Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1665/2023 03.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 955 manat, 300 ABŞ dollarının ödəniş gününə Azərbaycan Mərkəzi Bankının manatla məzənnəsi 510 manat pulun və iddia ərizəsi üçün ödənilmiş 120 manat dövlət rüsumunun, hüquqi yardıma görə 50 manat, cəmi 1635 manat tutularaq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi 8 ilə yaxındır ki, tanıyır. xx.xx.2021-ci il tarixdə cavabdeh ona zəng vuraraq, saç qaynağı etmək üçün 1000 manat lazım olduğunu bildirmişdir. O, yenidən zəng vuraraq avtomobillə adam vurduğunu bildirərək, 2500 manat pul lazım olduğunu demişdir. Cavabdeh aldığı borclarını bir hissəsini qaytarmış, lakin qalan 955 manat və 300 ABŞ dollarını bu günə qədər qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı cavabdehi saç ustası olduğuna görə salondan tanıyır və iddiaçı cavabdehə borc pul vermiş, cavabdeh isə borcunu geri qaytarmamışdır. Sübut kimi yalnız səs yazısı mövcuddur. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə borc müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı madəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin əsası kimi Cavabdeh 955 manat və 300 ABŞ dolları borcu olduğunu istinad etsə də, ona pul verməsi halını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi və məhkəmə tərəfindən tədqiq olunan səs yazısından pulun məhz İddiaçı tərəfindən cavabdehə verilməsi təsdiq olunmadı. Həmin səs yazısında səsinin cavabdeh olması ehtimal olunan şəxs İddiaçı onun üçün bankdan pul götürməsini xahiş etmiş, həmçinin digər bir şəxsə pul qaytarmalı olduğu müəyyən olunmuşdur. Aralarında olan danışıqdan məhz iddiaçı tərəfindən cavabdehə pul verilməsi təsdiqini tapmamışdır. Yalnız bir səs yazısında pulu alan şəxs faizə pul aldığını üçüncü bir şəxsə bildirmişdir ki, İddiaçı məhkəmə iclasında səs yazısının tədqiqi zamanı həmin hissənin yalan olduğunu bildirdi və inkar etdi. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehə məhz iddiaçı tərəfindən pul verilməsi öz təsdiqini tapmadığına görə iddia tələbi təmin oluna bilməz. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehə hər hansı pul verilməsini təsdiq edən tutarlı sübut gətirilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəmənin iddianın rədd edilməsi barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə iddianın dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsində göstərilən dəlillər əsasən formal mülahizələrdir və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia tələbi rədd edildiyindən, iddia ərizəsinə görə verilmiş 120 manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 50 manat iddiaçının özünə aid edilməlidir. Belə ki Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh 955 manat, 300 ABŞ dollarının ödəniş gününə Azərbaycan Mərkəzi Bankının manatla məzənnəsi 510 manat pulun və iddia ərizəsi üçün ödənilmiş 120 manat dövlət rüsumunun, hüquqi yardıma görə 50 manat, cəmi 1635 manat tutularaq ona verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-1665/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1665/2023
03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver