Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1539/2021 25.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X5 qızının, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Şahverdovi Tamariyə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Şahverdovi Tamariyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 014R********** saylı kredit razılaşması üzrə 18033.54 manat məbləğində kredit borcu, 4759.12 manat məbləğində faiz borcu və 10365.22 manat məbləğində cərimə borcu olmaqla,ümumilikdə cəmi 33157 (otuz üç min yüz əlli yeddi) manat 88 (səksən səkkiz) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsində dövlət mülkiyyətindəki, istifadədə olan yaşayış məntəqələrinin torpaqları kateqoryalı, 0,01045 ha torpaq sahəsi üzərində yerləşən, 77.2 m2 ümumi sahədən ibarət xüsusi mülkiyyətdə olan 36 saylı fərdi yaşayış evinin açıq hərracdan satılması, 33157 (otuz üç min yüz əlli yeddi) manat 88 (səksən səkkiz) qəpik məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh3 ümumi qaydada tutulması, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsində dövlət mülkiyyətindəki, istifadədə olan yaşayış məntəqələrinin torpaqları kateqoryalı, 0.01045 ha torpaq sahəsi üzərində yerləşən, 77.2 m2 ümumi sahədən ibarət xüsusi mülkiyyətdə olan 36 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və ev satıldıqdan 1 ay sonra Cavabdeh1, Şahverdovı Tamarının həmin evə istifadə hüquqlarının itirilməsinə, onların həmin evdən çıxarılmasına, həmin evin boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 12.09.2018-ci il tarixli 014L**********06 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 13.09.2018-ci il tarixli 014R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 13.06.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 11966.46 manat ödəmiş, onun 18033.54 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 06.10.2020-ci il tarixə 481 gün üçün hesablanmış faiz borcu 4759.12 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 5 % məbləğində cərimə ödəməlidir. 06.10.2020-ci il tarixə 481 gün üçün hesablanmış cərimə 10365.22 manat təşkil edir.Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh - ipoteka verən Cavabdeh1 ilə Bank arasında bağlanılmış 12.09.2018- ci tarixli 014M**********01 saylı ipoteka müqaviləsi (Bakı şəhəri 24 saylı notariat kontorunun xüsusi notariusu Z.M.Nəcəfli tərəfindən təsdiq edilib) əsasında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsində dövlət mülkiyyətindəki, istifadədə olan yaşayış məntəqələrinin torpaqları kateqoryalı, 0.01045 ha torpaq sahəsi üzərində yerləşən, 77.2 m2 ümumi sahədən ibarət xüsusi mülkiyyətdə olan 36 saylı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 4 N°-li reyestr kitabının 316 №-li vərəqində qeydiyyata alınmış RX ******* №-li çıxarışla Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsində dövlət mülkiyyətindəki, istifadədə olan yaşayış məntəqələrinin torpaqları kateqoryalı, 0.01045 ha torpaq sahəsi üzərində yerləşən, 77.2 m2 ümumi sahədən ibarət xüsusi mülkiyyətdə olan 36 saylı fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC cavabdeh - ipoteka verən Cavabdeh1 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq 22.09.2020-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 30.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə məhkəməyə gəlməyən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Nümayəndə eyni zamanda ipoteka müqaviləsində göstərilən 27 000 manat məbləği evin likvid qiyməti kimi qiymətləndirilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı QSC ilə Cavabdeh1 arasında 12.09.2018-ci il tarixli 014L**********06 saylı uzunmüddətli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 13.09.2018-ci il tarixli 014R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində kredit götürmüşdür. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı QSC ilə Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş, borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı barədə razılığa gəlmişlər. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, 36 №-li evin mülkiyyətçisi Cavabdeh1 oğludur (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 14.06.2017-ci il tarixli RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış). Borcalanın 12.09.2018-ci il tarixli 014L**********06 saylı kredit müqaviləsindən irləi gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə 12.09.2018-ci il tarixdə iddiaçı ilə Cavabdeh1 oğlu arasında 014M**********01 saylı ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsində dövlət mülkiyyətindəki, istifadədə olan yaşayış məntəqələrinin torpaqları kateqoryalı, 0.01045 ha torpaq sahəsi üzərində yerləşən, 77.2 m2 ümumi sahədən ibarət 36 saylı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılaşması əsasında 27 000 manat müəyyən edilmişdir. Həmin mənzil İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 316 nömrəli vərəqində qeydiyyata alınmışdır (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 13.09.2018-ci il tarixli RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış). İpoteka saxlayan İddiaçı QSC cavabdeh - ipoteka verən Cavabdeh1 22.09.2020ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 30.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İpoteka müqaviləsindən ipoteka ilə edilmiş əmlakın 27 000 manata qiymətləndirilməsi görünür. İddiaçı QSC tərəfindən cavabdehlərə yaranmış borcun ödənilməsi ilə bağlı ünvanlarına xəbərdarlıq məktubu göndərilmiş, lakin göndərilən ünvanda qapı bağlı olduğuna görə məktublar banka qaytarılmışdır (İddiaçı QSC tərəfindən cavabdehlərə ünvanlanmış 22.11.2019-cu il tarixli xəbərdarlıq məktubları və Mega Ekspress MMC tərəfindən Banka ünvanlanmış 28.11.2019-cu il tarixli məktublar). Cavabdeh1 borcun ipoteka predmetinə yönəldilməsi barədə xəbərdarlıq edilmişdir (İddiaçı QSC tərəfindən cavabdehə ünvanlanmış 22.09.2020-ci il tarixli bildiriş). Cavabdeh1 13.09.2018-ci il tarixli 014R********** saylı kredit razılaşması üzrə 13.03.2020-ci il tarixinə banka əsas borc üzrə 18033,54 manat, faiz borcu üzrə 2166,8 manat, cərimə borcu üzrə 5594,72 manat, cəmi 25795,06 manat məbləğində borcu vardır (İddiaçı QSC nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş 25.05.2021-ci il tarixli maliyyə arayışı). Hazırda iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci madəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 309.1.-cı maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün məsuliyyət daşıyır. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddia tələbindən görünür ki, iddiaçı müqavilədən yaranmış borcu həm Cavabdeh1, həm də zamin Cavabdeh3 birgə tələb edir. Yuxarda qeyd olunan zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 bankla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlik üçün kredit verən qarşısında kredit alanla birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdehlər iddiaçı ilə aralarında bağlanmış müqavilələrin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdehlər müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişlər. Yuxarıda qeyd edildiyi kimi iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş 25.05.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 13.09.2018-ci il tarixli 014R********** saylı kredit razılaşması üzrə 13.03.2020-ci il tarixinə banka əsas borc üzrə 18033,54 manat, faiz borcu üzrə 2166,8 manat, cərimə borcu üzrə 5594,72 manat, cəmi 25795,06 manat məbləğində borcu vardır. Odur ki, məhkəmə hesab edir ki, kredit razılaşması üzrə yaranmış borc məbləği cavabdehlərdən qeyd olunan arayışa əsasən tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsas və faiz borcunun tutulması hissəsində tam təmin olunmalıdır. İddianın cərimənin tutulması hissəsinə gəldikdə isə məhkəmə həmin hissədə iddianın qismən təmin olunmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddiaçı tərəfindən cərimənin 5594,72 manat məbləğində hesablanmasının yüksək olmasını nəzərə alaraq cavabdehdən 500 manat məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə eyni zamanda iddianın tələbin təmin olunmuş hissəsinin ipoteka predmeti olan əmlaka yönəldilməsini də araşdıraraq hesab edir ki, iddia tələbinin bu hissəsi də əsaslıdır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra- «İpoteka haqqında» Qanunun) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. "İpoteka haqqında" Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. "İpoteka haqqında" Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh ilə iddiaçı arasında ipoteka müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. "İpoteka haqqında" Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməli, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20.07.2020-ci il tarixli 01 №-li qərardadına əsasən «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməsi qərara alınmışdır. Məhkəmə ipoteka müqaviləsində göstərilən 27 000 manatı likvid qiymət kimi qəbul edir. Belə ki, iddiaçı həmin qiyməti mübahisələndirməmiş və yüksək qiymət hesab etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 27 000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 014R********** saylı kredit razılaşması üzrə 18033.54 manat məbləğində kredit borc, 2166,8 manat məbləğində faiz borcu və 500 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 20 700,34 manat məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutulmalı, iddia qalan hissədə rədd edilməli, tələb Cavabdeh1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, 36 №-li fərdi yaşayış evinə yönəldilsin, həmin ev hərracdan satılsın, satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin, ipoteka predmetinin satışından əldə olunan vəsait cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləği Cavabdeh1 və Cavabdeh3 tutulsun, Cavabdeh1 mülkiyyətində olan qeyd olunan evə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1 və Şahverdovı Tamarının həmin evə istifadə hüquqlarına xitam verilməklə onlar həmin evdən çıxarılmaqla, ev boşaldılsın və alıcıya təhvil verilməli, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, 36 №-li fərdi yaşayış evin ilkin satış qiyməti 27 000 manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 014R********** saylı kredit razılaşması üzrə 18033.54 manat məbləğində kredit borc, 2166,8 manat məbləğində faiz borcu və 500 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 20 700,34 manat məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutulsun. İddia qalan hissədə rədd edilsin. Tələb Cavabdeh1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, 36 №-li fərdi yaşayış evinə yönəldilsin, həmin ev hərracdan satılsın, satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin, ipoteka predmetinin satışından əldə olunan vəsait cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləği Cavabdeh1 və Cavabdeh3 tutulsun, Cavabdeh1 mülkiyyətində olan qeyd olunan evə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1 və Şahverdovı Tamarının həmin evə istifadə hüquqlarına xitam verilməklə onlar həmin evdən çıxarılmaqla, ev boşaldılsın və alıcıya təhvil verilsin. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, 36 №-li fərdi yaşayış evin ilkin satış qiyməti 27 000 manat məbləğində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1539/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1539/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver