Məhkəmə qərarları › İş №2(008)-1610/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1610/2022

09.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1610/2022 09.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qızı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğinin tutularaq İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 31 mart 2015-ci il tarixində Cavabdeh ilə rəsmi nigaha daxil olaraq ailə həyatı qurmuşdur. Bu nikahdan 30 yanvar 2016-cı il təvəllüdlü X2 anadan olmuşdur. Birgə nikahları Yasamal Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli, 2(004)-3446/2017 saylı qətnaməsi ilə pozulmuş, X1 isə iddiaçının himayəsində qalması qət edilmişdir. İddiaçının cavabdehlə münasibətləri faktiki olaraq 2015-ci ildə pisləşməyə başlamış, həmin vaxt övladları hələ dünyaya gəlməmişdir. Həmin vaxtdan keçən illər ərzində cavabdeh bir dəfə də olsun bugünədək övladının üzünü belə görməmiş, onunla maraqlanmamışdır. Cavabdehlə nikah münasibətləri faktiki olaraq övladları dünyaya gəlməmişdən pozulduğundan, o, uşağın doğum xərcləri, habelə sonrakı təminatları ilə maraqlanmamışdır. Yasamal Rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli, 2(004)-2018/2018 saylı qətnaməsi ilə Sabunçu Rayon Məhkəməsinin 20 oktyabr 2016-cı il tarixli 2(008)-5642/2016 saylı qətnaməsi ilə müəyyənləşdirilən 117 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay 154 (bir yüz əlli dörd) manat məbləğində müəyyən edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 2(010)- 4181/2019 saylı qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli, 2(008)-2018/2018 saylı qətnaməsi ilə müəyyənləşdirilən 154 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay 160 (bir yüz altmış) manat məbləğində müəyyən edilmişdir. Cavabdeh uzun müddət öz valideynlik vəzifələrini yerinə yetirməmiş, məhkəmə qətnaməsi ilə müəyyən edilən məbləği əvvəllər vaxtaşırı olaraq gecikdirmişdir. Hətta uşağın doğum haqqında şəhadətnaməsini almaq üçün belə ümumiyyətlə gəlməmişdir. Cavabdehin ödədiyi 160 manat hazırkı vəziyyətdə uşağın maddi-məişət xərclərini ödəməyə kifayət etmir. Üstəlik məktəbə, habelə bacarıq və müsbət vərdişlərin mənimsənilməsi baxımmdan müxtəlif hazırlıqlara (dərnəklərə) getdiyini nəzərə alsaq indiki iqtisadi vəziyyətdə 160 manat aliment məbləğinin artırılması labüddür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, alimentin artırılmasına və 193 manatın tutulmasına etiraz etmədiyini bildirdi və bu barədə yazılı ərizə təqdim etdi. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 2(010)-4181/2019 saylı, 29.08.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 30.01.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin, və 30.01.2016-cı il təvəllüdlü X1 xəstəliyi ilə əlaqəli olaraq hər ay 50 manat məbləğində əlavə xərcin alınaraq İddiaçı verilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13690/2019 saylı, 14.11.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, ilə Suraxanı Rayon Məhkəməsinin 2(010)-4181/2019 saylı, 29.08.2019-cu il tarixli qətnaməsi “Cavabdeh 30.01.2016-cı il təvəllüdlü X1 xəstəliyi ilə əlaqəli olaraq hər ay 50 manat məbləğində əlavə xərcin tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv olunması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-4181/2019 saylı, 29.08.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı qızına verilməsi qət edilmişdir. Hazırda onun ödədiyi aliment məbləği hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 193 manat yaşayış minimumundan azdır və uşağın tələbatını ödəmir. Bu səbəbdən uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarına görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı və Cavabdeh birgə nikahından doğulmuş 30.01.2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 2(010)-4181/2019 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində manat aliment tutulsun. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar