Məhkəmə qərarları › İş №2(008)-1738/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1738/2023

07.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1738/2023 07.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-912/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X1 üçün cavabdehdən tutulan 140 manat alimentin artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ilə təyin edilmiş 140 manat məbləğində aliment hazırda uşağın yaşının artması səbəbindən, eləcə də mövcud olan bazar qiymətləri şəraitində uşağın saxlanılmasına kifayət etmir. İddiaçı məhkəmə baxışı zamanı iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh isə iddianı etiraf etmədi və izahatında bildirdi ki, iddiaçı ilə ayrıldıqdan sonra X4 adlı başqa qadınla ailə qurmuş və yeni ailənin saxlanması ilə bağlı əlavə xərcləri ortaya çıxmışdır, eyni zamanda, hazırda işlədiyi yerdən ayda 308 manat əmək haqqı alır və başqa gəliri yoxdur. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Müəyyən edildi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh Damla adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 90 manat alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(051)-912/2018 nömrəli qətnaməsinə əsasən, Cavabdeh tutulan alimentin miqdarı artırılaraq 140 manat müəyyən edilmişdir. İşdə olan, "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, X5 xx.xx.2015-ci ildə anadan olmuş, onun valideynləri Cavabdeh və İddiaçıdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(051)-912/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh Damla adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay tutulub İddiaçı verilməsi qət edilmiş 90 manat alimentin miqdarı artırılaraq 140 manat müəyyən edilmişdir. İşdə olan "Nikah haqqında şəhadətnamə"nin surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu ildə X4 adlı şəxslə nikah bağlamışdır. X6 və Humanitar Kollecinin xx.xx.2023-cü il tarixli 28 nömrəli arayışından görünür ki, Cavabdeh həmin kollecdə fəhlə işləyir və tutulmalardan sonra kart hesabına köçən əmək haqqı məbləği 366,22 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bundan başqa, "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır ("Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, sadalanan normalarının mənasına görə, alimentin artırılması institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin artırılması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehin başqa qadınla ailə qurması, xərclərinin artması və nisbətən az əmək haqqı alması onu öz uşağının minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Ona görə də iddia təmin edilməli və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün cavabdehdən tutulan 140 manat aliment artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci ildə 6 saylı Mediasiya Agentliyinin hesabına 50 manat mediasiya xərci ödənilmiş, dövlət rüsumu isə ödənilməmişdir. Bundan başqa, iddiada artırılması tələb edilən alimentin bir illik miqdarı 960 manat (220 manat – 140 manat = 80 manat x 12 ay = 960 manat) təşkil edir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə görə, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia təmin edildiyi üçün məhkəmə xərcləri cavabdehə aid edilməli, ondan 50 manat mediasiya xərci alınaraq iddiaçıya, 30 manat dövlət rüsumu isə alınaraq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-912/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan 140 manat alimentin miqdarı artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilsin. Cavabdeh 50 manat mediasiya xərci alınaraq İddiaçı, 30 manat dövlət rüsumu isə alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən apellyasiya şikayəti, şikayətin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməklə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar