Məhkəmə qərarları › İş №2(008)-1719/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1719/2022

31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1719/2022 31.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh və Zamin qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********63097 olan Xiaomi Mi A2 markalı telefon və Power Bank üçün 218.6 manat ödənilməmiş hissə, 71.4 manat dəbbə pulu Cavabdeh və Zamin müştərək qaydada, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Hoffman markalı televizor üçün 492 manat ödənilməmiş hissə, 148.8 manat dəbbə pulu olmaqla, ümumilikdə 930.8 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun Cavabdeh və Zamin müştərək qaydada alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələlərə əsasən, cavabdeh İMEİ kodu **********63097 olan Xiaomi Mi A2 markalı telefon və Power Bank, Hoffman markalı televizor almış, nəticədə onun 930.8 manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 612 manat (18 ay x 34 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********63097 olan Xiaomi Mi A2 markalı telefon və Power Bank üçün ümumilikdə 290 olmaqla, ondan 218.6 manat ödənilməmiş hissə, 71.4 manat dəbbə plu hesablanmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 558 manat ( 18 ay x 31 manat + 0 manat ilkin ödəniş) Hoffman markalı televizor üçün ümumilikdə 640.8 manat olmaqla 492 manat ödənilməmiş hissə, 148.8 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 459.4 manat təşkil edir. Həmçinin xx.xx.2019-cu il tarixli müqaviənin təminatı olaraq xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlamış, Zaminn "xxxx" MMC qarşısında alıcı Cavabdeh ilə birgə məsuliyyət daşıyır və borcludur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % -i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”-nin ödədiy məbləğin 50 %-nə qədər hissəsi peniya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh və Zamin rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********63097 olan Xiaomi Mi A2 markalı telefon və Power Bank almış, onun dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. - xx.xx.2019-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən Hoffman markalı televizor almış, onun dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. - xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, müqavilə üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə borclunun müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin X1 qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. -"xxxx" MMC tərəfindən verilmiş 11 dekabr 2021-ci il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 612 manat olan İMEİ kodu **********63097 olan Xiaomi Mi A2 markalı telefon və Power Bank üçün cəmi ödədiyi məbləğ 393.4 manat, ödənilməmiş əsas borcu 218.6 manat, dəbbə borcu 71.4 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 558 manat olan Hoffman markalı televizor üçün cəmi ödədiyi məbləğ 66 manat, ödənilməmiş məbləğ 492 manat, 148.8 manat dəbbə borcu olmaqla, ümumi ödənilməmiş borcu 930.8 manat təşkil edir; -xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, İMEİ kodu **********63097 olan Xiaomi Mi A2 markalı telefon və Power Bank-nin aylıq ödəniş məbləği 34 manat təşkil edir. - xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Hoffman markalı televizor üçün aylıq ödəniş məbləği 31 manat təşkil edir. -"xxxx" MMC-dən tərəfindən Cavabdeh və X4 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, cavabdeh müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesablanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, Cavabdeh xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, digər cavabdeh Zamin ilə xx.xx.2019-cı il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinin əsasən Zamin alıcı Cavabdeh nisyə alqı–satqı müqaviləsinə əsasən götürdüyü öhdəliklərin icrası üçün onunla birgə və eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin şərtləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, xx.xx.2019-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilməklə verilmişdir və buna görə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. ABC Telekom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cı il tarixli nisyə alqı-satqı müqaviləsində tərəflər razılaşmışlar ki, alıcı borcu nisyə alqı-satqı müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir, birinci ödəniş xx.xx.2019-cı il tarixdə, sonuncu ödəniş xx.xx.2020-cu il tarixdə həyata keçirilməlidir. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi onlar nisyə alqısatqı müqaviləsi üzrə borcu ən geci xx.xx.2020-cu il tarixdə qaytarılmasını razılaşdırmışlar. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2020-cı il tarixli nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün alıcı Cavabdeh və Zamin birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı xx.xx.2021-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də satıcının zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borcun Zamin tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlərlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi Zamin aid hissədə rədd edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 218,6 (iki yüz on səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 492 (dörd yüz doxsan iki) manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə pulu olmaqla, cəmi 770,6 (yeddi yüz yetmiş manat altmış qəpik) manat borcun və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 20 manat məbləğində, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 40 manat məbləğində dəbbə tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 218,6 (iki yüz on səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 492 (dörd yüz doxsan iki) manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə pulu olmaqla, cəmi 770,6 (yeddi yüz yetmiş manat altmış qəpik) manat borcun və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar