Məhkəmə qərarları › İş №2(008)-1637/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1637/2024

16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1637/2024 16.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı abonent kodunun dəyişdirilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı abonent kodunun dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Lakin müəyyən olunur ki, cavabdeh qurumun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsi 13-dür. İddiaçı isə, Şəmkir rayonu, A.Seyfəli kəndində rəsmi qeydiyyatda olsa da, faktiki olaraq, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Mədən yolu 3 ünvanında yaşayır. İddiaçının istehlakçı hüququ ilə bağlı verdiyi hazırkı iddia məhz həmin ünvanda yerləşən işıq sayğacının abonent kodunun dəyişdirilməsi ilə əlaqədardır. Belə olan halda, verilmiş iddiaya Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılması üçün heç bir əsas mövcud deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-ci maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı abonent kodunun dəyişdirilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar