Məhkəmə qərarları › İş №2(008)-1724/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1724/2021

28.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1724/2021 28.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahdan doğulmuş 10.10.2003-cü il təvəllüdlü X1 və 23.06.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə tərəfindən təyin olunmuş cəmi 186 manat alimentin miqdarının artırılması və hər uşaq üçün 200 manat olmaqla 400 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 26.10.2002-ci ildə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində qeydə alınmış nikah Sabunçu Rayon Məhkəməsinin 15.02.2010-cu il tarixli, 2 (008)-167/2010 №-li qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə cavabdehlə birgə nikahdan doğulmuş 10.10.2003-cü il təvəllüdlü X1 və 23.06.2006-cı il təvəllüdlü X2 onun yanında qalması qət edilmişdir. Cavabdehlə nikahdan doğulmuş uşaqlarının saxlanılması üçün tərəfindən Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuş və həmin məhkəmənin 08.02.2013-cü il tarixli 2 (008)-999/2013 №-li qətnaməsi ilə iddiası qismən təmin olunaraq 08.01.2013-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 93 manat olmaqla cəmi 186 manat alimentin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Məhkəmənin təyin etdiyi aliment uşaqların saxlanılmasına azlıq edir. Uşaqların normal dolanışığını, onların geyim və digər tələbatlarını təmin etmək üçün alimentin artırılması mütləqdir. Nəzərə alınsa ki, 2013-cü ildən sonrakı illərdə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu dəfələrlə artırılıb və 2020-ci il üçün 170 manat təşkil edir, o halda hər uşaq üçün alimentin miqdarı da heç olmasa 200 manata çatdırılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 iddia tələbini qismən qəbul etdi və hər uşağa görə ondan 175 manat aliment tutulmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı və Cavabdeh birgə nikahdan 10.10.2003-cü il tarixdə Fatimə və 23.06.2006cı il tarixdə Rəhimə adlı uşaqları doğulmuşdur (Bakı şəhəri Sabunçu rayon VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 447159 №-li və AZ-İ seriyalı 847386 №-li doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surəti). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15.02.2010-cu il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahdan 10.10.2003-cü il tarixdə anadan olmuş X5 və 23.06.2006-cı il tarixdə anadan olmuş X2 İddiaçı himayəsində saxlanılması qət edilmişdir. İddiaçı və Cavabdeh nikahları pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 13.05.2010-cu ildə 106 № ilə qeyd edilmişdir (Sabunçu Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 148036 №-li nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08.02.2013-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh 08.01.2013-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 93 manat olmaqla cəmi 186 manat alimentin alınaraq X1 və 23.06.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı alimentin miqdarını hər uşaq üçün 200 manat olmaqla 400 manata artırılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən təmin olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, tərəflərin 2 övladlarının olması, yetkinlik yaşına çatmamış uşaqların iddiaçının yanında qalması, həmçinin uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 175 manat olduğu halda, bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, 10.10.2003-cü il təvəllüdlü X1 və 23.06.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı hər uşağa görə 200 manat aliment tələb etməsinə baxmayaraq, alimentin məhz həmin məbləğdə tutulması üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Buna görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda hazırki iddianın qiyməti 1968 manat təşkil edir ( 164 man x 12 ay = 1968 man). Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.12.-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun məbləği 30 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 10.10.2003-cü il təvəllüdlü X1 və 23.06.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artıraraq qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay hər uşaq üçün175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 10.10.2003-cü il təvəllüdlü X1 və 23.06.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artıraraq qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay hər uşaq üçün175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar