Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1751/2023 18.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı QSC BOKT-nin nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı QSC BOKT-nin Cavabdeh qarşı “əsas və faiz borcun qaytarılması” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT-nin Cavabdeh qarşı “əsas və faiz borcun qaytarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borcu üzrə 2395.01 (iki min üç yüz doxsan beş manat, 01 qəpik) manat, faiz borcu üzrə 294.47 (iki yüz doxsan dörd manat, 47 qəpik) manat olmaqla, cəmi 2689.48 (iki min altı yüz səksən doqquz manat, 48 qəpik) manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 46.89 (qırx altı manat, 89 qəpik) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC -nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X5 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-İB-60 saylı, 09 aprel 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC -yə verilmişdir. "xxxx" ASC-nin İslam Bankçılıq Departamenti ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə, 199/14 saylı “Vakala” Borc Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20 % tətbiq edilməklə, 24 ay müddətinə 3110 (üç min bir yüz on) manat məbləğində pul vəsaiti verilmişdir. Borc Müqaviləsinin 2.2-ci bəndinə əsasən borc alan “Kirby” firmasının istehsalı olan “Sentria” modelli ********** seriya № li avadanlığın (avtomatik yuyucu) alınması məqsədilə Bank 3110 (üç min bir yüz on) manat məbləğində pul vəsaitinin verilməsini öhdəsinə götürmüşdür. (2.4.bənd) “Borcalan” bu Müqaviləyə əsasən borcu qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirləri üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən borc vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına borc vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (4.3 bəndi) “Borcalan”a verilən borc vəsaitindən istifadə müddəti 24 (iyirmi dörd) aydır. Qeyd olunan Borc müqaviləsinin 5.1-ci bəndinə əsasən borc üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün avadanlıqdan istifadə edilmiş günlərinin faktiki sayma görə hər gün illik 20 %-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh banka hazırda olan əsas borcu üzrə 2395.01 (iki min üç yüz doxsan beş manat, 01 qəpik) manat, faiz borcu üzrə 294.47 (iki yüz doxsan dörd manat, 47 qəpik) manat olmaqla, cəmi 2689.48 (iki min altı yüz səksən doqquz manat, 48 qəpik) manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan borc müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, İddiaçı QSC onun adından çıxış edən törəmə müəssisəsi olan “X5 Edilməsi Agentliyi” MMC tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Sabunçu rayon Məhkəməsinə müraciət etmiş, Sabunçu rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(008)-6157/2019 saylı mülki iş üzrə borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşdüyündən Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)-6157/2019 saylı qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. Bundan başqa İddiaçı QSC onun adından çıxış edən törəmə müəssisəsi olan “X5 Edilməsi Agentliyi” MMC xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)-6157/2019 saylı qərardadın ləğv edilməsi və mülki iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-6157/2019 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Bundan başqa bildirmək istəyirik ki, borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür. Qeyd olunan Fərmanın 6-cı bəndində banklara tövsiyyə edilir ki: 6.1 Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2 Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar 1 ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3 Borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qaldıqda, bu yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduğumuz maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Bundan başqa borclu Cavabdeh restruktuzasiya müqaviləsi bağlanılması üçün 02 sentyabr 2020-ci il tarixdə təklif məktubu ünvanlanaraq məlumat verilmiş, lakin borclu tərəfindən restruktuzasiya müqaviləsi bağlanması üçün Cəmiyyətə rəsmi heç bir münasibət bildirilməmişdir. Odur ki, hesab edirik ki, İddiaçı QSC tərəfindən cavabdehə qarşı iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Qanunun qeyd edilən maddəsinə əsasən hesab edirik ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 46.89 (qırx altı manat, 89 qəpik) manat dövlət rüsumu cavabdehə həvalə edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC BOKT-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X3 iddia tələbini qəbul etmədiyini, iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir və buna dair ərizəsini məhkəməyə təqdim etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ona qarşı “Əsas və faiz borclarının qaytarılmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan əsas borc üzrə 2395.01 manat, faiz borcu üzrə 294.47 manat olmaqla, ümumilikdə 2689.48 manat məbləğində pul vəsaitinin və ödənilmiş 46.89 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. “X7” MMC ilə 12 aprel 2014-cü il tarixində alqı-satqı müqaviləsi bağlayaraq şirkətdən bir ədəd “Kirby” markalı, “Sentria” modelli ********** seriya nömrəli yuyucu maşınını lizinq əsasında satın almışdır. Sözügedən əşyanı alarkən "xxxx" ASC İslam Bankçılığı Departamenti ilə onun arasında 199/14 saylı, 25 aprel 2014-cü il tarixli “Vakala” borc müqaviləsi bağlanmışdı. Həmin borc müqaviləsinə əsasən əşyaya görə ona verilmiş borcu 24 ay ərzində hər ay 156 manat olmaqla aylıq ödəniş etməli idi. Ancaq qısa müddət sonra “X7” MMC-dən almış olduğu əşya deffekli çıxdığına görə həmin əşyanı geri qaytarmaq məcburiyyətində qalmışdır. Əşyanı geri qaytararkən “X7” MMC ilə aralarında 27 may 2014-cü il tarixli “Müqavilənin ləğv edilməsi haqqında razılaşma” imzalamış və həmin tarixdə əmlakın təhvil-təslim aktı tərtib etmişlər. Bütün bu sənədləşmə əsasında əşyanı ondan geri almışlar. Əşyanı geri aldıqdan sonra ona dedilər ki, narahat olmasın, əşyaya görə "xxxx" ASC İslam Bankçılığı Departamenti tərəfindən onlara edilmiş ödənişi banka geri qaytarılacaqdır. Bu prosess Bank ilə onların arasında aparılan prosedurdur və o da bir vətəndaş olaraq ona deyilənə etimad göstərmişdir. Aradan keçən illər sonra “X5 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvanına məktub göndərilmişdir. Həmin məktuba cavab olaraq yuxarıda göstərdiklərini ətraflı şəkildə nəzərlərinə çatdıraraq kredit ödənişinin “X7” MMC-dən geri almalarını, o cümlədən, özünü Bank qarşısında borclu hesab etmədiyini, özünü borclu hesab etmədiyi üçün də hər hansı bir güzəşt, kompensasiya kimi təklifləri də qəbul etməməyi barədə bir neçə məktub ünvanlamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən və iş materialında yer alan onunla "xxxx" ASC İslam Bankçılığı Departamenti ilə bağlanmış 199/14 saylı, 25 aprel 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, ona kredit 24 ay müddətinə verilmişdir. Kreditin müddəti 25 aprel 2016-cı il tarixində bitmişdir. İddiaçı tərəf Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2.-ci maddəsinə əsasən iddia müddətini buraxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2,-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. İddiçı tərəfindən məhkəməyə verilən iddia ərizəsində özü tərəfindən göstərilir ki, "xxxx" QSC onun adından çıxış edən törəmə müəssisəsi olan “X5 Edilməsi Agentlliyi “ MMC təfəindən xx.xx.2019-cu il tarixində Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Gördüyünüz kimi, iddiaçı tərəf 3 il iddia müddətini buraxdıqdan sonra , yəni 25 aprel 2019-cu il tarixini buraxdıqdan sonra məhkəməyə müraciət etmişdir. İddiaçının həmin tarixdə məhkəməyə müraciət etməsindən xəbəri olmamış, məhkəməyə dəvət edilməmişdir. Hər bir halda həmin vaxt məhkəmədə iştirak etsəydi indiki ərizəni həmin məhkəmə iclasında təqdim edərdi. Məhkəmənin xx.xx.2019-ci il tarixli, 2(008)- 6157/2019 saylı qərardadı ilə mülki işin baxılmamış sayılması iddia müddətinin dayandırılması üçün əsas təşkil etməməkdədir. Hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı vətəndaşların banklarda olan xarici valyuta ilə olan kreditlərinə tətbiq edilən edilən fərmandır. Onun krediti isə aralarında bağlanmış kredit müqaviləsinin 2.2-ci bəndində göstərildiyi kimi manatla olan kredit növüdür.Eyni zamanda bu Fərmandan yararlanmaq könüllülük prinsipi əsasında həyata keçirilməkdədir. Krediti olan vətəndaşın kredit müəssisəinə etdiyi ərizə əsasında həyata keçirilməkdədir. O isə iddia tərəfinə göndərdiyi cavablarda özünü kredit borclusu hesab etməyərək hər hansı bir ərizə təqdim etməmişdir. Xahiş edir ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən ona qarşı qaldırılmış “Əsas və faiz borcunun qaytarılmasına dair” iddia tələbinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini tətbiq edərək rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan iddiaçı Azərbaycan Beynəlxalq Bankı İslam Bankçılığı Departamenti ilə Cavabdeh arasında “Vakala” Borc müqaviləsinə əsasən Cavabdeh 24 (iyirmi dörd) ay müddətinə, illik 20 (iyirmi) % olmaqla 3110 manat məbləğində kredit verilmişdir. - Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, aylıq ödəniş 158.29 olması manat müəyyən edilmişdir. - xx.xx.2022-ci il tarixli, 3-11/3605 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən, əsas məbləğ üzrə borcu 2707.12 manat əsas borc, faiz üzrə borcu 294.47 borcunun olması müəyyən edilir. - xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. - xx.xx.2014-cü il tarixli müqavilənin ləğv edilməsi haqqında razılaşmadan görünür ki, alıcının müraciəti əsasında və müqavilə şərtlərinə uyğun olaraq müqavilə ləğv edilmiş, alıcının ödədiyi ödənişlər müqavilə şərtlərinə uyğun olaraq geri qaytarılmamış, satılmış əmlak onun tərkib hissələri ilə birlikdə işlək vəziyyəti yoxlanılaraq satıcıya qaytarılmış, əmlakın təhvil alınması barədə akt tərtib olunmuşdur. - 27 may 2014-cü il tarixli əmlakın təhvil-təslim aktının surətindən görünür ki, satıcı alıcıdan bir ədəd “KİRBY” firmasının istehsalı olan, “Sentria” modelli yuyucu aparatını, standart taxmaları, zəmanət talonu və istismar təlimatı və aksessuarları birlikdə təhvil almışdır. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı 46.89 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz borcun qaytarılmasıvə ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırması zamanı məlum məlum olmuşdur ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixində 24 ay müddətinə kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə tərəflər arasında nəzərdə tutulmuş öhdəlikləri tam olaraq yerinə yetirmiş, lakin müqavilənin digər tərəfi olan Cavabdeh müqavilənin icra müddəti bitməmiş 27 may 2014-cü il tarixdə müqavilə tərəflərin razılığı ilə ləğv edilmiş, məhsul geri qaytarılmışdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, bank tərəfindən öhdəliyin icra müddəti xx.xx.2016-cı il tarixə kimi müəyyən edilmişdir. İddiaçı QSC BOKT xx.xx.2014-cü il tarixli müqavilə tələbləri üzrə məhkəməyə öhdəliyin icrası müddətindən 3 ildən artıq müddət keçdikdən sonra iddia ərizəsi ilə müraciət etmişdir, müqavilənin özündə də, iddia müddəti ilə əlaqədar başqa hal nəzərdə tutulmamış, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı QSC BOKT tərəfindən iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Hazırki iddia tələbi üzrə tərəflər arasında müqavilə münasibətləri mövcuddur. Mülki Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İşin faktiki hallarından da görünür ki, iddia müddətinin axımı müqavilənin müddətinin bitdiyi tarixdən xx.xx.2016-cı il tarixdən başlamış, lakin iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan sonra iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı QSC BOKT-nin Cavabdeh qarşı əsas və faiz borcun qaytarılması tələbinə dair iddiası üzrə iddia müddəti keçdiyindən iddia tələbi rədd edilməlidir Beləliklə, göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı “İddiaçı QSC BOKT-ninCavabdeh qarşı “əsas və faiz borcun qaytarılması ” iddia müddətinin keçməsi əsası ilə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunmadığı üçün məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı QSC BOKT-nin Cavabdeh qarşı “əsas və faiz borcun qaytarılması” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1751/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1751/2023
18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver