Məhkəmə qərarları › İş №2(008)-1589/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1589/2024

16.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1589/2024 16.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2000 manat dəyərində bir ədəd “S”-hərfi formada, üzərində 9 ədəd briliant qaşları olan qızıl üzüyün; 500 manat dəyərində bir ədəd kəpənək formalı qızıl klonun; 500 manat dəyərində bir ədəd 8 guşəli qızıl klonun; 1000 manat dəyərində bir cüt çəhrayı qaşlı qızıl sırğanın; 5000 manat dəyərində bir ədəd qızıldan hazırlanmış, üzərində briliant qaşları olan qadın qol saatının; 3000 manat dəyərində bir ədəd üzərində 3 birliant qaşı olan qızıldan hazırlanmış nişan üzüyünün; 50 manat dəyərində bir ədəd mirvari boyunbağının; 3500 manat dəyərində bir ədəd tək briliant qaşlı üzükdən və iki ədəd tək briliant qaşlı sırğadan ibarət qızıl dəstin; 370 manat dəyərində 3 ədəd çilçırağın; 75 manat dəyərində 1 ədəd Türkiyənin “Qorxmaz” firmasına aid su çaydanının; 350 manat dəyərində tünd rəngli üzəri güllü qazan dəstinin; 280 manat dəyərində bir ədəd ətçəkən maşının; 220 manat dəyərində 4 ədəd parça dəstlərinin; 80 manat dəyərində, 10 metr ölçüdə, yataq dəsti tikmək üçün parçanın; 300 manat dəyərində 4 dəst yapon nimçələrinin; 60 manat dəyərində bir ədəd kənarı göy meyvə qabının; 400 manat dəyərində 3 ədəd yataq dəstinin; 350 manat dəyərində bir ədəd 5 gözlü qaz piltəsinin; 1350 manat dəyərində bir ədəd su təmizləyən aparatın; 2000 manat dəyərində geyim dolabı; iki ədəd ona məxsus uşaqlıq şəkillərinin; dörd rəf kitablarının və iki ədəd səhmin Cavabdeh alınaraq ona qaytarılması, həmin əşyalar cavabdehdə olmadıqda onların dəyərinin Cavabdeh tutularaq ona ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödədiyi 50 manat dövlət rüsumunun və mediasiya xidməti üçün ödədiyi 51 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1993-cü il il təvəllüdlü Cavabdeh onun qızıdır. O, qızı Cavabdeh ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X6 küçəsi, ev 9, mənzil 15 yaşayırmışlar. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X6 küçəsi, ev 9, mənzil 15 onun mülkiyyətində olub. Həmin mənzili o, xx.xx.2021-ci il tarixdə qızı Cavabdeh bağışlamışdır. O, özünə məxsus qızıl-zinət əşyalarını və səhimlərini Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X6 küçəsi, ev 9, mənzil 15-də yerləşən seyfdə saxlamışdır. 2023-cü ilin təqribən oktyabr ayında Cavabdeh ona dedi ki, seyfin açarını ona versin o da həmin seyfdən istifadə etsin. O da qızına güvənib seyfin açarını ona vermişdir. Bu hadisədən bir müddət sonra o, yataqda xəstə vəziyyətdə yatarkən Cavabdeh heç bir səbəb olmadan onu təhqir edərək, evdən qovmuşdur. Qızının bu hərəkəti ona çox pis təsir etdiyi üçün incik şəkildə evdən çıxıb getmişdir. Bir müddət sonra özünə məxsus əşyaları, seyfdə saxladığı qızıl-zinət əşyalarını və səhimlərini götürmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X6 küçəsi, ev 9, mənzil 15-ə gəlmişdir. Əşyalarının bir qismini topladıqdan sonra Cavabdeh demişdir ki, seyfdən qızıl əşyalarını və səhimlərini götürmək istəyirə ona seyfin açarını versin. Cavabdeh bu sözündən sonra yenidən onu söyüb təhqir edərək, ona dedi ki, sənin qızılların və səhmlərin seyfdə yoxdur. O, onu növbəti dəfə evdən qovmuşdur. Bir ədəd “S”-hərfi formada, üzərində 9 ədəd briliant qaşı olan üzük qiyməti 2000 manat; bir ədəd kəpənək formalı klon - qiyməti 500 manat; bir ədəd 8 guşəli klon - qiyməti 500 manat; bir cüt çəhrayı qaşlı sırğa - qiyməti 500 manat; bir ədəd qızıldan hazırlanmış, üzərində briliant qaşları olan qadın qol saatı - qiyməti 5000 manat; bir ədəd üzərində 3 biliant qaşı olan nişan üzüyü - qiyməti 3000 manat; bir ədəd mirvari boyunbağı - qiyməti 50 manat; bir ədəd tək briliant qaşlı üzükdən və iki ədəd tək briliant qaşlı sırğadan ibarət qızıl dəst - qiyməti 3500 manat; iki ədəd səhm; 3 ədəd çilçıraq qiyməti 370 manat; 1 ədəd Türkiyənin “Qorxmaz” firmasına aid su çaydanı - qiyməti 75 manat; tünd rəngli üstü güllü qazan dəsti - qiyməti 350 manat; 1 ədəd ətçəkən maşın qiyməti 280 manat; 4 ədəd parça dəstləri - qiyməti 220 manat; 10 metr ölçüdə, yataq dəsti tikmək üçün parça - qiyməti 80 manat; 4 dəst Yapon nimçələri - qiyməti 300 manat; 1 ədəd kənarı göy meyvə qabı - qiyməti 60 manat; 3 ədəd yataq dəsti - qiyməti 400 manat; 2 ədəd mənə aid olan uşaqlıq şəkillərim və 4 rəf kitabxanamda olan kitablar; 1 ədəd 5 gözlü qaz plitəsi - qiyməti 350 manat; 1 ədəd su təmizləyən aparat - qiyməti 1350 manat. geyim dolabi qiyməti - 2000 manat. O, dəfələrlə Cavabdeh qeyd etdiyi qızıl-zinət əşyalarımı və iki ədəd səhmi ona qaytarmasını tələb etsə də, lakin o, həmin əşyaları ona qaytarmır. Cavabdeh ona məxsus əşyaları ona qaytarmaqdan imtina etdiyinə görə hesab edir ki, məhkəmə qərarı ilə bir ədəd “S”-hərfi formada, üzərində 9 ədəd briliant qaşı olan üzük, bir ədəd kəpənək formalı klon, bir ədəd 8 guşəli klon, bir cüt çəhrayı qaşlı sırğa, bir ədəd qızıldan hazırlanmış, üzərində briliant qaşları olan qadın qol saatı, bir ədəd üzərində 3 biliant qaşı olan nişan üzüyü, bir ədəd mirvari boyunbağı, bir ədəd tək briliant qaşlı üzükdən və iki ədəd tək briliant qaşlı sırğadan ibarət qızıl dəst və iki ədəd səhm Cavabdeh alınıb ona qaytarılmalıdır. Həmin əşyalar cavabdehdə olmadıqda onların dəyəri məhkəmə qərarı ilə Cavabdeh tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh oğlu iddia tələbini qəbul etməyərək iddiaçının danışdıqlarının yalan olduğunu bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi rədd edilməlidir. Beləki, iş materillarına iddiaçı tərəfindən ailə fotoşəkillər təqdim edilmişdir. Cavabdeh tərəfindən isə iş matriallarına onun döyülməsi ilə bağlı fotoşəkillər əlavə edilmişdir. İddiaçı tərəfindən təqdim edilən fləşkartda olan səs yazısından müəyyən edilirki, iddiaçı ilə cavabdeh arasında mübahisə olmuş, iddiaçı cavabdehdən qızıllarını və səhmini tələb etmiş,cavabdeh isə iddiaçıdan öz qızıllarını tələb etmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi Səmədbəy Mehmandarov küçəsi ev 9 mənzil 15 Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzindən görünür ki, iddiaç tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X1 bildirmişdir ki, iddiaçı onun qonşusu, iddiaçının qızı isə onun qonşusunun qızıdır. O iddiaçının üzərində həmişə qızıllar olduğunu görmüşdür. Ancaq iddiaçının qızıllarının cavabdeh Fərəhdə qalmasını bilmir. O axırıncı dəfə iddiaçının evində iddiaçının yoldaşı rəhmətə gedən zaman olmuşdur. Evin içində hansı əşyaların olmasını konkret bilmir. Ancaq evin içində əşyalar varidi. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X3 izahat verərək bildirmişdir ki, o iddiaçı ilə 17 ildir iş yoldaşı olmuşdur. İddiaçının evinə gedibgəlişi olmuşdur. Evi 4 otaqlı olmuşdur.Evin içində əşyaları olmuşdur. Toylarda həmişə İradə xanımı qızıllı görmüşdür. Ancaq qızlııarın necə olması, əşyalarının necə olmasını bilmir. İddiaçınınqızıllarının və əşyalarının Fərəhdə qalmasından məlumatı yoxdur. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, iddiaçı iddiasının əsasları kimi istinad etdikləri hallarla bağlı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişlər. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələblərinin əsası kimi yalnız öz subyektiv mülahizələrinə istinad edir və iddia tələbini təsdiq edən heç bir mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bu baxımdan, həmçinin yuxarıda sadalanan əsaslarla məhkəmə hesab edir ki, iddiaçı istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu və mediyasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar