Məhkəmə qərarları › İş №2(008)-1685/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1685/2023

10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1685/2023 10.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən hesablanmış 1951 manat məbləğində borcun slinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı təbii qazdan istifadəyə üzrə **********00000 saylı abonent istifadəçisidir və təbii qazdan istifadəyə görə ödənişləri vaxtlı-vaxtında edir. 01 oktyabr 2018-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları iddiaçı və ailə üzvlərinin evdə olmadığı bir vaxtda yaşadığı ünvandan 1002AQ**********4 nömrəli sayğacının dövlət yoxlamasından keçirilməsi üçün çıxarmış və onlara xəbər vermədən əvəzində yeni sayğac quraşdırmışlar. Cavabdeh İB-nin iddiaçıya göndərdiyi rəyə əsasən 1002AQ**********4 saylı zavod nömrəli sayğacın dövlət yoxlaması nəticəsində yararsız hesab edilməsi (sayğacın çıxış hissəsində içəri paneldə dəlik aşkar edilmişdir) göstərilmişdir. Cavabdeh İB-nə gedərək sənədləri alarkən iddiaçıya təqdim edilmiş sənədlərdə guya onun abonent kimi qeydiyyatda olduğu mənzilin fotoşəkilləri verilmişdir. Halbuki həmin şəkillərdə qeyd edilən fərdi yaşayış evinin iddiaçıya və onun qaz xəttinə heç bir aidiyyəti yoxdur. Sayğac yararsız hesab edilə bilər, lakin onda olan zədələrin iddiaçının tərəfindən yetirilməsi mümkün deyil. Bəlkə, elə Cavabdeh İB-nin əməkdaşları sayğacı çıxaran zaman, ya da ki, sonradan həmin qüsurlar meydana gəlmişdir. Çünki, həmin qüsurlar əvvəldən mövcud olsa idi, mütəmadi sayğaclara baxış keçirən idarə əməkdaşları bunu aşkar edər və bununla bağlı akt tərtib edərdilər, ya da ki, sayğacı çıxararkən bu barədə tərtib etdikləri aktda həmin qüsurlar göstərilərdi. Həm də sayğacdan kənar istifadəyə görə iddiaçının evində olmayan qaz avadanlıqlarından “istifadə etməklə” cərimə hesablanmışdır. Bundan başqa, təqdim edilmiş abonent saldosunda iddiaçının əsassız borcunun 972 və 799.20 və 180 manat olması göstərilmişdir. Həmin borcun hansı əsasla yaranması barədə idarəyə müraciət edib aydınlaşdırmaq istədikdə, idarə əməkdaşları borcun hansı əsasla yaranması səbəblərini izah etmədilər. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən istehlakçı İddiaçı məxsus evə baxış keçirilərkən abonentə məxsus sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edilmişdir. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən istehlakçı İddiaçı məxsus evə baxış keçirilərkən abonentə məxsus sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. - 28.02.2023-cü il tarixli abonent kodu **********00000 olan İddiaçı məxsus saldodan görünür ki, abonentin təbii qazdan istifadəyə görə 1876,09 manat məbləğində borcu var. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçıya məxsus qaz sayğacının plombunda dəlik aşkar olunması əsası ilə tərtib edilmiş birinci akta əsasən 9720 m.3 qaza görə 972 manat, sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi əsası ilə tərtib olunmuş ikinci akta əsasən 7992 m.3 qaza görə 799 manat ziyan vurulmuşdur. Həmçinin 180 manat borc əvvəlki illərdə təbii qazdan istifadə üzrə yaranmış borcdur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə hesablanmış borcun silinməsi hissəsində əsalıdır. Buna görə də, Cavabdeh İB tərəfindən hesablanmış 972 manat borc silinməlidir. Məhkəmə xx.xx.2019-cu il tarixli, ******* saylı akt üzrə hesablanmış 799 manat borcun silinməsi ilə bağlı qeyd edir ki, bu hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddianın bu hissədə qanuni əsasını Mülki Məcəllənin 1096-cı maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İddia ərizəsində qeyd olunan 180 manat borc isə abonentin gasrep adlı sənədində əvvəlki illərdən qalmış sərfiyyat borcu kimi qeydə alınıb ki, onun silinməsi üçün əsaslar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. “Qaz təchizatı haqqında” Qanunun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir Qazın alqı-satqısı barədə tərəflər arasında bağlanan müqavilənin 2.3.1-ci bəndinə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən ona təqdim olunmuş hesab üzrə qazın dəyərini tam ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X1 tərəfindən İddiaçı əsassız hesablanmış (abonent kodu **********00000 saylı) 972 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar