Məhkəmə qərarları › İş №2(008)-1584/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1584/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1584/2024 17.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, üçüncü şəxs Bakı şəhəri 46 saylı notariat ofisi olmaqla alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və s. tələblərinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, üçüncü şəxs Bakı şəhəri 46 saylı Notariat Ofisi olmaqla alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, bununla bağlı zəruri hərəkətlərin edilməsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, həmçinin qeyd olunan əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumata əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2004-cü il tarixdə vergi ödəyicisi (VÖEN: **********) kimi dövlət qeydiyyatından keçmiş, hazırda fəaliyyətini müvəqqəti dayandırmış, əsas fəaliyyət istiqaməti “etil (yeyinti) spirtinin və alkoqollu içkilərin ixtisaslaşdırılmamış mağazalarda pərakəndə satışı”ndan ibarət olmuşdur. Cavabdeh1 xx.xx.2009-cu il tarixdən aktiv vergi ödəyicisidir (VÖEN: **********) əsas fəaliyyət istiqaməti estetik mərkəz tərəfindən xidmətlərin göstərilməsindən ibarətdir. Digər Cavabdeh2 xx.xx.2016-cı il tarixdən aktiv vergi ödəyicisidir (VÖEN: **********) əsas fəaliyyət istiqaməti kitabxanaların fəaliyyətindən ibarətdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi İddiaçı “Bank Technique”-yə müraciət edərək “bank qarantiyası”-nın verilməsini xahiş etmişdir. Bankla aralarında olan razılaşmaya əsasən 850.000 dollar həcmində qarantiyanın verilməsi üçün İddiaçı tərəfindən mübahisələndirilən Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, ev 19, mənzil 19 ünvanında yerləşən, ümumi sahəsi 136.6 kv/m, yaşayış sahəsi 100 kv/m olan 7 otaqlı mənzil və Neapol-V.N” MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 0.1753 ha torpaq sahəsi bank qarşısında girov qoyulmuşdur. Bank qarantiyası alındıqdan sonra Qəmər MMC-nin müraciəti ilə Türkiyə Respublikasında yerləşən BS X3 Ticaret Ltd. Şti. şirkətinə həmin qarantiya təminat olaraq verilmişdir. Daha sonra BS X3 Ticaret Ltd. Şti. tərəfindən Türkiyə Respublikasında banka müraciət edilmiş və qarantiya təminat kimi göstərilərək bankdan kredit olaraq 850.000 dollar məbləğində kredit götürülmüşdür. Bank tərəfindən 850.000 dollar kredit verildikdən sonra həmin vəsait bölüşdürülərək "xxxx" MMC-nin sahibi cavabdeh Məcidov X1 Respublikasında həmin puldan digər tutmalar çıxıldıqdan sonra 448.500 dollar, Türkiyədə olan şirkətin sahibi Kerim adlı şəxs tərəfindən 140.000 dollar və İddiaçı tərəfindən isə 211.500 dollar götürülmüşdür. Geriyə qalan 51.000 dollar isə komissiya və digər xərclərə çıxılmışdır. Razılaşmaya əsasən götürülmüş kredit onu götürən şəxslər tərəfindən götürdükləri hissələrə mütənasib olaraq qaytarılmalı idi. Bunu təsdiq edən akt və hesablaşma Kerim Şengül, İddiaçı və Cavabdeh1 tərəfindən imzalanaraq təsdiq edilmişdir. Bundan sonra Türkiyədə olan şirkətin sahibi Kerim adlı şəxs tərəfindən 140.000 dollar pul Cavabdeh1 qaytarılmışdır. Daha sonra Türkiyənin bankı qarşısında götürülmüş öhdəlik ödənilmədiyindən “Bank Technique” tərəfindən qarantiya müqaviləsinin icra edilməsi tələb edilmişdir. “Bank Technique” tərəfindən qarantiya müqaviləsi icra edilmiş və Türkiyə Respublikasına 850.000 dollar köçürülmə edilmişdir. Bundan sonra “Bank Technique” ilə İddiaçı arasında kredit müqaviləsi bağlanılaraq qarantiya müqaviləsinin etibarsız hesab olunması qərara alınmışdır. Yəni kredit müqaviləsi 850.000 dollar məbləğində pul vəsaitinin dolların həmin tarix üçün manatın məzənnəsinə uyğun olaraq manat hesabı ilə bağlanılmışdır. Bir müddət sonra “Bank Technique” ləğv prosesinə doğru getmiş və onun ləğvi prosesi başa çatdıqdan sonra ləğvedicisi tərəfindən Neapol V.N MMC-yə və İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək 850.000 dollar məbləğində pulun cavabdehlərdən tutulması tələb edilmişdir. İşin hallarından göründüyü kimi xx.xx.2011-ci il tarixli qarantiya müqaviləsi və xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə ipoteka qoyan "xxxx" MMC borclu İddiaçı tələbkar "xxxx" ASC-nin ləğvedicisi ƏSF qarşısında olan 602.000 manat məbləğində borc öhdəliyinin müqabilində özünə məxsus Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 0.1753 ha torpaq sahəsinin bir hissəsini tələbkarın mülkiyyətinə vermiş və İddiaçı”borcunu” ödəmişdir. xx.xx.2022-ci il tarixində № e-2-2(113)-5928/2022 saylı işə Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatında baxılaraq iddianın təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2( 103)-937/2016 saylı icra sənədi üzrə İddiaçı yerinə ödənilmiş 602.000 (altı yüz iki min) pul İddiaçı tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır və həmin pul hal-hazırda İddiaçı tələb edilməkdədir. Yəni anlaşıldığı kimi İddiaçı ilə Cavabdeh1 aralarında sövdələşərək götürülmüş kredit müqaviləsi üzrə hər bir tərəf öz üzərinə düşən öhdəliyin icra edilməsini razılaşmışlar. Öhdəlikləri icra edə bilməmələri halında isə həmin öhdəlik üzrə öz əmlaklarını girov qoymuşlar. Daha sonra isə öhdəliklərini icra edə bilməmişlər. Belə olan halda Cavabdeh1 öz şirkətinə məxsus və girov qoyulmuş əmlakın bir hissəsini verməklə borcu bağlamış və həm özünün qoyduğu girov əmlakın qalan hissəsini həm də İddiaçı tərəfindən girov qoyulmuş əmlakı girovdan azad etmişdir. Daha sonra girov qoyularkən minimal qiymət olaraq 448.500 manat qiymətləndirilmiş iddiaçıya məxsus olan və hal hazırda mübahisələndirilən əmlakı “260.000” manata “sataraq” özgəninkiləşdirmişdir. Bundan əlavə olaraq da İddiaçı qarşı iddia qaldıraraq ondan pulun ödənilməsini tələb etmişdir. Hazırda mübahisələndirilən Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, ev 19, mənzil 19 ünvanında yerləşən, ümumi sahəsi 136.6 kv/m, yaşayış sahəsi 100 kv/m olan 7 otaqlı mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, bununla bağlı zəruri hərəkətlərin edilməsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, həmçinin qeyd olunan əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi məhkəmədən xahiş olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarının 11-12 və 20-ci bəndlərində qeyd olunmuşdur ki, “O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər”. Həmin qərarın 13-cü bəndində qeyd olunmuşdur ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin qərarın 28-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı hazırda fəaliyyətini müvəqqəti dayandırmış, cavabdehlər Cavabdeh1, Cavabdeh2 aktiv vergi ödəyiciləri olduğundan, habelə mübahisə predmetini təşkil edən müqavilə iddiaçı ilə cavabdehlərin birgə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar bağlanıldığından hazırkı mübahisəyə dair işə məhkəmə aidiyyəti üzrə ümumi məhkəmə tərəfindən baxıla bilməz. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə, qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, üçüncü şəxs Bakı şəhəri 46 saylı notariat ofisi olmaqla alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və s. tələblərinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, hazırkı iddia tələbi ilə bağlı o, məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar