Məhkəmə qərarları › İş №2(008)-1614/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1614/2024

13.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1614/2024 13.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, İddiaçı, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 235 manat məbləğində müəyyən edilməsi və mediasiya xidməti üçün ödənilmiş 60 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-2405/2023 nömrəli qətnaməsi ilə cavabdehdən birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat məbləğində aliment tutulması qət edilmişdir. Təyin edilmiş məbləğ uşaqların tələbatını ödəməyə kifayət etmədiyindən alimentin "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanuna uyğun olaraq, yəni hər ya hər uşağa görə 235 manat məbləğinə artırılmasını xahiş etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etirazında bildirmişdir ki, daxili işlər orqanlarında işləyir, aylıq əmək haqqı 1200 manat təşkil edir. İddiaçıdan başqa, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsinə əsasən ondan birinci həyat yoldaşının xeyrinə 154 manat məbləğində aliment və 20 manat məbləğində əlavə xərc tutulur. Əmək haqqı 1200 manat təşkil etsə də, vergi və digər tutmalardan sonra hər ay cəmi 376,14 manat əmək haqqı alır. Tutulan alimentdən əlavə imkan daxilində uşaqlarına köməklik edir. Cavabdeh iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında bildirdi ki, uşaqların tələbatları artır, qızı xəstədir və müalicəyə ehtiyacı var. Təyin edilən aliment kifayət etmir. Cavabdehin nümayəndəsi Vəkil etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. Müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2014-cü X10 adlı ümumi uşaqları vardır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(008)- 899/2015 nömrəli qətnaməsinə əsasən, xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2014cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 108 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X1 verilməsi qət edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1756/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, cavabdehdən tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşağa 150 manat sabit pul məbləğində müəyyən edilmişdir. Bundan sonra Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6062/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, cavabdehdən tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşağa 175 manat sabit pul məbləğində müəyyən edilmişdir. Bundan sonra Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3337/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, cavabdehdən tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşağa 180 manat sabit pul məbləğində müəyyən edilmişdir. Daha sonra Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2405/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, cavabdehdən tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşağa 200 manat sabit pul məbləğində müəyyən edilmişdir. İşdə olan AZ-İİİ seriyalı 100620 nömrəli "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, X6 xx.xx.2012-ci ildə anadan olmuş, onun valideynləri Cavabdeh və İddiaçıdır. İşdə olan AZ-İİİ seriyalı 288897 nömrəli "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, X10 xx.xx.2014-cü ildə anadan olmuş, onun valideynləri Cavabdeh və İddiaçıdır. İşdə olan AZ-İİİ seriyalı 288896 nömrəli "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, X7 xx.xx.2014-cü ildə anadan olmuş, onun valideynləri Cavabdeh və İddiaçıdır. İşdə olan AZ-İ seriyalı 387693 nömrəli "Nikahın pozulması haqqında şəhadətnamə"nin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı xx.xx.2020-ci ildə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci ildə 310 nömrəli qeyd edilmişdir. İşdə olan AZ-İİ seriyalı 559999 nömrəli "Nikah haqqında şəhadətnamə"nin surətindən görünür ki, Cavabdeh və X8 xx.xx.2023-cü ildə nikah bağlamışlar. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X11 İnstitutunun xx.xx.2023-cü il tarixli "Rentgenoqrafiya müayinəsi"ndən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü Abdullayeva Gülayda ağciyərlərin rentgen müayinəsi nətiəsində "iki tərəfli kəskin bronxit" müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bundan başqa, "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır ("Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.2-ci bəndində deyilir ki,məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedibgetməməsi də nəzərə alınmalıdır. Qanunvericiliyin yuxarıda sadalanan normaların mənasına görə, alimentin artırılması institutunun təyinatı ilk növbədə uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması qeyd olunsa da, tərəflərin maddi və ailə vəziyyətləri, diqqətəlayiq digər hallar da nəzərə alınmalıdır. Cavabdeh birinci nikahdan olan yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün aliment ödədiyini, yaşlı valideynlərinin bütün təminatlarının onun üzərində düşdüyünü, ailəsi ilə birlikdə kirayədə yaşadığını bildirsə də, məhkəməyə bunlarla bağlı sübut təqdim etməmişdir. Məhkəmə "uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması" prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq, uşaqların saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Bundan başqa, məhkəmə iddia tələbinin cavabdehdən tutulmalı olan alimentin iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən hesablanması üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Plenum Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, alimentin artırılması ilə bağlı cavabdehdən hər ay hər uşağa görə tutulmalı olan 220 manat məbləğində pul iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə görə, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırkı iddiada artırılması tələb edilən alimentin bir illik miqdarı (660 manat – 600 manat = 60 manat x 12 ay) 720 manat təşkil edir. Bu iddiaya görə 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Cəmi 705 manat iddia tələbinin 660 manat (93,61 %) hissəsi təmin edildiyinə görə dövlət rüsumunun müvafiq olaraq 28,08 manat hissəsi cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq dövlət büdcəsinə ödənilməli, 1,92 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Bundan başqa, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, "Mediasiya prosesinin tətbiqi barədə müqavilə"də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya "mediasiya prosesinin tətbiqi barədə müqavilə"nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İşdən görünür ki, 60 manat məbləğində mediasiya xərci xx.xx.2023-cü ildə iddiaçı tərəfindən Bakı 11 saylı Mediasiya təşkilatının hesabına ödənilmiş, cavabdeh isə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə məhkəmə hesab edir ki, 60 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2405/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə tutulan 200 manat alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 60 manat mediasiya xərci alınaraq iddiaçı X1, 28,08 manat dövlət rüsumu isə alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Dövlət rüsumunun qalan 1,92 manat hissəsi iddiaçı X1 aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar