Məhkəmə qərarları › İş №2(008)-1664/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1664/2023

05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1664/2023 05.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərişıq ASC tərəfindən tərtib edilmiş aktlara əsasən iddiaçının hesabına yazılmış 2700 manat pulun iddiaçıdan tutulmasına son qoyulması və həmin borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı - İddiaçı ünvan 1 ünvanında yaşayır və həmin mənzil ona məxsusdur. Bir müddət əvvəl müəyyən etmişdir ki, X1yə görə iddiaçının hesabına 2700 manat borc məbləği yazılmışdır. Həmin borcun yazılma səbəbini aydınlaşdırmaq üçün "xxxx" ASC-yə müraciət etmiş və onlardan borcun yazılmasına əsas olmuş aktların surətini tələb etmişdir. İddiaçıya bildirilmişdir ki, həmin aktların surəti saxlanılmayıb. Ona yalnız “Abunə haqqında” məlumatlar aks edilmiş sənəd verilmişdir. İddiaçı həmin sənədə nəzər saldıqda müəyyən etmişdir ki, 05,01.2009-cu il, xx.xx.2009-cu il, xx.xx.2009-cu il, xx.xx.2009-cu il, xx.xx.2009-cu il, xx.xx.2013-cü il, xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə aktlar tərtib edilmiş və həmin aktlara əsasən onun hesabına 2514,51 manat borc məbləği yazılmışdır. Lakin hal-hazırda iddiamının hesabında 2700 manat borc məbləği vardır. İddiaçı qeyd edir ki, o, heç vaxt sayğacdan kənar işıq xətti çəkərək X1 etməmişdir. Yəni işlətdiyi elektrik enerjisinin dəyəri onun tərəfindən ödənilmişdir. Belə olan halda "xxxx" ASC-yə heç bir maddi ziyan dəyməmiş, heç bir elektrik enerji itkisinə də yol verilməmişdir. Lakin buna baxmayaraq "xxxx" ASC-nin əməkdaşları iddiaçının hesabına əsassız olaraq 2700 manat itirilmiş elektrik enerjisi dəyəri yazmışlar. Həmçinin iddiaçı qeyd edir ki, aktda qeyd edilən, hallar və bunun nəticəsində elektrik enerjisi itkisi faktı həqiqətən də baş vermiş olsaydı "xxxx" ASC-nin əməkdaşları aktı tərtib edən zaman iddiaçıya məlumat verər, iki hal şahidinin və iddiaçının iştirakı ilə sayğaca baxış keçirib akt tərtib edərdilər. Lakin onlar heç bir məlumat vermədən, hal şahidlərinin iştirakını təmin etmədən, sayğaca baxış keçirib, akt tərtib ediblər. Bundan əlavə aktların qəbul edilməsindən uzun müddət keçmişdir. Əgər həqiqətən də iddiaçının borcu olsaydı bu illər ərzində həmin borc məbləğlərinin iddiaçıdan tutulması üçün cavabdeh tərəfindən müvafiq tədbirlər görülərdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, 1759,54 manat iddiaçının aktlar üzrə borcudur, 975, 95 manat isə sərfiyyat borcudur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli abonentin hərəkət cədvəlindən görünür ki, İddiaçı enerji istifadəsinə görə 2735,79 manat məbləğində borcu mövcuddur. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. «X1 Qaydaları»nın 5-ci bəndinə əsasən yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. Həmin qaydaların 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satılması və istehlakında enerji resurslarından səmərəli istifadə olunmasında, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər normativ sənədlərə əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin "Dövlət Enerjinəzarət" İdarəsi həyata keçirir. Həmin Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun (yəni məişət abonentinin) və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəssinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Həmin Qaydaların 7.17-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüququna malikdirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, abonentin sərfiyyat borcu 975,95 manat təşkil edir. Qalan 1759,54 manat isə cavabdeh tərəfindən akt və əvvəlki illərdən qalan borc kimi əsaslandırılır. Lakin, həmin borcun hansı əsaslara yarandığı məhkəməyə məlum olmadığından və yaranma əsasını göstərən sənədlər məhkəməyə təqdim olunmadığından iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Bu səbəblə də iddia tələbi qismən təmin edilərək, sərfiyyat borcu qalmaqla qalan borc məbləği, (2700- 975,95=1724,05) silinməlidir. Beləliklə, məhkəmə hesab edir ki, sözügedən borcun yaranma əsasları göstərilmədiyindən məhkəmə qanunvericiliyin “istehlakçıların elektrik sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin elektrik paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, aktlar üzrə yazılmış 1724,05 manat borc məbləği silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəlləinin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı əsassız hesablanmış 1724,05 manat borc silinsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar