Məhkəmə qərarları › İş №2(008)-1518/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1518/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1518/2022 01.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X2, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin ödənilməsi» barədə iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin ödənilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan qanunsuz istifadəyə görə yaranmış 1387.80 (bir min üç yüz səksən yeddi manat, səksən qəpik) manat məbləğində dəymiş ziyanın, hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat və 33.88 (otuz üç manat, səksən səkkiz qəpik) manat dövlət rüsumunun, ümumilikdə isə 1721.68 (bir min yeddi yüz iyirmi bir manat, altmış səkkiz qəpik) manat borcun (pulun) İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1–284-5.3-cü maddələrinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göstərilən müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədər məhkəməyə daxil olmamışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Cavabdeh ilə İddiaçı Sabunçu X4 arasında bağlanmış 17.04.2020-ci il tarixli, 04/370 saylı qazın alqı-satqısı müqaviləsindən görünür ki, Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.1-ci bəndinə görə qaz sayğacının göstəricisinə əsasən istehlakçı hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öz üzərinə götürmüşdür; - Abonentin saldosundan görünür ki, abonent kodu **********00390 olan abonentə 2020-cu ilin dekabr ayınadək qazdan istifadə nəticəsində 1387.80 manat məbləğində borc hesablanmışdır, onun 923 manat olan hissəsi 2020-ci il üçün istifadə edilmiş lakin dəyəri ödənilməmiş qaz sərfiyyatına görə yaranmış borc, 32.80 manat olan hissə isə 2020-ci il üçün qazdan yeni tarif keçidi ilə yarnamış borc olmuşdur. - İş materiallarına əlavə edilmiş 30.04.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həcmində itirilmiş qaz hər bir tələbnaməyə görə 4320 m3 hesablanmışdır. - 28.04.2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh sayğacdan kənar qeyr-qanuni qazdan istifadə etməsi aşkar olunmuşdur. İşin materiallarından məlum olur ki, tərəflər arasında yaranmış mübahisəli mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və «dəymiş zərərin ödənilməsi»ni qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında iddiaçı cavabdehə məxsus yaşayış evini təbii qazla təmin etmişdir. İddiaçı cavabdehin 30.04.2020-ci il tarixdə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş olduğunu irəli sürərək buna dair ******* saylı akt tərtib edildiyini bildirsədə sözügedən aktı məhkəməyə təqdim etmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Bundan başqa məhkəmə iddia tələbinin sayğac üzrə 12.2020-ci il üçün 955.8 manat borcun cavabdehdən tutulub iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, sözügedən borcların yaranma tarixi və əsasları mülki işin materiallarına əlavə edildiyindən iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş saldodan görünür ki, istehlakçının 2020-ci ilin sonu üçün 923 manat dəyərində qaz sərfiyyatından istifadə etmiş, 32.80 manat isə yeni tarifə keçidlə əlaqədar hesablanmışdır. Bələliklə məlum olur ki, Cavabdehun qazdan istifadəyə görə (432+32.8 manat illik borc) məbləğində debitor borcu yaranmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, vəkil bürosuna hüquqi yardım üçün ödənilən 300 manat və 33.88 manat dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilməli, 100 ( bir yüz) manat vəkil bürosuna hüquqi yardım üçün, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı İB-nin hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 955.80 (doqquz yüz əlli beş manat, səksən qəpik) manat məbləğində debitor borcu, 100 (bir yüz) manat vəkil xərci və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulmalıdr. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 238-253, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 955.80 (doqquz yüz əlli beş manat, səksən qəpik) manat məbləğində dəymiş zərər, 100 (bir yüz) manat vəkil xərci və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, İddiaçı İB-nin xeyrinə tutulsun. Tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar