Məhkəmə qərarları › İş №2(008)-1633/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1633/2025

16.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1633/2025 16.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 2383 (iki min üç yüz səksən üç) manat məbləğində maddi zərərin və ödənilmiş 44 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, (Ş/V AA*******) 24 sentyabr 2024-cü il tarixdə saat 17:30 radələrində özünə məxsus Hyundai Elantra markalı, **-DP- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili il Atatürk prospekti, Ayna Sultanova heykəlinin yanında zərər dəymişdir. Belə ki, arxa tərəfdən cavabdeh (X1) şəxs, Mercedesbenz markalı **-EO-*** dövlət qeydiyyat nişanlı) avtomobilin sürücüsü idarəetməni itirərək, idarə etdiyi avtomobilin arxasından vurmuşdur. Zərbə nəticəsində idarə etdiyi avtomobil irəliyə doğru hərəkət edərək Hyundai A-20 markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobili arxasından vurmuşdur. Eyni zaman onun idarə etdiyi və Hyundai A-20 markalı avtomobillərin arasında moped sıxlaraq sürücü xəsarət almışdır. O, dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin 102 Xidməti Zəng Mərkəzi -sisteminə məlumat verərək bir neçə avtomobilin toqquşması barədə məlumat vermişdir. Azərbaycan Respublikasının İcbari Sığorta Bürosuna müraciət zamanı məlum olmuşdur ki, Mercedes Benz C-180 markalı, **-EO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili icbari qaydada sığortalanmamışdır. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsini 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yollarının hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə cərimə edilmişdir. Əlavə olaraq, cavabdeh eyni Məcəllənin 469.3-cü maddəsinə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə cərimə edilmişdir. Bununla da baş vermiş yol-nəqliyyat hadisə nəticəsində idarə etdiyi avtomobilin ön va arxa hissəsi əzilərək yararsız vəziyətə salınmışdır, bu səbəbdən avtomobilə 2143 (iki min yüz qırx üç) manat məbləğində maddi ziyan vurulmuşdur. Növbəti gün 25 sentyabr tarixində o, qəza hadisənin iştirakçıları ilə yanaşı Binəqədi RPİ idarəsinə yaxınlaşmış və izahatını yazmışdır. Orada Cavabdehlə üzləşmişdir. O, ona maddi zərərin ödənilməsi ilə bağlı söz versə də, hələ də ondan heç bir təzminat ala bilməmişdir. Hadisədən sonra dəfələrlə ona zəng etməyinə baxmayaraq, cavabdehdən heç bir geri dönüş olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Mercedes-benz c-180 markalı, **-EO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil idarə edən sürücüsü Cavabdeh əməlində AR-nın İXM-nin 327.1-ci və 469.3-cü maddəsinin tərkib hissəsinin yarandığı üçün, qərarın sürəti Binəqədi RPİ-nin DYPŞ-nin aidiyyəti əməkdaşa verilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarınnda izahatı alımış Cavabdeh bildirmişdir ki, 2018-ci il tarixdən sürücülük hüququ olmaqla yanaşı etibarnamə əsasında Mercedes-benz c-180 markalı, **-EO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil idarə edir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində idarə etdiyi avtomobill\ Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti ilə hərəkətdə olan zaman, yolun hərəkət hissəsində tıxac yaranması səbəbindən asta sürətdə hərəkət etmiş, həmin an özündən aslı olmayayarq idarəetməni itirmiş və yolun qarşı hissəsində hərəkətdə olan Hundai markalı sonra isə motosikl və motosikildan öndə olan qırmızı rəngli Hundai markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobili əzmişdir. Avto Baku tərəfindən tərtib edilmiş qüsur aktının surətindən görünür ki, “Hyundai Elentra” minik markalı, ** DP *** saylı dövlət qeydiyyat nişanlı avtomobilə 2383 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində göstərilir ki, Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdehnın təqsiri üzündən onun idarə etdiyi avtomobil ilə İddiaçı mülkiyyətində olan “Hyundai Elentra” minik markalı, ** DP *** saylı dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Nəticədə iddiaçının mülkiyyətində olan avtomobilə maddi ziyan dəymişdir. Mülki iş matriallarına əlavə edilmiş qüsur aktından məlum olur ki, “Hyundai Elentra” minik markalı, ** DP *** saylı dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi zamanı 2383 manat məbləğində maddi ziyan dəymişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş 2383 manat maddi ziyan cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə iddia tələbinin 44 manat dövlət rüsumunun tutulması hissəsində əsaslı olduğundan həmin hissədədə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2383 (iki min üç yüz səksən üç) manat dəymiş zərər və 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar