkil etmişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən borc alan tərəfindən kreditin qaytarılması xx.xx.2020-ci il tarixindən başlayaraq xx.xx.2022-ci il tarixinə kimi hər ayın 23-dən gec olmayaraq 218,13 (iki yüz on səkkiz manat, on üç qəpik) müəyyən olunmuş məbləğdə ödəyəcəkdir. Lakin, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etməmiş, onun 23 oktyabr 2020-cii il tarixli 284 nömrəli kredit müqaviləsi üzrə 3000.00 (üç min) manat əsas, 926,27 ( doqquz yüz iyirmi altı manat, iyirmi yeddi qəpik) manat faiz borcu olmaqla cəmi 3926,27 (üç min doqquz, yüz iyirmi altı manat, iyirmi yeddi qəpik) manat borcu yaranmışdır. 23 oktyabr 2020-ci il tarixli 284 nömrəli kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən borc alan tərəfindən kreditin qaytarılması xx.xx.2020-ci il tarixindən başlayaraq xx.xx.2022-ci il tarixinə kimi hər ayın 23-dən gec olmayaraq 218,13 manat məbləğində ödəməli olduğu halda, cavabdeh müqavilə şərtlərinə əməl etməyərək müqavilə öhdəliklərini pozmuşdur. Beləliklə, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, öhdəliyin icrasından qərəzli boyun qaçırmış, müqavilənin və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Nəticədə, onun 23 oktyabr 2020-ci il tarixli, 284 nömrəli kredit müqaviləsi üzrə 3926,27 (üç min doqquz, yüz iyirmi altı manat, iyirmi yeddi qəpik) manat borcu yaranmışdır. Cavabdehə borcun ödənilməsi, müqavilənin ləğv edilməsi üçün bildiriş göndərilsə də (peretenziya qaydasında həll olunma) heç bir cavab verilməmişdir. Sonradan iddiaçı "xxxx" MMC məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehdən 23 oktyabr 2020-ci il tarixli 284 nömrəli müqavilə üzrə 1860,66 manat əsas, 2027,94 manat faiz borcu olmaqla cəmi 3888,60 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı "xxxx" MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 23 oktyabr 2020-ci il tarixli 284 nömrəli müqavilə üzrə Cavabdeh 1860,66 manat əsas, 167,28 manat faiz və 3754 manat cərimə borcu olmaqla cəmi 5781,94 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada xəbərdalıq edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci və maddəsinin tələblərinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 284 nömrəli Kredit müqaviləsinə əsasən ona illik 36 faiz dərəcəsi ilə 18 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə "xxxx" MMC-yə 1860,66 manat əsas, 2027,94 manat faiz olmaqla cəmi 3888,60 manat borcu mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/4200 nömrəli ekspert rəyində göstərilmişdir ki, xx.xx.2022-cü il tarixə Cavabdeh "xxxx" MMC-yə 1849,50 manat əsas və 253 manat faiz borcu müəyyən edilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Həmin tarixdən sonra Cavabdeh tərəfindən ayrı-ayrı vaxtlarda xx.xx.2023-cü il tarixdə 198 manat, xx.xx.2023-cü il tarixdə 198 manat və xx.xx.2023-cü il tarixdə 198 manat olmaqla cəmi 594 manat ödəniş olunmuşdur. Həmin 594 manat ödənişin 253 manat hissəsi cavabdehin qalıq faiz borcundan, qalan 341 manatı qalıq əsas borcundan silinməsi nəzərə alınmaqla, Cavabdeh xx.xx.2020-ci il tarixli 284 nömrəli müqavilə üzrə, "xxxx" MMC-yə olan əsas borcdan ibarət olmaqla 1849,50-341= 1508,50 manat təşkil edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli bildiriş göndərərək cavabdehdən müqavilə üzrə öhdəliyini icrası tələb edilmiş, öhdəliklər icra edilmədiyi təqdirdə məcburi icra olunması üçün məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. Lakin bildirişin cavabdehə təqdim edildiyi tarixdən Cavabdeh tərəfindən hər hansı bir cavab verilməmişdir. Göründüyü kimi cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, iddiaçıya olan borcunu nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh xx.xx.2020-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etdikdən sonra, müqavilə üzrə yerinə yetirməli olduğu öhdəlikdən birtətəfli qaydada imtina etmişdir ki, iddiaçının müqavilədən irəli gələn tələb kimi kredit məbləğinin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. İddia tələbi əsas borc olaraq, 1860,50 manat məbləğin cavabdehdən tutulaması ilə bağlı hissəsinə münasibət bildirəm məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspert rəyindən göründüyü kimi cavabdeh müqavilə müddəti bitən xx.xx.2022-ci il tarixdən sonta ümumilikdə 594 manat ödəniş etmişdir ki, bu hal nəzərə alınmaqla məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1508,50 manat əsas borc məbləği tutulmalıdır. Faiz məbləğinin tutulması ilə bağlı təkrarən qeyd olunur ki, müqavilə müddəti bitdikdən sonra Cavabdeh tərəfindən ödənilmiş 594 manatın 253 manatı onun faiz borcuna çıxılması nəzərə alındığında onun müqavilə üzrə faiz borcunun olmadığı qənaətinə gəlir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdeh borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cavabdehdən xx.xx.2020-ci il tarixli, 284 nömrəli müqaviləyə əsasən 375 (üç yüz yetmiş beş) manat dəbbə pulu tutulmalıdır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi qismən təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 38,83 manat hissəsi cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1508,50 (min beş yüz səkkiz manat əlli qəpik) manat əsas borc və 375 (üç yüz yetmiş beş) manat cərimə borcu olmaqla cəmi 1883,50 (min səkkiz yüz səksən üç manat əlli qəpik) manat borcun və 38,83 (otuz səkkiz manat səksən üç qəpik) manat dövlət rüsumunun tutularaq, "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun 100 (yüz) manatı iddiaçıdan və 100 (yüz) manatı cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar