Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-169/2023 25.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili və nümayəndəsi X2, Cavabdeh2 və onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilin alqı-satqısına dair müqavilələrin ləğv edilməsi barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, 48 №-li evin 14 №-li mənzilin satılması barədə bağlanmış və Bakı şəhəri, 26 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə reyestr 4Ə-35 nömrə ilə qeydə alınmış AN İ ******* №-li və Cavabdeh1 ilə Cavabdeh2 arasında həmin mənzilə dair 26 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə reyestr 4Ə-48 nömrə ilə qeydə alınmış AN İ ******* №-li alqı-satqı müqavilələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, 48 №-li evin 14 №-li mənzil (sonradan – mübahisəli mənzil) iddiaçının mülkiyyətində olmuşdur. İddiaçının qaynı X5 tərəfindən bankdan kredit götürülmüş və mübahisəli mənzil həmin kreditin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Kredit almış qaynı 2014-cü ildə öldüyündən, iddiaçı tərəfindən banka qarşı ipoteka müqaviləsinin ləğv edilməsi barədə məhkəmədə iddia qaldırılmış, iddia təmin edilmiş, mənzil yüklülükdən azad edilmiş və hissə-hissə ödənilmək şərti ilə Cavabdeh1 (sonradan – birinci cavabdeh) satılmışdır. Birinci cavabdeh tərəfindən məbləğ tam ödənilmədiyindən mübahisəli mənzil birinci cavabdeh tərəfindən Cavabdeh2 (sonradan – ikinci cavabdeh) satılmış, 165 000 manat beş ay müddətində tam ödənilmiş, iddiaçı və birinci cavabdeh hər birinə çatası pulu götürmüşdülər. Lakin axırıncı alqı-satqıdan bir ay sonra iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinə çağırılmışdır, çünki bank yuxarıda adıçəkilən qətnamədə kassasiya şikayəti vermişdir. İddiaçı mübahisəli mənzili yüklülükdən azad ediləndən sonra satmışdır, lakin ikinci cavabdeh idiaçıdan hüquq mühafizə orqnalarına şikayətlər etmişdir. Şərait əhəmiyyətli dərəcədə dəyişdiyindən, eyni zamanda tərəfindən ipoteka ilə yüklü edilmiş mənzil satıldığından gələcəkdə məsuliyyətə cəlb edilmə ehtimalı olduğundan müqavilələrin ləğvini tələb etməkdən başqa yolu qalmır. Odur ki, mübahisəli mənzilə dair birinci cavabdehlə 26 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə reyestr 4Ə-35 nömrə ilə qeydə alınmış AN İ ******* №-li və ikinci cavabdehlə 28 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə reyestr 4Ə-48 nömrə ilə qeydə alınmış AN İ ******* №-li alqı-satqı müqavilələrin ləğv edilməsini istəyir. İkinci cavabdeh və onun nümayəndəsi iddia ərizəsinə etiraz vermişlər. Etirazda qeyd etmişdilər ki, mənzilə dair bütün ödənişlər həyata keçirilmiş, mənzilə dair Çıxarış alınmış və Xətai məhkəməsində iddiçıya və ailə üzvlərinə qarşı mənzilin boşaldılması barədə iddia qaldırılmış, iddia təmin edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və hazırda apellyasiya instansiyası məhkəməsində icraatı dayandırmaq niyyətilə süni olaraq hazırki iddia ilə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin ikinci cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə ikinci cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, hazırki iddianı bank qarşısında olan öhdəlikləri icra etmək məqsədilə qaldırılmışlar, müqavilələr ləğv edlərsə ödənilmiş məbləği qaytarmalı olduqlarını bilirlər. Məhkəmə iclasında ikinci cavabdeh və onun nümayəndəsi Vəkil etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Hazırkı işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətində olmuşdur (daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli RX seriyalı ******* №-li Çıxarış). X5 (iddiaçının qaynı) xx.xx.2010-cu il tarixdə "xxxx" ASC-dən 200 000 manat məbləğində kredit götürmüş, kreditin təminatı kimi hazırki iş üzrə iddiaçı eyni tarixli ipoteka müqaviləsinə əsasən mübahisəli mənzilə dair bankla ipoteka müqaviləsi bağlamışdır. Məmmədov Sarif xx.xx.2014-cü il tarixdə ölmüşdür. İddiaçı Xətai məhkəməsində ipoteka müqaviləsinin ləğvinə dair iddia qaldırmış, məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Xətai rəyon Məhkəməsini qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə apellyasiya isntsansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, sonuncunun xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi barədə Xətai rayon Məhkəməsin xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (Bakı Apellyasiya Məhkəməsin xx.xx.2018-ci il tarixli qətnaməsi). İddiaçı xx.xx.2018-ci il tarixdə, yəni ipoteka müqaviləsi Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv ediləndən sonra və Ali Məhkəmə işə baxanadək, mübahisəli mənzili birinci cavabdehə satmış, alqı-satqı zamanı mənzilin üzərində məhdudiyyətin və yüklülüyün olmaması barədə dövlət reyestrindən arayış təqdim edilmişdir (26 saylı notariat kontorunda reyestr 4Ə-35 nömrə ilə qeydə alınmış AN İ ******* №-li alqı-satqı müqaviləsinə dair qovluq). Birinci cavabdeh isə həmin mənzili xx.xx.2018-ci il tarixdə ikinci cavabdehə 165 000 manata satmışdır, bu zaman birinci cavabdehi alqı-satqıda iddiaçının əri X4 etibarnamə ilə təmsil etmiş, alqı-satqı zamanı mənzilin üzərində məhdudiyyətin və yüklülüyün olmaması barədə dövlət reyestrindən arayış təqdim edilmişdir (26 saylı notariat kontorunda reyestr 4Ə-48 nömrə ilə qeydə alınmış AN İ ******* №-li alqı-satqı müqaviləsinə dair qovluq). İkinci cavabdeh tərəfindən 165 000 manat məbləğ tam ödənilmiş, bu işin mübahisəsiz halıdır. İkinci cavabdeh evə olan mülkiyyət hüququnu rəsmiləşdirmiş, daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-cu il tarixdə ********** nömrə ilə Çıxarış almış, Xətai məhkəməsində iddiçıya və ailə üzvlərinə qarşı iddia qaldırmış, məhkəmə tərəfindən İddiaçı və ailə üzvlərinin mübahisəli mənzilə dair istifadə hüquqlarına xitam verilməsi, onların mənzildən çıxarılması və mənzilin ikinci cavabdehə təhvil verilməsi qət edilmişdir (Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi). Hazırda iddiaçı özü ilə birinci cavabdeh arasında olan, birinci cavabdehlə ikinci cavabdehin arasında olan alqı-satqı müqavilələrinin ləğv edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin rədd olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 394-cü maddəsinə əsasən Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 422.1- ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2- ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər. 422.2.1- ci maddəsinə əsasən müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər. 422.2.2- ci maddəsinə əsasən şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz. 422.2.3-cü maddəsinə əsasən müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı. 422.2.4-cü maddəsinə əsasən işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. 422.3-cü maddəsinə əsasən əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, hər iki müqavilə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır. Məhkəmə hesab edir ki, bank tərəfindən kassasiya şikayətinin verilməsi, ipoteka müqaviləsinin ləğvi barədə iddiaçının iddiasının nəticə etibarı ilə rədd edilməsi şəraitin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçının nümayəndəsinin izahatından da göründüyü kimi, iddiaçı ikinci cavabdehə ödədiyi 165 000 manat qaytarmalı olduğunu bilir. Belə olan halda məhkəmə hesab edir ki, məhz həmin məbləğlə bank qarşısında olan öhədliklərini icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Odur ki,məhkəmə hesab edir ki, idda rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, 48 №-li evin 14 №-li mənzilin satılması barədə bağlanmış və Bakı şəhəri, 26 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə reyestr 4Ə-35 nömrə ilə qeydə alınmış AN İ ******* №-li və Cavabdeh1 ilə Cavabdeh2 arasında həmin mənzilə dair 26 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə reyestr 4Ə-48 nömrə ilə qeydə alınmış AN İ ******* №-li alqı-satqı müqavilələrin ləğv edilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-169/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-169/2023
25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver